Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-690/2025 22.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti" İctimai Birliyinin rəhbəri Borclu1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icraat üzrə (Açar sözlər: şikayətin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)- 662/2025 nömrəli qərardadından borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Münasib Muradov təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti" İctimai Birliyinin rəhbəri Borclu1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)- 662/2025 nömrəli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4241/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti" İctimai Birliyinin rəhbəri Borclu1 ölkədən getmək hüququnun 6 ay müddətinə məhdudlaşdırılması qərara alınmışdır.
3. Borclu “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti" İctimai Birliyinin nümayəndəsi X4 həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-662/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.
4. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)- 662/2025 nömrəli qərardadı ilə borclu “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti" İctimai Birliyinin nümayəndəsi tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından verilmiş şikayət geri qaytarılmışdır.
5. Qərardad belə əsaslandırılmışdır ki, şikayət qanunla nəzərdə tutulmuş müddət keçdikdən sonra verilmiş, eyni zamanda müddətin bərpasına dair ərizə və müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən sübut təqdim edilməmişdir. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-662/2025 saylı qərardadı xx.xx.2025-ci il tarixdə borclu “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti" İctimai Birliyinin rəhbəri Borclu1 elektron kabinetinə yerləşdirilmişdir. Həmin qərardaddan borclu “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti" İctimai Birliyinin nümayəndəsi X4 isə xx.xx.2025-ci il tarixdə şikayət vermişdir. Göründüyü kimi şikayət prosessual müddət ötrüldükdən sonra verilmiş və müddətin üzrlü sayılması ilə bağlı ərizə təqdim edilməmişdir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
6. Borclunun nümayəndəsi və vəkili həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad üzrə apellyasiya şikayəti AzGƏC tərəfindən mehkeme.gov.az portalından müvafiq qaydada və qərardadın qəbul edilməsindən 10 gün keçmədən şəxsi kabinet vasitəsi ilə verilmişdir. Lakin dəfələrlə məhkəməyə bildirilmişdir ki, AzGƏC-in məhkəmə portalında şəxsi kabinetində problem var və portala giriş ancaq beta versiyadan mümkün olur. Beta versiyada isə yüklənən apellyasiya şikayəti təsdiq edilsə də, göndərilmir. Buna müvafiq aidiyyəti fotolar şikayət ərizəsinə daxil ediləcək. Məhkəməyə dəfələrlə bu barədə məlumat verilsə də, nədənsə məhkəmə problemi araşdırmadan hər dəfə verilmiş apellyasiya şikayətlərini qəbul etmir. Bu isə özü-özlüyündə qərəz nümayişidir və AzGƏC-ə qarşı yönəldilən növbəti haqsızlıqdır.
8. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
11. Borclu “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti" İctimai Birliyinin rəhbəri Borclu1 elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, sözügedən ərazidə F.Yusifov 40 A ünvanında artıq mənzillər gözdən əlillərin istismarına verilmişdir. Sözügedən qətnamənin dəfələrlə tərəfindən icra edilməsinə baxmayaraq bir daha iddiaçıya mənzil verilməsi məsələsi baxılaraq Sosial Xidmətlər Agentiliyinə müraciət edilmişdir. Sosial Xidmətlər Agentliyi tərəfindən verilən mənzillərdən birində iddiaçıya mənzil ayrılması üçün aidiyyəti sənədlər tələb edilmişdir. Çünki Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli sərəncamına əsasən artıq gözdən əlil ailələr müvafiq qaydada mənzil növbəsinə əsasən SXA tərəfindən mənzil ilə təmin edilirlər. Bunun üçün SXA tərəfindən xx.xx.2025-ci il tarixdə AzGƏC-ə ünvanlanmış 3/17-3/2- 1748/2025 saylı məktuba əsasən tərəfindən bir daha icra sənədinə əsaslanıb Nərimanov rayon icra şöbəsinə xx.xx.2025-ci il tarixdə qətnamənin icrası üçün iddiaçıdan mənzil verilməsinə dair SXA tərəfindən tələb edilən aidiyyəti sənədlərin toplanılması və yalnız bu halda onlara mənzil verilməsi mümkünlüyü üçün aidiyyəti üzrə Sosial Xidmətlər Agentliyinə müraciət edilməsi bildirilsə də, bu dəfə bir daha qətnamənin icra edilməməsi faktı ilə məhkəmə qaydasında xx.xx.2025-ci il tarixli 8(005)-662/2025 saylı qərardad ilə barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması müəyyən edilmişdir. SXA tərəfindən verilmiş məktubda hansı əsaslarla müvafiq sənədlərin tələb edildiyi bildirir. Belə ki, Smolyaninovanın ailə üzvlərinə mənzil verilməsi qanunvericiliklə mümkün deyil. Çünki Smolyaninovanın mənzil növbəliyi saxlanılmamışdır. Ailə üzvləri hesab edilən şəxslərin isə hər biri mənzil şəraiti ilə təmin edilib. Belə olan halda məsələyə qətnamədə göstərildiyi kimi baxılıb nəticə barədə aidiyyəti üzrə Nərimanov rayon İcra şöbəsinə məlumat verilmişdirsə də, nədənsə bunu aidiyyəti məhkəmə orqanları və icra şöbəsi düzgün qiymətləndirməmişdir. Ona qarşı dəfələrlə edilən bu haqsızlıq və qətnamənin hansı əsasda icra edilə biləcəyinin izah edilməməsi Nərimanov rayon Məhkəməsinin absurd qətnamə və qərardadları açıqca ona yönəldilən diskriminasiya və ədalətsizliyin bariz nümunəsidir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Maddə 396.1. Şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-662/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, iş materiallarından məlum olur ki, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı xx.xx.2025-ci il tarixdə borclu “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti" İctimai Birliyinin rəhbəri Borclu1 elektron kabinetinə yerləşdirilməklə rəsmi qaydada çatdırılmışdır.
15. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.
16. Borclu isə yalnız xx.xx.2025-ci il tarixdə, yəni qərardadı rəsmi şəkildə qəbul etdikdən bir aydan çox müddət keçdikdən sonra ondan şikayət ilə məhkəməyə müraciət etmiş, bununla da şikayət verilməsi üçün prosessual müddəti ötürmüşdür.
17. Həmçinin, borclu tərəfindən prosessual müddətin bərpa olunması barədə ərizə də təqdim edilməmişdir.
18. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilən dəlillər məhz buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsas ola bilər. Bunun üçün qərardaddan verilən şikayətlə birlikdə buraxılmış prosessual müddətin bərpası haqqında ərizə də məhkəməyə təqdim ediməlidir.
19. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. Qərardadın ləğv edilməsi üçün əsaslar yoxdur.
20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)- 662/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: