Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-678/2021 28.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli 8(006)- 429/2021 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Borclu şikayət ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Murad Xudaverdiyevin icra üzrə icraatın dayandırılmaması barədə hərəkətsizliyinin qanunsuz hesab edilməsi, icraatın dayandırılması barədə onun ərizəsinə qanunla nəzərdə tutulmuş müddətdə rəsmi qaydada cavab verilməsi və 13 noyabr 2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə Nəsimi Rayon Məhkəməsinə verilmiş iddia ərizəsinə baxılıb yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, icra məmuru Murad Xudaverdiyevin icraatında olan Nəsimi Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması öhdəliyinin Nəsimi Rayon İcra Şöbəsinin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli icra sənədi üzrə ondan 160000 ABŞ dolları məbləğində pul alınaraq Tələbkar verilməlidir. İcra sənədi Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Murad Xudaverdiyevin icraatındadır. O, Tələbkarla aralarında 160000 ABŞ dolları məbləğində borcun verilməsinə dair 13 noyabr 2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, ərizə icraata götürülmüşdür. Bundan sonra o, ərizə ilə icra məmuru Murad Xudaverdiyevə müraciət edərək icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmiş, lakin icra məmuru onun ərizəsinə heç bir reaksiya verməmiş, icraatı dayandırmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli 8(006)- 429/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli icra sənədi üzrə Nəsimi Rayon İcra Şöbəsinin icraatında olan icra işinin icraatı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Borclu cavabdeh Tələbkar qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 2(006)-5978/2021 saylı mülki işə baxılanadək dayandırılmışdır. Həmin qərardaddan Tələbkar şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 8(006)- 429/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli 2(006)- 1062/2021 saylı qətnaməsinə əsasən iddiaçı Tələbkar cavabdeh Borclu qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 13 noyabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə 160000 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi ilə manatla tutulması qət edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməyərək qətnamə qüvvəsində saxlanılmış və icraya yönəldilmişdir. Borclu Tələbkarla aralarında bağlanmış 13 noyabr 2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, ərizə icraata götürülmüşdür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinə əsasən, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi dayandırılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.” Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr iddiaçı Tələbkar cavabdeh Borclu qarşı pul tələbinə dair iddiasını qismən təmin edərkən tərəflər arasında bağlanmış 13 noyabr 2017-ci il tarixli kredit müqaviləsinin etibarlılığını da müəyyən etmişlər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Borclu məhkəmədə 13 noyabr 2017-ci il tarixli kredit müqaviləsini mübahisələndirməsini əsas götürərək icra sənədi üzrə icraatı dayandırmaqla birinci instansiya məhkəməsi məsələyə formal yanaşmışdır. Bundan əlavə, kollegiya qeyd edir ki, məhkəmənin “İcra haqqında” Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş əsasla icra üzrə icraatı dayandırmaq səlahiyyəti yoxdur. Konkret halda, Borclu ərizəsinin təmin olunmasını məqsədəmüvafiq hesab etdiyi halda, məhkəmə icra məmurunun üzərinə icra sənədi üzrə icraatı dayandırmaq öhdəliyi qoya və ya icra məmurunun hərəkətsizliyini qanunsuz hesab edə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Tələbkar şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli 8(006)- 429/2021 saylı qərardadı ləğv edilsin. İcra üzrə icraatın dayandırılması haqqında Borclu ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-678/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-678/2021
28.12.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver