Məhkəmə qərarları › İş №8(103)-695/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-695/2025

24.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-695/2025 24.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar icra məmurunun qərarından şikayətinə dair iş üzrə (Açar sözlər: icra sənədi üzrə icraata xitam verilməsi əsasları) hakimlər X5 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X3 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 8(005)- 486/2025 saylı qərardadından Borclui tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Tələbkar Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərovun icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarından məhkəməyə şikayət ərizəsi verərək, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1430/2023-014 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1430/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Borcluinin baş direktoru vəzifəsini müvəqqəti icra edən Z.Şərifovun xx.xx.2021-ci il tarixli, K-002 saylı əmri ləğv edilməli, X6 ilə bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsində müqavilənin müddətini müəyyən edən 2.3-cü bənd etibarsız hesab edilməli, X6 Borcluinin baş direktorunun müşaviri vəzifəsinə onunla bağlanan əmək müqaviləsinin müddətsiz hesab edilməklə işə bərpa edilməli və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməlidir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X7 tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1430/2023-014 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. Həmin qərar ümumiyyətlə əsaslandırılmamış və bir cümlə olaraq qeyd edilmişdir ki, təqdim edilmiş sənədlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1430/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədi üzrə tələb təmin edilmiş və icra edilmişdir. Halbuki, hansı sənədin təqdim edildiyi və həmin sənədin həqiqətən də icra sənədinin tam icra edildiyini necə təsdiq etməsi aydın deyil. Məlumat üçün bildirir ki, X6 iş üzrə icraata xitam verilməsindən 3 gün əvvəl, xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Tələbkar onun vərəsəsi olaraq tanınmış və bu barədə Tələbkar vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Buna görə də təbii ki, həmin qərar barədə məlumatsız olmuş və icra sənədinin hələ də icra qurumunun icraatında olduğunu düşünmüşlər. Həmin icra sənədi uzun müddət idi ki, icra edilmirdi və hələ də icrasız vəziyyətdə saxlanıldığını, baş vermiş ağır ailə itkisindən sonrakı psixoloji gərgin dönəmi geridə qoyduqdan sonra icrası barədə maraqlanmağı düşünmüşlər. Lakin son günlərdə şifahi olaraq iş üzrə icraata xitam verildiyini eşitmiş və bu qərarı əldə etməyə çalışmışlar. Daha sonra qərarı əldə etmişlər. İcra sənədi nəinki tam, demək olar ki, icra olunmamışdır. Belə ki, onunla bağlanması nəzərdə tutulmuş əmək müqaviləsinə dəyişiklik qanunvericiliyin və məhkəmə qətnaməsinin tələblərinə uyğun olmamışdır. Dəyişikliyin konkret nədən ibarət olması göstərilməmişdir. Həmçinin, müqavilədə bərpa olunduğu müşavir vəzifəsinin vəzifə maaşı, mükafat və digər əlavələri, eyni zamanda əmək funksiyaları göstərilməmişdir. Ona əvvəlki dövr üçün 45.160,10 manat ödənilməsinə baxmayaraq, həmin ödənişdə vəzifə maaşı, mükafat və əlavələr düzgün hesablanmamışdır. Təkcə əmək haqqının məhkəmədə mübahisənin davam etdiyi müddət ərzində 2 dəfədən çox artdığı nəzərə alınsa, icra sənədi simvolik olaraq ödənilməli vəsaitin yarısından da az hissəsi ödənilməklə icrasız qalmışdır. İcra məmuru isə tələbkarın hazırkı iş üzrə təqdim etdiyi vəsatətinə ümumiyyətlə münasibət bildirməmiş, eyni zamanda icra məmuru özü öz təşəbbüsü ilə əmək müqaviləsinə əlavənin qanunvericiliyin tələblərinə uyğun tərtib edilib-edilməməsinin və əmək haqqı və ona əlavələrin düzgün hesablanması üçün mütəxəssis qismində auditor dəvət etməmişdir. Halbuki, ən adi üsullarla şəxsə hesablanmalı vəsaiti müəyyən etmək mümkün idi. Sadəcə eyni vəzifədə işləmiş başqa şəxsə bu müddət ərzində ödənilmiş vəsaiti aydınlaşdırmaq kifayət idi. Bu məsələnin praktik və təqribi həlli yolu idi. Məsələnin nəzəri, düzgün və tam həlli yolu, müvafiq sorğular vermək, ekspertiza təyin etmək və ya mütəxəssis dəvət etmək idi ki, ödənilməli olan vəsaitdə bütün əlavələrin və mükafatların da nəzərə alınıb-alınmamasını bildirsin. Şifahi danışıqlar zamanı borclu tərəf bildirmişdir ki, mükafatlar məcburi ödənişlər deyil. Bu arqument absurddur. Ona görə də borclu təşkilat bu mükafatları işlədiyi müddət ərzində həmişə tələbkara tətbiq edib, eyni zamanda bu mükafatlar hər hansı şəxsin fərdi göstəricisinə görə tətbiq edilməyib. Mükafatlar kollektiv xarakter daşıdığından, tələbkarın işlədiyi müddət ərzində ona da şamil ediləcəyi aşkar idi. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq şöbəsinin səlahiyyətli şəxsi də təsdiq edə bilər. Həmçinin, tələbkar işə bərpa zamanı qanunvericiliyin əməl edilməmiş və bu hissədə də icra sənədi natamam icra edilmişdir. Belə ki, işə bərpa olunarkən eyni vəzifəni müqavilə üzrə daşıyan başqa şəxslərə ödənilən həcmdə deyil, 4 il əvvəl işdən çıxarılarkən (bu müddət ərzində ən azı minimum əmək haqqı artdığı üçün bütün ölkənin gəlirlərində dəyişiklik olmuşdur) müəyyən edilmiş əmək haqqı ödənilməyə davam etmişdir. Bu hissədə işə bərpa proseduru düzgün keçirilmədiyi üçün icra sənədi həmin hissədə də icra edilmiş hesab edilə bilməz.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 8(005)- 486/2025 saylı qərardadı ilə şikayət ərizəsi təmin edilərək Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4 icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2024cü il tarixli qərarı ləğv edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1430/2023-014 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə müvafiq icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır.

4. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə icraata xitam verilməsi haqqında icra məmurunun qərarında isə məhkəmə qətnaməsinin icra edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün zəruri icra tədbirlərinin həyata keçirildiyi aşkar olunmur. Beləliklə, icra məmuru icra sənədini tam icra etmədən, tələbkara ödənilməli məbləği dəqiq müəyyənləşdirmədən icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etmişdir. Bu səbəbdən məhkəmə icra məmurunun qərarının qanunsuz hesab edilərək ləğv edilməsini və icra sənədi üzrə tələbin icra olunması üçün müvafiq icra hərəkətlərinin davam etdirilməsini məqsədəmüvafiq hesab edir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

5. Borclui həmin qərardaddan şikayət verərək, Nərimanov Rayon Məhkəməsinin Nərimanov Rayon Məhkəməsinin 8(005)-486/2025 nömrəli, 28 iyul 2025-ci il tarixli qərardadının ləğv edilərək, şikayət ərizəsinin təmin edilməməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4 icra sənədi üzrə icraata xitam verilməsi qərarı xx.xx.2024-cü il tarixində verilmiş, lakin tələbkar isə bu qərardan qanunla müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra, hətta bir neçə aydan sonra şikayət vermişdir. xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində keçirilmiş məhkəmə iclaslarında sözügedən prosessual müddətin buraxılması barədə borclunun nümayəndəsi tərəfindən şifahi şəkildə etiraz bildirilsə də, Məhkəmə bu halı nəzərə almadan tələbkarın şikayətini təmin etmişdir. Halbuki müddət buraxıldıqda və onun bərpası barədə əsaslandırılmış ərizə təqdim edilmədikdə, şikayətə baxılması qanuna ziddir. Qeyd olunan məsələ ilə bağlı Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, qanunverici şikayət vermə müddətini icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarın onlara təqdim olunduğu gündən hesablanmalı olduğunu müəyyən etmişdir. İcra işinin materialında isə müvafiq məlumat mövcud deyildir. Lakin, bu yanaşma doğru deyildir. Belə ki, əgər qərarın qarşı tərəfə hansı tarixdə təqdim olunması barədə heç bir dəlil yoxdursa, bununla əlaqədar prosessual müddətin buraxılıb-buraxılmadığı Məhkəmə tərəfindən necə müəyyən edilmişdir? Qeyd olunan iş üzrə tələbkar icra məmurunun icraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarının onlara təqdim olunmadığına dair heç bir sübut təqdim etməmiş, prosessual müddətin bərpası ilə bağlı heç bir vəsatət verməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1430/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu üçün 4 öhdəlik müəyyən edilmişdir. 1. Borcluinin baş direktoru vəzifəsini müvəqqəti icra edən Z.Şərifovun xx.xx.2021-ci il tarixli, K-002 saylı əmri ləğv edilməli; 2. X6 ilə bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsində müqavilənin müddətini müəyyən edən 2.3-cü bənd etibarsız hesab edilməli; 3. X6 Borcluinin baş direktorunun müşaviri vəzifəsinə onunla bağlanan əmək müqaviləsi müddətsiz hesab edilməklə işə bərpa edilməli; 4. məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməlidir. Məhkəmənin icra sənədində bərpa edilmiş əmək müqaviləsi üzrə nəzərdə tutulmuş əmək haqqının artırılması barədə əlavə göstəriş qeyd olunmamışdır. M.Həsənovla bağlanmış əmək müqaviləsinin yalnız müddətlə bağlı bəndinin etibarsız hesab edilməsi haqqında icra tələbi irəli sürülmüş, digər şərtlər olduğu kimi qüvvədə saxlanılmışdır. Əks halda, bu artıq yeni əmək müqaviləsinin bağlanması hesab edilə bilər, bu da icra sənədinin tələblərinə uyğun deyil və borclunun belə bir öhdəliyi yoxdur. Həmin icra sənədində qeyd olunan tələblərə əsasən M.Həsənov xx.xx.2024-cü il tarixdən işə bərpa edilmiş, həmin tarixdən işə başlaması təmin edilmiş, işə bərpa olunan günə qədər ödənilməmiş əmək haqqı olaraq 45.160,10 manat vəsaitin tələbkar M.Həsənova ödənilməsi təmin edilmişdir. Məhkəmədə mübahisələndirilən əsas məqam kimi, M.Həsənova ödənilmiş əmək haqqı məbləğinə dair tələbkarın tələbi əsassızdır. Bu tələb məhkəmə qətnaməsinin məzmunundan kənardır. M.Həsənovla bağlanmış əmək müqaviləsi bərpa edildiyi üçün xx.xx.2024-cü il tarixdən etibarən işəgötürənlə işçi arasında mövcud əmək münasibətləri məhz həmin əmək müqaviləsinə əsasən aparılmışdır. Əmək müqaviləsinə əsasən M.Həsənova 1000 manat məbləğində əmək haqqı təyin edilmiş və qeyd olunan tarixdən başlayaraq müvafiq miqdarda əmək haqqı ona ödənilmişdir. Bununla da, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1430/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində qeyd olunan “...onunla bağlanan əmək müqaviləsi müddətsiz hesab edilməklə işə bərpa edilməli...” tələbi tam və qanuni şəkildə icra edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)- 1430/2023 nömrəli xx.xx.2024-cü il tarixli qərardadında bu tələbin və ümumilikdə qətnamənin icra edildiyini vurğulamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 1430/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qətnaməsinin nəticə hissəsində X1 Borcluinin baş direktorunun müşaviri vəzifəsinə bərpa edilməsi, eləcə də, məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi qət edilmişdir ki, bu barədə hər hansı düzgün olmayan, eləcə də ziddiyyətli məqam olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixli qətnamənin tam şəkildə icra olunduğu açıqca ifadə edilmişdir. Hələ 2024-cü ilin mart ayında M.Həsənov Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1430/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına ərizə ilə müraciət etmiş və həmin ərizə əsasında xx.xx.2024-cü il tarixli qərardad qəbul edilmişdir. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1430/2023 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına istinad edilsə də, borclunun hərəkətlərini təsdiq edən hallar nəzərə alınmamış və müvafiq qərardada daxil edilməmişdir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2 dekabr 2025-ci il tarixli qərardadı ilə Borclui tərəfindən verilmiş şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.

8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq normaları:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

9. 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

10. 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər.

11. 267-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.

“İcra haqqında” Azərbaycan Respublikası Qanununun

12. 1-ci və 13.1.2-ci maddələrinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları əsasında verilən icra vərəqələri - dərhal icraya yönəlməlidir.

13. 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir.

14. 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir.

15. 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir

16. 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir.

17. 20.2-ci maddəsinə görə isə, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir.

18. 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır.

19. 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

20. 29-cu maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar.

21. 40.1-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis (bir neçə mütəxəssis) dəvət edir və bu barədə icra məmuru tərəfindən müvafiq qərar qəbul olunur.

22. 87-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. İcra hərəkətinin yerinə yetirilməsi vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslər üçün bu Qanunun 87.1-ci maddəsində maddələrində nəzərdə tutulmuş müddətin axımı həmin şəxslərin müvafiq hərəkət barəsində məlumat aldıqları gündən başlayır. İcra məmuru tərəfindən fiziki və hüquqi şəxslərə vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir.

23. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli Qanunu ilə “İcra haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi səlahiyyəti məhkəmələrdən alınaraq icra qurumuna verilsə də, qanunverici məhkəməyə icra məmurunun icraata xitam verilməsi barədə qərarının qanuniliyini yoxlamaq səlahiyyəti vermişdir.

26. Bunu nəzərə alan birinci instansiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1430/2023-014 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra icraatına xitam verilməsi barədə mübahisəli qərarın icra qanunvericiliyinə uyğun çıxarılıbçıxarılmadığını araşdıraraq belə qənaətə gəlmişdir ki, icra sənədi üzrə icra hərəkətlərinin icra edilməsi həvalə edilmiş icra məmuru tərəfindən müvafiq qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl olunmamış, icra icraatına “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsi üçün mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamışdır. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı qanunsuz olması əsası ilə ləğv edilmiş, icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır.

27. Belə ki, iş materiallarından göründüyü kimi Borcluinin baş direktoru vəzifəsini müvəqqəti icra edən Z.Şərifovun 11 yanvar 2021-ci il tarixli, K-002 saylı əmrinin ləğv edilməsi, X6 ilə bağlanmış 05 iyul 2018-ci il tarixli əmək müqaviləsində müqavilənin müddətini müəyyən edən 2.3-cü bəndin etibarsız hesab edilməsi, X1 Borcluinin baş direktorunun müşaviri vəzifəsinə onunla bağlanan əmək müqaviləsinin müddətsiz hesab edilməklə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün ona əmək haqqının ödənilməsi qət cavabdehin üzərinə qoyulmuşdur. Həmin mülki iş üzrə çıxarılmış məhkəmə aktı qanuni qüvvəsini almış, əsasında müvafiq icra sənədi verilmiş; xx.xx.2023-cü il tarixli qərarla icra sənədi üzrə icraata başlanılmışdır. Borclui tərəfindən "xxxx" ASC vasitəsilə X2 hesabına xx.xx.2024-cü il tarixdə 2.000 manat; xx.xx.2024-cü il 2.000 manat; xx.xx.2024cü il tarixdə 41.160 manat olmaqla, 45.160 manat məbləğində pul köçürülmüşdür.

28. Tələbkar məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1430/2023-014 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tərəflər arasında bağlanması nəzərdə tutulan əmək müqaviləsinə əlavənin qanunvericiliyin və məhkəmə qətnaməsinin tələblərinə uyğun tərtib edilib-edilməməsinə, habelə ona məcburi işburaxma müddəti üçün ödənilmiş 45.160,10 manat əmək haqqı məbləğinin düzgün hesablanıbhesablanmamasına dair izah verilməsini xahiş etmişdir.

29. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1430/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə icra sənədinə izah verilməsindən imtina olunsa da, tələbkara bu məsələnin izah verilməsi yolu ilə deyil, müvafiq ərizə ilə qətnamənin icrası qaydasında birinci instansiya məhkəməsinə müraciət etməsi, habelə zəruri olduqda müvafiq hesablamaların aparılması üçün ekspertlərin cəlb edilməsinin təmin olunmasını tələb etməsinin icra qanunvericiliyi baxımından mümkün olduğu izah edilmişdir.

30. İş üzrə tələbkar X6 xx.xx.2024-cü il tarixdə vəfat etmiş; arvadı Tələbkar onun qanuni vərəsəsi kimi tanınmışdır.

31. Hazırda tələbkar X1 hüquqi varisi olan arvadı Tələbkar müraciəti ilə əlaqədar qeyd edilməlidir ki, icra sənədinin icrasının təmin edilməsinə yönəlmiş fəaliyyət icra məmuru tərəfindən qəbul edilən qərarlardan və həyata keçirilən hərəkətlərdən ibarətdir. Həmin fəaliyyətin, yəni icra məmurunun hərəkətlərinin (və ya hərəkətsizliyinin) qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə yoxlanılır.

32. İş üzrə müəyyən olunmuş hallardan göründüyü kimi, şikayətçi icra məmurunun icrası həvalə olunmuş icra sənədi üzrə yol verdiyi hərəkətlərindən (hərəkətsizliyindən), o cümlədən icra sənədinin düzgün icra edilməsi məqsədi ilə müvafiq ekspertiza rəyinin alınması üçün lazımi tədbirləri görmədən, xüsusi bilik və bacarıq tələb edən məsələlər üzrə mütəxəssisin iştirakını təmin etmədən icra icraatına xitam verməsindən narazı olduğunu bildirmişdir.

33. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası da mübahisələndirilən qərarın qanuniliyi ilə əlaqədar öz növbəsində qeyd etməyi zəruri sayır ki, icra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi bilik tələb edən məsələlərin izahına zərurət yarandığı təqdirdə, icra məmuru öz təşəbbüsü ilə və ya tərəflərin ərizəsi əsasında mütəxəssisi (bir və ya bir neçə mütəxəssisi) icra prosesinə cəlb etmək səlahiyyətinə malikdir.

34. Hazırki halda isə icra məmuru icra hərəkətlərinin icra sənədinə uyğun şəkildə həyata keçirilməsi üçün xüsusi biliyə malik mütəxəssisin dəvət edilməsinin zəruri olmadığı qənaətinə gəlmişdir. Belə olan halda müvafiq icra sənədinin icrası ilə məşğul olan icra məmuru tərəfindən yuxarıda sadalanan tədbirlərin görülməsinə, yəni mübahisəli halların aradan qaldırılması məqsədilə ekspertizanın keçirilməsinə zərurət olmadığını, habelə bunun məhkəmə qətnaməsinin düzgün icrasına maneçilik törətmədiyini əsaslandırmalı idi. Hazırkı halda isə icra sənədinin icrasının təmin edilməsi üçün icra məmuru tərəfindən zəruri və mümkün tədbirlərin görülməsi müəyyən edilmir.

35. Halbuki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

36. Göründüyü kimi hazırkı halda Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1430/2023-014 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icraatına xitam verilməsi barədə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli qərarının əsassız olması halı öz təsdiqini tapır. Belə olan halda da məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

Borclui tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 8(005)- 486/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar