Məhkəmə qərarları › İş №8(103)-694/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-694/2025

23.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-694/2025 23.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar alimentin indeksasiyası barədə ərizəsinə dair iş üzrə Açar sözlər: indeksasiya Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə, Tələbkar Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)- 2153/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli, 8(002)-535/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(002)- 2153/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Borclu ilə X5 arasında 24 avqust 2013-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində 823 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 18 yanvar 2015-ci il təvəllüdlü X8 və 12 mart 2016cı il təvəllüdlü X6 anaları X3 yanında saxlanılmaları, 18 yanvar 2015-ci il təvəllüdlü X8 və 12 mart 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Borclu 19 iyun 2023-cü il tarixdən başlayaraq iddiaçı X3 xeyrinə hər ay bir uşağa görə 200 manat, iki uşağa görə cəmi 400 manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasına dair hissədə qətnamənin dərhal icra edilməsi, ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehə aid edilməsi və iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

2. Tələbkar 24 oktyabr 2025-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(002)- 2153/2023 nömrəli qətnaməsi üzrə tutulan alimentin indeksasiya edilməsi, sonrakı artımlar nəzərə alınmaqla Borclu 18 yanvar 2015-ci il təvəllüdlü X8 və 12 mart 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-2153/2023 nömrəli qətnaməsi ilə 18 yanvar 2015-ci il təvəllüdlü X8 və 12 mart 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Borclu 19 iyun 2023-cü il tarixdən başlayaraq iddiaçı X3 xeyrinə hər ay bir uşağa görə 200 manat, iki uşağa görə cəmi 400 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. 2023-cü il tarixdə minimum əmək haqqı 345 manat olmuş və həmin vaxt alimentin məbləği minimum əmək haqqının 0,58 misli olmuşdur. Ərizəçi hazırda hər bir uşağa görə sonrakı artımlar nəzərə alınmaqla alimentin ödənilməsini xahiş edir.

4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli, 8(002)- 535/2025 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(002)-2153/2023 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin indeksasiya edilərək, 24 oktyabr 2025-ci il tarixdən başlayaraq 18 yanvar 2015-ci il təvəllüdlü X8 və 12 mart 2016-cı il təvəllüdlü X1 üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində (200 manat : 345 manat = 0,5797 misli, yuvarlaqlaşdırdıqda 0,58 misli) sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır.

5. Qərardad onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir: qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Ali Məhkəmə Plenumunun yuxarıda qeyd etdiyi düstura əsasən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli , 2(002)-2153/2023 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment indeksasiya edilərək, 24 oktyabr 2025-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində (200 manat : 345 manat = 0,5797 misli, yuvarlaqlaşdırdıqda 0,58 misli) müəyyən edilməlidir.

6. Borclu X10 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.

7. Şikayətin dəlillərinə görə, borclu X10 "xxxx" MMC-də işləməklə aylıq 498 manat əmək haqqı alır. Həmin əmək haqqının demək olar ki, hamısını alimentə hesablanaraq hər ay 464 manat məbləğində aliment verilərsə, onun dolanışığı nəzərə alınmamışdır. Belə ki, onun başqa heç bir gəlir yeri yoxdur. Hazırda ölkə üzrə minumum əmək haqqı 400 manat olsa da, borclu tələbkara minimum əmək haqqından da artıq 464 manat aliment ödəməlidir. Buna isə onun maddi imkanı yoxdur. Onun himayəsində yaşlı anası və nənəsi vardır, onlara da borclu X10 baxır. Yaşayış minimumdan da artıq alimentin kəsilməsi tamamilə əsassızdır və buna borclunun maddi imkanı yoxdur. O bildirir ki, uşaqları saxlamaq bir valideyn kimi hər ikisinin də vəzifəsidir. Tələbkar özü xəstəxanada işləyir, 500 manata yaxın əmək haqqı alır.

8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli, 8(002)- 535/2025 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.

11. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024- cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir: qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Şikayətdə qərardadın hansı normaların tələblərinə zidd olduğu, hansı halların düzgün qiymətləndirilməməsi əsaslandırılmamışdır.

13. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan xüsusatlar alimentin indeksasiya edilməməsi üçün əsas ola bilməz. Belə ki, bu hallar tələbkara pul vəsaitinin ödənilməsi, əmlak verilməsi və borclunun maddi vəziyyətinin pisləşməsi ilə bağlı olduğundan Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi üçün əsas ola bilər. Bu məsələyə isə hazırkı icraat çərçivəsində baxılması mümkün deyildir və bununla bağlı borcluya müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

14. Birinci instansiya məhkəməsi düzgün olaraq Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(002)-2153/2023 nömrəli qətnaməsi ilə 18 yanvar 2015-ci il təvəllüdlü X8 və 12 mart 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan aliment məbləğini ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində müəyyən etmişdir.

15. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

16. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli, 8(002)- 535/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli, 8(002)- 535/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar