Məhkəmə qərarları › İş №8(103)-68/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-68/2023

10.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-68/2023 10.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən 8(004)-26/2023 saylı iş üzrə qəbul edilmiş 05 yanvar 2023-cü il tarixli qərardaddan Borclu verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-58/2021 saylı mülki iş üzrə qəbul etdiyi və qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli qətnamə əsasında verilmiş icra vərəqəsi üzrə tələbkar olan X4 həmin icra vərəqəsi üzrə icra hərəkətlərini həyata keçirən Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X5 qəbul etdiyi “icra sənədi üzrə icraatın dayandırılması” barədə xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə ərizə ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qeyd edilən icra vərəqəsinə əsasən borclular Borclu, Tələbkar və X3 tələbkar X2 məxsus və Bakı şəhəri, Yasamal rayonu, İ.Qurtqaşınlı küçəsi, bina № 36-da yerləşəm 96 №-li mənzildən əşyaları ilə birlikdə çıxarılmalıdırlar. İcra ərəfəsində, borclular, həmin mənzilə dair onların mülkiyyət hüququnun tanınması barədə mənzilin yerləşdiyi binanı inşa etmiş "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsinə dair mülki iş üzrə hazırlıq iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Anar Əyyubov bu halı nəzərə alaraq icra işi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarla icra vərəqəsi üzrə icraatı dayandırmışdır. Həmin qərardad əsassızdır, çünki qeyd edilən hal icra vərəqəsi üzrə icraatın dayandırılması üçün əsas deyil. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə ərizənin təmin edilməsini, Yasamal RİŞ-nin icra məmuru Anar Əyyubovun qəbul etdiyi “icra sənədi üzrə icraatın dayandırılması” barədə xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsini qərara alınmışdır. İş üzrə Borclu həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Yasamal RİŞ-nin icra məmuru Anar Əyyubovun qəbul etdiyi “icra sənədi üzrə icraatın dayandırılması” barədə xx.xx.2022-ci il tarixli qərardadı onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-58/2021 saylı mülki iş üzrə qəbul etdiyi və qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli qətnamə əsasında verilmiş icra vərəqəsinə əsasən borclular Borclu və başqaları tələbkara məxsus olan mübahisəli mənzildən çıxarılmalı olsalar da, borclular, həmin mənzilə dair onların mülkiyyət hüququnun tanınması barədə mənzilin yerləşdiyi binanı inşa etmiş "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsinə dair mülki iş üzrə hazırlıq iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Bu səbəbdən də, hazırki icra işi üzrə icraat “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-ci maddəsinin tələbinə əsasən dayandırılmalıdır. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi icra məmurunun həmin qərarını əsassız hesab edərək qərarı ləğv etməkdə haqlı olmuşdur. Çünki “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (icra məmurunun istinad etdiyi) 17.1.4-ci maddəsinə görə, icra sənədinə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Lakin, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, icra sənədinə dair mübahisə mövcud deyil. İcra məmurunun istinad etdiyi hala – hazırki iş üzrə borcluların mübahisəli mənzilə onların mülkiyyət hüququnun tanınması barədə iddia ərizəsinin Yasamal Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilməsi halına gəldikdə isə müəyyən edilir ki, bu kimi halın mövcud olması “İcra haqqında” Qanunda icra işi üzrə icraatın dayandırılması üçün əsas kimi nəzərdə tutulmamışdır. Belə ki, “İcra haqqında” Qanunun “İcraatın dayandırılmasının məcburiliyi” adlı 17-ci maddəsinə görə, məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; borclu fəaliyyət qabiliyyətini itirdikdə; borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; icra sənədinə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. “İcra haqqında” Qanunun “İcraatın dayandırılmasının mümkün olduğu hallar” adlı 18-ci maddəsinə görə isə, icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda; borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda; icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə; borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda; tələbkarın müvafiq xahişi olduqda icra sənədi üzrə icraat dayandırıla bilər. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş aktları bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Beləliklə də, göstərilənlərə əsasən müəyyən edilir ki, icra sənədi üzrə həyata keçirilən icraatın dayandırılmasına əsas yoxdur; icra məmuru tərəfindən qəbul edilmiş “icra sənədi üzrə icraatın dayandırılması” barədə xx.xx.2022-ci il tarixli qərardad əsassızdır; Rayon Məhkəməsi icra məmurunun həmin qərarını ləğv etməklə və qərardaddan verilmiş şikayəti təmin etməməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir; şikayətin dəlilləri formal mülahizə xarakteri daşıyır; şikayətin təmin edilməsi üçün əsas yoxdur. Odur ki yuxarıda göstərilənlərə əsaslanan, MPM-nin 398-ci maddəsində təsbit edilmiş səlahiyyətlərindən çıxış edən və MPM-nin 400 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Borclu şikayəti təmin edilməsin. Hazırki iş üzrə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 yanvar 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar