Məhkəmə qərarları › İş №8(103)-689/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-689/2025

19.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-689/2025 19.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, ərizəçi X1 “qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi barədə” ərizəsinə dair iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(005)-308/2025 nömrəli qərardadından ərizəçi X1 şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları 1.İlqar Nəsibov və Maraqlı şəxs keçmiş ər-arvaddır. Tərəflərin hazırkı mübahisəsi göstərilən iki daşınmaz əşya ilə bağlıdır: 1) Nərimanov rayonu, M.Əlizadə küçəsi, məhəllə 917, ev № 50-də yerləşən, sahəsi 139,8 kv.m təşkil edən 39 №-li mənzil; 2) Yasamal rayonu, N.ünvan 1 ünvanında yerləşən 253,5 kv.m qeyri-yaşayış sahəsi. 2.Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(005)-632/2017 nömrəli qətnaməsi qət olunub ki, həmin iki daşınmaz əşyada tərəflərin payları bərabər müəyyən edilsin. Daha sonra başqa iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-110/2020 nömrəli qətnaməsi ilə qət olunub ki, hər iki daşınmaz əşya açıq hərracda satılsın, hərracda mənzilin ilkin satış qiyməti 250.000 manat, qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 750.000 manat müəyyən edilsin, satışdan əldə edilən pul vəsaitindən tərəflərin hər birinə ½ hissəsi ödənilsin. Həmin qətnamə indiyə kimi icra olunmayıb. Birinci instansiya məhkəməsində icraat 3.İlqar Nəsibov yuxarıda göstərilən qətnamələrin icra üsulu və qaydasının dəyişdirilməsi barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinə müraciət edib, daha sonra həmin ərizəni bir neçə dəfə dəyişib, yekunda məhkəmədən xahiş edib ki, qiymətindən asılı olmayaraq mənzil bir tərəfin, qeyri-yaşayış sahəsi isə digər tərəfin mülkiyyətinə verilsin, mənzil ilə qeyri-yaşayış sahəsinin arasında qiymət fərqi olaraq mənzili götürənə 33.000 manat kompensasiya ödənilsin. 4.Ərizə onunla əsaslandırılıb ki, daşınmaz əşyaların satılması barədə qətnaməyə əsasən verilmiş icra sənədi icra üçün göndərilsə də, 4 ilə yaxın müddətdə həmin əşyalar satılmayıb, icra sənədinin icrası mümkün olmadığından həmin sənəd “İcra haqqında” Qanunun 70.4-cü maddəsinı əsasən məhkəməyə qaytarılıb. Ona görə də qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsinə zərurət yaranıb. 5.Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə qərara alınıb ki, ərizə təmin edilməsin. 6.İlqar Nəsibovun şikayətində tələb olunub ki, qərardad ləğv edilsin və ərizə təmin olunsun. Nərimanov Rayon Məhkəməsi şikayəti təmin etməyib və şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərib. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 7.Hazırkı işdə İlqar Nəsibovun tətbiq edilməsini tələb etdiyi dəyişiklik “qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi” hesab olunmur. Belə ki, qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi imkanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsində müəyyən edilib. Həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarında “qətnamənin icra üsulu” və “qətnamənin icra qayadası” anlayışları müəyyən olunub: qətnamənin icra üsulu iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur, qətnamənin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. 8.Ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi üsulu ilə qətnamənin icra üsulu və qaydası eyniləşdirilməli deyil. Ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsinin üç üsulu var: 1) payın naturada ayrılması; 2) payın dəyərinin ödənilməsi; 3) əşyanın açıq hərracda satılması və satış pulunun paylara mütənasib surətdə bölüşdürülməsi. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-110/2020 nömrəli qətnaməsi ilə bölünmənin 3-cü üsulunun tətbiq edilməsi qət olunub. Bu qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi əşyanın bölünməsi üsulunun dəyişdirilməsi ilə nəticələnə bilməz. Belə ki, MPM-in 216.1-ci maddəsinə görə, qətnamə işi mahiyyəti üzrə həll edən məhkəmə aktıdır. Əşyanın bölünməsinin üsulu işin mahiyyətinə aiddir, yəni qətnamədə bölünmənin hansı üsulunun tətbiq ediləcəyi müəyyən edilməklə iş mahiyyəti üzrə həll edilir. Qətnamənin icra üsulu və qaydası dəyişdirilərkən mahiyyət dəyişdirilə bilməz, əks təqdirdə, belə nəticə işin mahiyyəti üzrə yenidən həlli sayılacaq. 9.Paylı mülkiyyətdə olan mənzil və qeyri-yaşayış sahəsinin Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-110/2020 nömrəli qətnaməsində göstərilən ilkin satış qiyməti həmin qətnamənin icra qaydası hesab olunur. Əgər qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən qətnamənin icra edilməsi mümkün deyilsə, İlqar Nəsibov qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətinin yenidən müəyyənləşdirilməsini tələb edə bilər. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” xx.xx.2024-cü il tarixli 02/2024 nömrəli qərardadının 60-cı bəndində qeyd olunub: “... əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin suiistifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər”. 10.Beləliklə, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlib. 11.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(005)-308/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar