Məhkəmə qərarları › İş №8(103)-68/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-68/2022

15.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-68/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 8(006)- 383/2021 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 31.10.2019-cu il tarixli, 2(103)-10773/2019-007 saylı icra sənədinin icrası ilə bağlı Nəsimi rayon İcra şöbəsinin icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-yə qarşı “transformatorların yaşayış binasından çıxarılması”na dair icra sənədinin icrası ilə bağlı Nəsimi rayon İcra şöbəsinə dəfələrlə müraciət etməsinə baxmayaraq, məhkəmə aktı icra etdirilmir, bununla da həm cavabdeh, həm də İcra şöbəsi tərəfindən Konstitusiyanın 129-cu maddəsinin tələbləri kobud şəkildə pozulmaqdadır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 8(006)- 383/2021 saylı qərardadı ilə (hakim Səməd Cəfərov) şikayət təmin olunmamışdır. Qərardaddan narazı olan tələbkar ondan şikayət verərək ləğv edilməsini xahiş etmiş və şikayətini eyni dəlillərlə əsaslandırmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 8(006)- 383/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən, tərəflər digər hüquqlarla yanaşı, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. «İcra məmurları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 1-ci hissəsinə görə, icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidir. İşdə olan sənədlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 31.10.2019-cu il tarixli, 2(103)-10773/2019-007 saylı icra sənədinə əsasən, ünvan 1 ünvanında yerləşən yaşayış binasının daxilində yerləşən elektrik tranformator mətəqəsi cavabdeh "xxxx" ASC tərəfindən yaşayış binasının daxilindən çıxarılaraq kənarda yerləşdirilməli, keçirilmiş məhkəmə ekspertizasının dəyəri kimi 200 manat cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə X1 ödənilməlidir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin 23.10.2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə borcluya tələbin 10 gün müddətinə könüllü icrası haqqında bildiriş göndərilmişdir. Lakin tələb könüllü icra edilmədiyindən icra məmuru tərəfindən 03.06.2021-ci il tarixli məktubla borcluya xəbərdarlıq olunaraq, qərarın məcburi icra edilməsi əks təqdirdə inzibati məsuliyyətə cəlb olunacağı bildirilmişdir. Göründüyü kimi, icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı müvafiq icra tədbirləri görülmüş, tələbkar isə bu istiqamətdə şikayətini əsaslandıra bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi borclunun icra məmurunun hərəkətsizliyindən verdiyi şikayət ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır. Həmçinin, qeyd edilməlidir ki, hazırki vəziyyətdə şikayətin təmin olunmaması gələcəkdə tələbkarın icra məmurlarının hərəkət və ya hərəkətsizliyi ilə bağlı müraciət imkanlarını aradan qaldırmır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar tərəfindən verilmiş şikayət təmin olunmasın. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 8(006)- 383/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar