Məhkəmə qərarları › İş №8(103)-68/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-68/2025

24.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-68/2025 24.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 tərəfindən icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) verilmiş şikayətə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X6 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, X1 tərəfindən icra məmurunun hərəkətləri (hərəkətsizliyi) barədə şikayətə dair iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 8(006)- 344/2024 nömrəli qərardadından X1nın şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. X1 şikayət ərizəsi məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 avqust 2021-ci il tarixli, 2(103)-8654/2021 nömrəli qərardadı üzrə icra sənədini icra etməməsi hərəkətlərinin, könüllü icra bildirişini borcluya verməmək hərəkətlərinin qanunsuz sayılması, Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 8(006)-204/2024 nömrəli qərarı qəbul edildikdən sonrakı müddət ərzində də Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 avqust 2021-ci il tarixli, 2(103)-8654/2021 nömrəli qərardadı üzrə icra sənədini icra edilməsi istiqamətində Nəsimi rayon İcra Şöbəsinin nümayiş etdirdiyi hərəkətsizliklərin qanunsuz sayılması, "xxxx" MMC-nin İcra şöbəsinə verdiyi ərizədə göstərilən əmlaklar hesabına qərardadın bir hissəsinin icrası təmin edilməsi (bu əmlaklar D blokunun qeyri-yaşayış mərtəbələrinin 1-ci mərtəbəsində yerləşən 10 kv.m sahəli, E blokunun qeyri-yaşayış mərtəbələrinin 1-ci mərtəbəsində yerləşən 17 kv.m sahəli, A blokunun qeyri-yaşayış mərtəbələrinin 1-ci mərtəbəsində yerləşən 15 kv.m, A blokunun qeyri-yaşayış mərtəbələrinin 2-ci mərtəbəsində yerləşən 25.40 kv.m sahəli və F blokunun qeyri-yaşayış sahəsində 90 kv.m qeyri-yaşayış sahələrindən ibarətdir), Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 avqust 2021ci il tarixli, 2(103)-8654/2021 nömrəli qərardadı üzrə icra sənədininin “İcra haqqında” qanunda və “İcra məmurları haqqında” qanunda müəyyən edilmiş qaydada dərhal icra etmək vəzifəsinin Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə tapşırılması, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin rəhbərliyi və icra məmurunun qanunsuz, hərəkətləri haqqında xüsusi qərardad çıxarılaraq prokurora məlumat verilməsi və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin rəhbərliyi və icra məmurunun yol verdikləri kobud qanun pozuntuları barədə Ədliyyə Naziri və İcra Baş idarəsinin rəisinə “Məhkəmələr və hakimlər haqqında” Qanunun 98-ci maddəsinə uyğun olaraq təqdimat verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 avqust 2021-ci il tarixli, 2(103)-8654/2021 nömrəli qərardadına əsasən X3 nümayəndəsinin iddianı təmin etmə tədbirlərinin görülməsinə dair ərizəsi qismən təmin edilmiş, iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək "xxxx" MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanında inşa etdiyi binada 672.6 m2 sahənin satılması və başqa qaydada özgəninkiləşdirilməsinin qadağan olunması qərara alınmışdır. Qərardad üzrə eyni tarixli icra vərəqəsi 1 gün sonra 27 avqust 2021-ci il tarixdə Bakı şəhər icra Şöbəsinə göndərilmişdir. Ötən müddət ərzində əsas mülki işə baxılmış və Bakı Apelyasiya Məhkəməsi 10 yanvar 2024-cü il tarixli, 2(103)-463/2023 nömrəli icra sənədi vermişdir ki, "xxxx" MMC-dən X3 xeyrinə mülkiyyətində olan daşınmaz əmlakların qanunsuz sökülməsinə görə kompensasiya kimi 3169336,5 manat ünvan 2 ünvanında 14 saylı daşınmaz əmlakın sökülməsi nəticəsində əldən çıxmış fayda kimi 42500 manat, vurulmuş mənəvi zərərə görə 15000 manat ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 3226866,5 manat pul tutulsun. Qətnamə üzrə icra sənədi eyni tarixdə "xxxx" MTK-nın qeydiyyat ünvanı üzrə Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. İcra sənədi icra məmuru X4 15 yanvar 2024-cü il tarixli e7432/2024-7-9 saylı qərarı ilə icraata qəbul edilmişdir. Ötən müddət ərzində icra məmuru tərəfindən icra sənədinin icrası təmin edilməmiş, ondan borcluya məxsus və 26 avqust 2021-ci il tarixli qərardadla üzərinə həbs qoyulmuş əmlaklar hesabına qətnamənin icrası tələb edilmiş və 26 avqust 2021-ci il tarixli icra sənədinin Nəsimi rayon icra şöbəsi tərəfindən icra edilibedilməməsini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən həm özü, həm də nümayəndəsi tərəfindən Nəsimi rayon İcra Şöbəsinə müraciət edilərək qərardadın icrası ilə bağlı məlumatsız olduqlarının nəzərə alınıb, görülmüş icra tədbirləri barədə məlumat verməklə, bu barədə sənədlərin təqdim edilməsi və icra işi ilə tanış olmaq üçün şərait yaradılması xahiş edilmişdir. İcra məmuruna edilmiş müraciətlərə cavab verilməmiş, dəfələrlə şöbədə olduqdan sonra yalnız 02 iyun 2024-cü il tarixdə nümayəndəsinə Nəsimi rayon İcra Şöbəsinin icra icraatına xitam verilməsi barədə 08 iyun 2022-ci il tarixli qərarı və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 31 may 2022-ci il tarixli cavab məktubu təqdim edilmişdir. Özünü icra məmuru Aydın Hümbətovun köməkçisi kimi təqdim edən şəxs hər dəfə işin arxivdə olduğunu, arxivçinin işdə olmadığını bildirərək təqdim etdiyi sənədlərdən başqa icra işində əlavə hər hansı poçt sənədinin olmadığını bildirmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 31 may 2022-ci il tarixli cavab məktubunda göstərilir ki, qeydiyyata alınmamış əmlaklara qoyulan məhdudiyyətlər bazasında "xxxx" MTK-nın Bakı şəhəri, Azadlıq pr.24 ünvanında inşa etdiyi binada yerləşən 672.6 kv.metr qeyri-yaşayış sahəsinin üzərinə qadağa qoyulmuşdur. İcra sənədinin icraatına xitam verilməsi barədə 08 iyun 2022-ci il tarixli qərar onunla əsaslandırılmışdır ki, icra sənədində qeyd olunan tələb borclu "xxxx" MTK tərəfindən icra edilmişdir. Bu qərardan verdiyi şikayət Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 8(006)-204/2024 saylı qərarı ilə təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 26 avqust 2021-ci il tarixli 2(103)-8654/2021 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi haqqında Nəsimi rayon İcra şöbəsinin icra məmuru X7 tərəfindən qəbul edilmiş 08 iyun 2022-ci il tarixli qərarı ləğv edilmiş, icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Nəsimi rayon icra Şöbəsinə qaytarılmışdır. Həmin vaxtdan da 4 aydan artıq vaxt keçsə də, icra məmuru yenə də hərəkətsizlik etməkdə davam edir, dərhal icra edilməli qərardadı icra etmir. Hələ də könüllü icra bildirişinin borcluya təqdim edilməsi baş verməyib. Anlamaq mümkün deyil, bəs dərhal icra etmə nə deməkdir? Dərhal sözünün mənasını icra məmuru başa düşmür? Halbuki 01 avqust 2024-cü il tarixdə "xxxx" MMC başqa iş üzrə İcra şöbəsinə ərizə ilə müraciət edərək "xxxx" MMC-nin balansında olan əmlakların siyahısını təqdim etmişdir (bu əmlaklar D blokunun qeyri-yaşayış mərtəbələrinin 1-ci mərtəbəsində yerləşən 10 kv.m sahəli, E blokunun qeyri-yaşayış mərtəbələrinin 1-ci mərtəbəsində yerləşən 17 kv.m sahəli, A blokunun qeyri-yaşayış mərtəbələrinin 1-ci mərtəbəsində yerləşən 15 kv.m, A blokunun qeyri-yaşayış mərtəbələrinin 2-ci mərtəbəsində yerləşən 25.40 kv.m sahəli və F blokunun qeyri-yaşayış sahəsində 90 kv.m qeyri-yaşayış sahələrindən ibarətdir). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 8(006)-235/2024 saylı, qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(103)-1177/2024 saylı icra sənədinin təmin edilməsi məqsədi ilə Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babavevin borclu "xxxx" MMC-nin balansında olan D blokunun qeyri-yaşayış mərtəbələrinin 1-ci mərtəbəsində yerləşən 10 kv.m sahəli, E blokunun qeyri-yaşayış mərtəbələrinin 1-ci mərtəbəsində yerləşən 17 kv.m sahəli, A blokunun qeyri-yaşayış mərtəbələrinin 1-ci mərtəbəsində yerləşən 15 kv.m, A blokunun qeyri-yaşayış mərtəbələrinin 2-ci mərtəbəsində yerləşən 25.40 kv.m sahəli və F blokunun qeyri-yaşayış sahəsində 90 kv.m qeyri-yaşayış sahələrinin üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməmişdir. Sual yaranır: bu əmlaklar olduğu halda icra məmuru hansı səbəbdən onların və digər əmlakların hərracda satılması üçün tədbir görmür, çünki məhkəmə qərardadı əsasında həmin əmlaklar üzərinə artıq həbs qoyulub, bunun üçün əlavə təqdimat verib 2-ci dəfə həbs qoydurmaq absurddur. Müəyyən edilmişdir ki, Nəsimi rayon İŞ-nin icra məmuru 1 dəfə də olsun MTK-ya getməyib. MTK-dan layihə sənədlərini istəməyib, satışına qadağa qoyulması nəzərdə tutulan 672.6 m2 sahənin layihəyə əsasən binanın konkret hansı hissəsində və mərtəbəsində yerləşməsini müəyyən etməyib, bu haqda müvafiq akt, cizgi tərtib etməyib, qadağa qoyulmalı sahə ilə bağlı MTK-nı xəbərdar etməyib. Haradadır həmin 672.6 m2 sahə, bəlli deyil. 26 avqust 2021-ci il tarixli icra sənədini qəbul etdikdən sonra icra məmuru tərəfindən qanunla üzərinə düşən aşağıdakı vəzifələr yerinə yetirilməli idi: 1. İcra sənədində göstərilmiş tələbin borclu tərəfindən könüllü icrası üçün borcluya bildiriş təqdim edilməli və ya təqdim edilməsini təsdiq edən poçt sənədi və ya qəbz işdə olmalı; 2. İcraata başlamaq haqqında qərarın surəti borcluya təqdim edilməli və ya təqdim edilməsini təsdiq edən poçt sənədi və ya qəbz işə əlavə edilməli; 3. Borclu hüquqi şəxsin rəhbəri Nəsimi rayon İcra Şöbəsinə rəsmi dəvət edilməli;

4. Borclu hüquqi şəxsin rəhbərinin izahatı alınmalı; 5. Tələb könüllü icra edilmədikdə borclu hüquqi şəxsi rəhbəri haqqında inzibati xəta haqqında protokol tərtib edilməli; 6. Məhkəmə qərarının qanunla müəyyən edilmiş müddət ərzində icrasından yayınması ilə əlaqədar borclu hüquqi şəxsin rəhbərinin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində tədbir görülməli; 7. Borclu hüquqi şəxsin rəhbərinin ölkədən edmək hüququnun məhdudlaşdırılması üçün tədbir görülməli idi. 84 yaşlı ahıl qadındır. Bu yaşda səhhətindəki problemlərlə yanaşı "xxxx" MTK-nın əmlaklarına qanunsuz müdaxilələri və bu qanunsuzluğun dayandırılması barədə aidiyyəti orqanlara müraciətlərinin nəticəsiz qalması ilə əmlaklarının yerlə-yeksan edilməsi nəticəsində uzun müddətdir ki, əsəb, stres yaşayır, psixoloji sarsıntılar keçirir. Əmlakları gözünün qabağında dağılmış, məhv edilmiş və "xxxx" MTK 6 ildir ki, arxayın hərəkət edir, biznesi inkişaf edir, milyonlar qazanır, barəsində isə heç bir tədbir görülmür, məhkəmə qərarları kağız üzərində qalır. "xxxx" MənzilTikinti Kooperativi onun əmlaklarının yerinə göydələnlər, ticarət mərkəzləri ucaldıb, xoşbəxt həyatını sürməkdə davam edir. Ona qarşı edilmiş bu zülmlərin, küçəyə atılmağının müqabilində Nəsimi rayon İcra Şöbəsinin "xxxx" Mənzil Tikinti Kooperativinə fürsət verməsi, məhkəmə qərarının icrasından yayınmaq üçün şərait yaratması təəssüf doğurur. Məhkəmə qərardadda konkret yazıb: "xxxx" MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanında inşa etdiyi binada 672.6 m2 sahənin satılması və başqa qaydada özgəninkiləşdirilməsi qadağan olunsun. Sual yaranır: Məgər qeydiyyata alınmamış əmlaklara qoyulan məhdudiyyətlər bazasında "xxxx" MTK-nın qeyri-yaşayış sahəsinin üzərinə qadağa qoymaq "xxxx" MTK-ya sahə salmaq və başqa qaydada özgəninkiləşdirilməkdir? Axı reyestrdə qadağa qoymaq satışa və ya özgəninkiləşdirməyə qadağa qoymaq demək deyil. Axı satışa qadağa qoyulmadığı və ya qadağa qərardadı icra edilmədiyi halda borclunun imkan yaranır ki, əmlakları satsın və ya özgəninkiləşdirsin. İcra məmurunun bu hərəkətləri məhkəmə qərarına hörmətsizlik, qərəz, vəzifə borcunu yerinə yetirməmək, MTK ilə əlbirlikdir. Əgər qərardad icra edilirdisə niyə onun iştirakı ilə akt tərtib edilmirdi ki, icraata xitam vermək mümkün olsun? Bu məsuliyyəti kim daşıyacaq? 02 avqust 2024-cü il tarixli qərardadla icra məmurunun qanunu pozması təsdiq edildi.

3. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 8(006)- 344/2024 nömrəli qərardadına əsasən şikayət qismən təmin olunaraq Nəsimi rayon İcra şöbəsinin icra məmurunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 8654/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı üzrə icra sənədini icra etməməsi hərəkətləri və könüllü icra bildirişini borcluya verməmək hərəkətləri, Nəsimi Rayon Məhkəməsinin 8(006)-204/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı qəbul edildikdən sonrakı müddət ərzində də Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-8654/2021 saylı qərardadı üzrə icra sənədini icra edilməsi istiqamətində Nəsimi rayon İcra Şöbəsinin icra məmurunun nümayiş etdirdiyi hərəkətsizlikləri qanunsuz sayılmış, "xxxx" MMC-nin İcra şöbəsinə verdiyi ərizədə göstərilən əmlaklar (bu əmlaklar D blokunun qeyri-yaşayış mərtəbələrinin 1-ci mərtəbəsində yerləşən 10 kv.m sahəli, E blokunun qeyri-yaşayış mərtəbələrinin 1-ci mərtəbəsində yerləşən 17 kv.m sahəli, A blokunun qeyri-yaşayış mərtəbələrinin 1-ci mərtəbəsində yerləşən 15 kv.m, A blokunun qeyri-yaşayış mərtəbələrinin 2-ci mərtəbəsində yerləşən 25.40 kv.m sahəli və F blokunun qeyri-yaşayış sahəsində 90 kv.m qeyri-yaşayış sahələrindən ibarətdir) hesabına Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-8654/2021 saylı qərardadın bir hissəsinin icrasının təmin edilməsi Nəsimi rayon İcra şöbəsinə həvalə edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 8654/2021 saylı qərardadı üzrə icra sənədinin “İcra haqqında” qanunda və “İcra məmurları haqqında” qanunda müəyyən edilmiş qaydada dərhal icra etmək vəzifəsi Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə tapşırılmış, şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

4. Qərardadın əsaslarına görə, məhkəmə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin rəhbərliyi və icra məmurunun qanunsuz hərəkətləri haqqında xüsusi qərardad çıxarılaraq prokurora məlumat verilməsi və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin rəhbərliyi və icra məmurunun yol verdikləri kobud qanun pozuntuları barədə Ədliyyə Naziri və İcra Baş idarəsinin rəisinə “Məhkəmələr və hakimlər haqqında” Qanunun 98-ci maddəsinə uyğun olaraq təqdimat verilməsi üçün əsaslar görmür və hesab edir ki, hazırki qərardad ilə müəyyən edilmiş hallar icra qurumunun və icra məmurunun icranın həyata keçirilməsində üzərlərinə düşən vəzifələrin icrasında dönüş yaratmaları üçün kifayətdir. Məhkəmə icra məmurunun və qurumunun hərəkətlərinin bu çərçivədə qiymətləndirilməsini yetərli hesab edir.

5. X1 qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və şikayətinin təmin edilməyən hissəsində ləğv edilərək təmin olunmasını xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC başqa iş üzrə İcra şöbəsin ərizə ilə müraciət edərək "xxxx" MMC-nin balansında olan əmlakların sıyahısını təqdim etmişdir (bu əmlaklar D blokunun qeyri-yaşayış mərtəbələrinin 1-ci mərtəbəsində yerləşən 10 kv.m sahəli, E blokunun qeyri-yaşayış mərtəbələrinin 1-ci mərtəbəsində yerləşən 17 kv.m sahəli, A blokunun qeyri-yaşayış mərtəbələrinin 1-ci mərtəbəsində yerləşən 15 kv.m, A blokunun qeyri-yaşayış mərtəbələrinin 2-ci mərtəbəsində yerləşən 25,40 kv.m sahəli və F blokunun qeyri-yaşayış sahəsində 90 kv.m qeyri-yaşayış sahələrindən ibarətdir). Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 8(006)- 235/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə BakıApellyasiya Məhkəməsinin 2(103)- 1177/24 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin təmin edilməsi məqsədi ilə Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayevin borclu "xxxx" MMC-nin balansında olan D blokunun qeyri-yaşayış mərtəbələrinin 1-ci mərtəbəsində yerləşən 10 kv.m sahəli, E blokunun qeyri-yaşayış mərtəbələrinin 1-ci mərtəbəsində yerləşən 17 kv.m sahəli, A blokunun qeyri-yaşayış mərtəbələrinin 1-ci mərtəbəsində yerləşən 15 kv.m, A blokunun qeyri-yaşayış mərtəbələrinin 2-ci mərtəbəsində yerləşən 25,40 kv.m sahəli və F blokunun qeyri-yaşayış sahəsində 90 kv.m qeyriyaşayış sahələrinin üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməmişdir. Sual yaranır: bu əmlaklar olduğu halda icra məmuru hansı səbəbdən onların və digər əmlakların hərracda satılması üçün tədbir görmür, çünki məhkəmə qərardadı əsasında həmin əmlaklar üzərinə artıq həbs qoyulub, bunun üçün əlavə təqdimat verib, 2-ci dəfə həbs qoydurmaq absurddur. Müəyyən edilmişdir ki, Nəsimi rayon İŞ-nin icra məmuru 1 dəfə də olsun MTK-ya getməyib, MTK-dan layihə sənədlərini istəməyib, satışına qadağa qoyulması nəzərdə tutulan 672,6 m2 sahənin layihəyə əsasən binanın kokret hansı hissəsi, mərtəbəsində yerləşməsini müəyyən etməyib, bu haqda müvafiq akt, cizgi tərtib etməyib, qadağa qoyulmalı sahə ilə bağlı MTK-nı xəbərdar etməyib. Haradadadır həmin 672,6 m2 sahə, bəlli deyil. xx.xx.2021-ci il tarixli icra sənədini qəbul etdikdən sonra icra məmuru tərəfindən qanunla üzərinə düşən aşağıdakı vəzifələr yerinə yetirilməli idi: 1. İcra sənədində göstərilmiş tələbin borclu tərəfindən könüllü icrası üçün borcluya bildiriş təqdim edilməli və ya təqdim edilməsini təsdiq edən poçt sənədi və ya qəbz işdə olmalı; 2. İcraata başlamaq haqqında qərarın surəti borcluya təqdim edilməli və ya təqdim edilməsini təsdiq edən poçt sənədi və ya qəbz işə əlavə edilməli; 3. Borclu hüquqi şəxsin rəhbəri Nəsimi rayon İcra Şöbəsinə rəsmi dəvət edilməli; 4. Borclu hüquqi şəxsin rəhbərinin izahatı alınmalı; 5.Tələb könüllü icra edilmədikdə borclu hüquqi şəxsin rəhbəri haqqında inzibati xəta haqqında protokol tərtib edilməli; 6. Məhkəmə qərarının qanunla müəyyən edilmiş müddət ərzində icrasından yayınması ilə əlaqədar borclu hüquqi şəxsin rəhbərinin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində tədbir görülməli; 7. Borclu hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün tədbir görülməli. İcra məmuru dərhal icra etməli olunan məhkəmə qərarını 3 ildən artıq müddət hərəkətsiz saxlayıb, artıq MTK-da mənzil və qeyri-yaşayış sahəsi qalmayıb, bütün sahələr satılıb qurtarıb. Qətnamənin icrasının mümkün olacagı görünmür. Bütün bunlar təbii ki, üzərinə məhkəmə qərarının icrası tapşırılan qurumun hərəkətləri nəticəsində baş verib. Məhkəmə bunu görə-görə və bilə-bilə, eyni zamanda xx.xx.2024 tarixli qərardadda göstərə-göstərə niyə təqsirkar şəxlər barəsində xüsusi qərar qəbul etmir və təqdimat verməməsi anlaşılan deyil və əsassızdır. Bu pozuntuları gördüyü və bəzilərini qərardadda göstərdiyi halda məhkəmə qərardadın nəticə hissəsində onlara münasibət bildirməyib.

7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 8(006)- 344/2024 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

8. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1-1. İcra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 2.2. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Maddə 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Maddə 12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Maddə 14.1. İcra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Şikayətin dəlillərini icra məmuru və icra qurumunun rəhbəri barədə xüsusi qərardad çıxarılmaması və təqdimatın verilməməsi ilə bağlıdır.

11. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə məhz işə baxılması zamanı şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə qeyd edilən formada məhkəmə aktını qəbul edir. Birinci instansiya məhkəməsi tələbkar tərəfindən icra məmurunun hərəkətlərindən verilmiş şikayətə baxılması zamanı icra məmurunun əməllərində qanun pozuntularını müəyyən edərək onların aradan qaldırılması vəzifəsini icra qurumuna həvalə etmişdir. Həmin pozuntularda cinayətin əlamətlərinə xas əlamətlər müəyyən edilməmişdir.

12. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadın mübahisələndirilən - icra məmuru və icra qurumunun rəhbəri barədə xüsusi qərardad çıxarılmaması və təqdimatın verilməməsi hissəsində gəldiyi qənaət əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

13. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 8(006)- 344/2024 nömrəli qərardadından X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 8(006)- 344/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar