Məhkəmə qərarları › İş №8(103)-70/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-70/2022

10.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-70/2022 10.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 8(006)-43/2022 nömrəli qərardadından Maraqlı şəxs verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” 04.10.2019-cu il tarixli qərarının ləğv edilməsi barədə şikayət ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 8(006)-43/2022 nömrəli qərardadı ilə Maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Murad Xudaverdiyev tərəfindən qəbul edilmiş 04.10.2019-cu il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarın ləğv edilməsi barədə şikayətinə əvvəllər mahiyyəti üzrə baxıldığından onun yenidən eyni məsələ ilə bağlı verilmiş olduğu üçün hazırkı şikayətin baxılmadan geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan Maraqlı şəxs şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizənin məzmununa uyğun əsaslandırılmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 8(006)-43/2022 nömrəli qərardadı ilə həmin şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizəçi Maraqlı şəxs məhkəməyə eyni məzmunlu şikayəti, Bakı Şəhəri Nəsimi Rayonu Məhkəməsinin 05.12.2020-ci il tarixli, 8(006)-253/2020 saylı qərardadı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 03.02.2021-ci il tarixli 8(103)-48/2021 saylı qərardadı ilə bu nəticə düzgün hesab edilmişdir. Bundan əlavə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli, 8(006)-276/2021 saylı qərardadı ilə iş üzrə tələbkar Maraqlı şəxs Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” 04 oktyabr 2019- cu il tarixli qərarından verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.10.2021-ci il tarixli, 8(006)-418/2021 saylı qərardadı ilə Maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Murad Xudaverdiyev tərəfindən qəbul edilmiş 04.10.2019-cu il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarın ləğv edilməsi barədə şikayətinə mahiyyəti üzrə baxıldığından onun yenidən eyni məsələ ilə bağlı vermiş olduğu şikayətə baxılmadan geri qaytarılması qərara alınmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.10.2021-ci il tarixli, 8(006)-430/2021 saylı qərardadı ilə Maraqlı şəxs həmin qərarın ləğv edilməsi barədə şikayətinə mahiyyəti üzrə baxıldığından onun yenidən eyni məsələ ilə bağlı vermiş olduğu şikayətə baxılmadan geri qaytarılması qərara alınmışdır. Yəni eyni məsələyə artıq dəfələrlə hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hazırkı iş materiallarına Maraqlı şəxs icra məmurunun mübahisələndirilən qərarından şikayətinə əvvəllər baxılmasını təsdiq edən sadaladığı məhkəmə sənədlərini əlavə etməmişdir. Belə olan halda isə işdə olmayan sənədlər əsasında nəticəyə gəlinməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, şikayətə yenidən baxılması üçün iş materialı birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayətçi Maraqlı şəxs şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.01.2022-ci il tarixli, 8(006)-43/2022 nömrəli qərardadı ləğv edilsin. Şikayətə yenidən baxılması üçün iş materialı birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar