Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-7/2021 07.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrasına möhlət verilməsinə dair borclu X2 ərizəsinin təmin edilməməsinə dair həmin məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə X1 X3 qarşı irəli sürdüyü iddia tələbi təmin edilmiş, X3 məxsus ünvan 1 ünvanında saxlanılan heyvanların həmin ünvandan çıxarılaraq ərazinin heyvanlardan boşaldılması, Vidadi Əliyevə həmin ünvanda heyvan saxlamasının qadağan edilməsi qət olunmuş, qətnamə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada icraya yönəldilmişdir. xx xxxxxxx 2020-ci il tarixdə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edən Vidadi Əliyev, heyvanları saxlamaq üçün başqa ərazidə tikili tikməsi və orada lazımi şəraitin yaradılması üçün vaxta ehtiyacının olduğunu bildirmiş, buna görə də qətnamənin icrasına 6 ay müddətinə möhlət verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin olunmamış, bu qərardaddan borclunun verdiyi şikayət də təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında məlumatlandırılmış icra icraatının tərəfləri məhkəməyə gəlmədiklərindən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya ərizə üzrə toplanmış materialı tədqiq edərək aşağıdakı əsaslara görə belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutsa da, həmin institutları tənzimləyən MPM-in 231.1-ci maddəsinin məzmununa əsasən bu imkanlar, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmiş, eləcə də məhkəmə aktının ağlabatan müddət ərzində icra edilməsinin təmin edilməsinə yönəlmişdir. Başqa sözlə, məhkəmə aktının icrasına möhlət verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın qətnamənin icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Vidadi Əliyev öz xahişini heyvanları başqa yerə aparmaq üçün tikili tikməsinin zəruriliyi ilə əsaslandırsa da, kollegiya hesab edir ki, qətnamənin qəbulundan keçən uzun müddət ərzində buna kifayət qədər vaxtı olan borcluya yenidən eyni şəraitin yaradılması tələbkarın hüquqlarını poza bilər. Bu baxımdan kollegiya hesab edir ki, borclunun ərizəsində irəli sürdüyü hal, qətnamənin icrasına möhlət verilməsi üçün qanunvericiliyin müəyyənləşdirdiyi meyara cavab verməməkdədir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizimi Rayon Məhkəməsinin 8(007)-255/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Məmməd Məmmədov Fuad Babayev
Məhkəmə qərarları › İş №8(103)-7/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-7/2021
07.01.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver