Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-699/2025 24.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1067/2025-011 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulması barədə Nərimanov rayon İcra şöbəsinin qərarından maraqlı şəxs X8 tərəfindən verilmiş şikayətə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-739/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Maraqlı şəxs X8 icra məmurunun qərarından məhkəməyə şikayətlə müraciət edərək, "borclunun əmlakı üzərinə həbs qoyulması barədə" Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin 22 iyul 2025-ci il tarixli Qərarının ləğvinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, bildirir ki, Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-1067/2025 saylı qətnaməsi ilə Borclu 30.000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 180 manat pul tutularaq tələbkar X2 ödənilməsi qət edilmişdir. Belə ki, icra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu tərəfindən icra sənədinin icrası dərhal təmin edilməmiş və icranın təmin edilməməsi ilə bağlı rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. Buna görə də, Borclu həyat yoldaşı X1 mülkiyyətində olan HONDA İNSİGHT MİNİK markalı, 77EF780 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə 22 iyul 2025-ci il tarixli "Borclunun əmlakı üzərinə həbs qoyulması barədə" Qərarı ilə həbs qoyulmuşdur. Qeyd olunan qərarla razı deyil. Belə ki, Borclu həyat yoldaşı ilə X4 arasındakı nikah pozulmuşdur. Hətta həmin icra şöbəsinin icraatında X1 Borclun qarşı aliment tələbi də mövcuddur. Yəni tərəflər arasında həmin əmlakla bağlı mövcud bölgü olmadığı halda icra məmuru hazırda onun istifadəsində və mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulmuşdur. Məlumat üçün bildirir ki, X1 mülkiyyətində HONDA İNSİGHT MİNİK markalı, 77EF780 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi baş etibarnamə ilə maraqlı şəxsə satılmışdır. Yuxarıda göstərilən nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin ləğv olunması zəruridir. Bildirir ki, X1 mülkiyyətində olan və baş etibarnamə əsasında maraqlı şəxsə satılmış HONDA İNSİGHT MİNİK markalı, 77EF780 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı qoyulmuş həbs qanunsuz və əsassızdır. Həmin həbsin nəticəsində onun mülkiyyət hüququna xələl gəlmiş, vasitədən sərbəst istifadə imkanı məhdudlaşdırılmışdır. Bu səbəbdən, icra sənədinin icrası prosesində maraqlı şəxsin qanuni hüquqlarının tam şəkildə qorunması və hüquqi müdafiə imkanlarımın təmin edilməsi vacibdir. Borclunun payına yönəlik tutma yalnız qanunla müəyyən edilmiş ardıcıllıqla, naturada payın ayrılması və ya bazar qiymətinə uyğun satış yolu ilə həyata keçirilə bilər. İcra sənədi çərçivəsində paylı mülkiyyət üzərinə həbs qoyulması mümkün olmadığından, qoyulmuş həbsin dərhal ləğv olunması və mülkiyyət hüququnun tam təmin edilməsi tələb olunur. Həmin hüququn təmin olunmaması, həmçinin vasitədən sərbəst istifadə imkanının məhdudlaşdırılması qanuni normaların pozulması kimi qiymətləndirilməlidir. Qeyd etmək lazımdır ki, sözügedən nəqliyyat vasitəsi borclunun həyat yoldaşı X1 və borclunun ümumi paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-224-cü maddələri və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 02/2024 nömrəli Qərardadı nəzərə alınmaqla, borclunun payına yönəlik hər hansı tutma tətbiq edilməzdən əvvəl "payın ayrılması", "paylı mülkiyyətdə olan əşyanın bölünməsi", "payın dəyərinin ödənilməsi" və ya "əşyanın hərracdan satılması" kimi halların qanuni ardıcıllıqla araşdırılması vacib idi. Bu prosedurlar yerinə yetirilmədən qoyulmuş həbs qanunsuz və əsassızdır, mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 02/2024 nömrəli Qərardadında göstərilir ki, iddiaçı tələb üzrə araşdırmanın Mülki Məcəllənin 220 və 221-ci maddələrində göstərilən müvafiq ardıcıllıqla aparılmasına etiraz etməzsə, məhkəmə iddia tələbinin "payın ayrılması", "paylı mülkiyyətdə olan əşyanın bölünməsi", "payın dəyərinin ödənilməsi", "əşyanın hərracdan satılması" və s. kimi ifadə olunduğu bütün hallarda qanunla müəyyən edilmiş ardıcıllıq üzrə yoxlama aparmalıdır. O da qeyd olunmalıdır ki, kreditorun tələbi üzrə borclunun ümumi mülkiyyətdəki payına tutmanın yönəldilməsi barədə tələblər də ümumi paylı mülkiyyətdən payın ayrılması və ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə bağlı bu qərardaddakı hüquqi mövqelər nəzərə alınmaqla Mülki Məcəllənin 224-cü maddəsində göstərilmiş dispozisiya şərtlərinə və ardıcıllığa müvafiq olaraq həll edilməlidir. Həmin maddənin tələbinə görə, paylı və ya birgə mülkiyyətçinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borc üzrə tutmanın borclunun ümumi əşyadakı payına yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Nəzərə alınmalıdır ki, borclunun barəsində çıxarılmış qətnamənin icrası qaydasında tələbin onun ümumi mülkiyyətdəki payına yönəldilməsi fərdi mülkiyyətində olan əşyasına yönəldilməsindən fərqli olaraq, kreditorun tələbi üzrə iddia icraatı qaydasında həll edilməli məsələ olmaqla "İcra haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - "İcra haqqında" Qanun) 53-cü maddəsində nəzərdə tutulmuş qaydada qətnamənin icrası çərçivəsində həyata keçirilə bilməz. Ümumi paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3- 220.6-c1 maddələrı, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi məsələsi isə həmin Məcəllənin 221-ci maddəsi tətbiq edilməklə, bu qərardadın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelərə uyğun həll olunmalıdır. İddia tələbinin hansı formada ifadə olunmasından asılı olmayaraq, qaldırılan iddianın predmeti ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya payın ayrılmasından ibarət olduğundan, məhkəmələr həmin tələbin qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinə uyğun olaraq, mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdırmalıdırlar. Ümumi paylı mülkiyyətdə olan əşyadan payın naturada ayrılması mümkün olmadıqda, iddiaçının tələbi üzrə məhkəmələr əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna münasibəti baxımından müvafiq qərar qəbul etməlidirlər. Ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməlidirlər. Göründüyü kimi hazırki qərar əsassız və qanunsuz olaraq qəbul edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-739/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, maraqlı şəxsin Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1067/2025-011 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulması barədə Nərimanov rayon İcra şöbəsinin qərarından şikayət vermək üçün subyektiv hüququ mövcud deyildir. Maraqlı şəxs X8 həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və icra məmurunun qərarından verdiyi şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin 24 noyabr 2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, qərardadın dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, avtomobil faktiki olaraq X7 baş etibarnamə ilə təhvil verilmiş və ödəniş olunaraq real alqı-satqı baş tutmuşdur. Hazırda təqdim olunmuş sənədlərdən, yəni nəqliyyat vasitəsinin şəhadətnaməsinin əslinin, avtomibilə dair baş etibarnamənin verilməsi ən əsası avtomobilin faktiki olaraq onun istifadə və mülkiyətində olması işin mübahisəsiz halıdır. Hazırda mübahisənin əsas predmeti ondan ibatədir ki, icra məmuru paylar müəyyən olunmadan mübahisəli avtomobilə borcu yönəldə bilərdi ya yox? Həbs nəticəsində X6 avtomobildən istifadəsi məhdudlaşdırılmış, əmlakına sərəncam vermə hüququ tamamilə bloklanmış və mülkiyyət hüququna əsassız müdaxilə edilmişdir. Avtomobil faktiki olaraq onun istifadəsində olub və baş etibarnamə ilə onatəhvil verilib - bu, ona faktiki sahiblik hüququ verir. İcra məmurunun qərarı nəticəsində avtomobildən sərbəst istifadə hüququ məhdudlaşdırılıb. Avtomobilə həbs qoyulması əşyanın istifadəsi, idarə olunması, texniki baxışdan keçirilməsi, satılması və digər əməliyyatların aparılmasını qeyd-şərtsiz qeyri- mümkün edib. Hüseynov ZiyaNazim oğlunun məhkəməyə müraciət etməsi obyektiv və subyektiv hüquqlarının pozulması faktına əsaslanır və birinci instansiya məhkəməsinin “şikayət vermək hüququ yoxdur” mövqeyi qanunsuz, əsassız və MPM-in tələblərinə ziddir. Məhkəmənin 24 noyabr 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, hər hansı mülahizə və ya dəlil təqdim olunmamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, HONDA İNSİGHT MİNİK markalı, 77EF780 dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir və maraqlı şəxsin həmin əmlakı alması, bir sözlə, icra şöbəsinin yuxarıda adıçəkilən qərarının X6 hüquq və vəzifələrinə toxunmasını təsdiq edən sübutlar iş materiallarında aşkar edilməmişdir. Belə ki, X8 avtomobilə dair mülkiyyətçi tərəfindən verilmiş baş etibarnaməyə istinad edərək qərarın maraqlarına toxunduğunu bildirsə də, həmin sənəd əmlak üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsini ehtiva etməklə mülkiyyət hüququnun yarandığına dəlalət etmir. Kollegiya hesab edir ki, avtomobilin üzərinə həbs qoyulması nəticəsində bir qayda olaraq mülkiyyətçinin maraqlarının pozulmasından söz gedə bilər. Odur ki, məhkəmənin qənaətinə görə, birinci instansiya məhkəməsini şikayəti təmin etməməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-739/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev
Məhkəmə qərarları › İş №8(103)-699/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-699/2025
24.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver