Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-69/2025 24.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-337/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından X3 tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 mart 2024-cü il tarixli, 2(103)- 1149/2024 saylı qətnaməsinin hissəhissə, yəni hər ay 300 (üç yüz) manat icra edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 mart 2024-cü il tarixli, 2(103)-1149/2024 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin 25 aprel 2022-ci il tarixli qətnaməsinin apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməsi həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi və cavabdehdən 8.815 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf kassasiya şikayəti vermiş və hər iki tərəfin kassasiya şikayətləri təmin edilməmişdir. Bundan sonra qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. İcra mərhələsində ərizə ilə müraciət edərək hal-hazırda yeganə qazanc mənbəyi olan əmək haqqına yönəldilməsini xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, maddi imkanı yaxşılaşan kimi icra sənədini birdəfəlik icra edəcəkdir. İcra məmuru tərəfindən ərizəsi icra işinə əlavə edilmişdir. Lakin hal-hazırda icra sənədini birdəfəlik icra etmək imkanı yoxdur. Həmçinin, icra sənədinin icrasından yayınmır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 mart 2024-cü il tarixli, 2(103)-1149/2024 saylı qətnaməsini hissə-hissə, yəni hər ay 300 manat olmaqla icra etməyi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qeyd edilir ki, tələbkar onun keçmiş həyat yoldaşıdır. Onunla birgə nikahlarından 1 qız övladları vardır. Övladlarının səhhətində ciddi xəstəlik var. Hal-hazırda övladının səhhəti ilə əlaqədar maddi imkanı zəifdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 8(006)-337/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə X1 məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməmişdir. X3 Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 8(006)-337/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından şikayət vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-337/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-337/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, qanunverici işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin hissə-hissə icra olunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də, işin digər diqqətəlayiq hallarından asılı etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Məhkəmə ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman, həm də, tələbkarın əmlak mənafelərini nəzərdən qaçırmamalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, qətnamənin hissə-hissə icrası tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə imkanın verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qərarının hissə-hissə icra edilməsi müstəsna hal olaraq yalnız əlverişsiz hallarda tətbiq oluna bilər və bu halda da tələbkarın mənafeyi nəzərə alınmalıdır. Hazırki halda X1 maddi imkanının aşağı olması, uşağının səhhətində ciddi xəstəlik olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Kollegiya qeyd edir ki, hazırki iş üzrə X3 tərəfindən məhkəmə qətnaməsinin icraya yönəldilməsindən sonra keçən müddət ərzində borcun ödənilməsinə dair heç bir tədbir həyata keçirilməmişdir. Hazırda ərizədə sadalananlar borclunun məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi üçün kifayət qədər yetərli əsaslar deyildir. Bundan başqa, borclu özünün maddi imkanının aşağı olması, uşağının səhhətində ciddi xəstəlik olması barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə isə həmçinin, tələbkar da öz növbəsində qətnamə ilə müəyyən edilmiş ödənişin hissə-hissə icra edilməsinə razılıq verməmişdir. Kollegiya hesab edir ki, məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icraya yönəldiyi vaxtdan bugünə kimi əsaslı tədbirlər görmədiyini, borc məbləğinin kifayət qədər yüksək olması və buna görə də borclu tərəfindən hissə-hissə ödəmə aparmaqla məhkəmə qətnaməsinin icrasının uzun müddət davam edəcəyini, bununla da tələbkarın dövlət tərəfindən təminat verilən «ədalətli məhkəmə baxışına olan hüququ»nun pozulacağını və tələbkar tərəfin buna razı olması barədə heç bir münasibət bildirməməsini, borclunun rəsmi iş yeri olmaqla əmək haqqısının olmasını nəzərə alaraq, haqlı olaraq hesab etmişdir ki, ərizə əsassızdır və rədd olunmalıdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şikayətin dəlillərinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-337/2024 saylı xx.xx.2024 -cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-337/2024 saylı xx.xx.2024 -cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-69/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-69/2025
24.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver