Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-71/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(005)- 397/2020 saylı qərardadından X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, borclu «Mars-M» firmasına məxsus və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadına əsasən üzərinə həbs qoyulub xx.xx.2019-cu ildə 211000 manat dəyərində qiymətləndirilmiş (Çin istehsalı olan CİNA BEİJİNG PANORAMA BOWLİNG aparatı, 10 ədəd HANGHZOU şirkətinin istehsalı olan eskalator və 1 ədəd JTALİAR markalı lift) daşınar əmlakların onlara təklif olunmaqla, ondan imtina edildiyi halda 3 ay ərzində satışa çıxarılıb satılması vəzifəsinin Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin icra məmuru Vüsal Şirinovun üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş və icrası Bakı şəhər Nərimanov rayon İcra və probasiya şöbəsinə həvalə edilmiş xx.xx.2018-ci il tarixli 2(103)-6787/2018 saylı icra sənədinə əsasən borclu «Mars-M» firmasından 328500 manat məbləğində pul vəsaiti onun xeyrinə tutulmalıdır. Bundan əvvəl Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə «Mars-M» firmasına məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 16100,5 kv.m-dən ibarət 5 mərtəbəli, hüquqların qabaqcadan qeydiyyatına əsasən xx.xx.2010-cu ildə 11 10093638 nömrə altında qeydiyyata alınmış və xx xxxxxx 2013-cü il tarixli müqaviləyə əsasən tərəfindən dəyəri ödənilmiş daşınmaz əmlakın 69 kv.m sahəsinin üzərinə həbs qoyulmuşdur. Nərimanov rayon İcra və probasiya şöbəsinin icra məmuru Vüsal Şirinovun xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən icra sənədi üzrə icraata başlanaraq borcluya qanunvericiliyin tələbinə görə könüllü icra üçün 10 gün vaxt verilmiş, bu müddət ərzində icra edilmədikdə isə borclu barədə məcburi icra tədbirlərinin görülməsi, o cümlədən borclunun əmlakının siyahıya alınaraq üzərinə həbs qoyulması qərara alınmışdır. Həmin qərar tərəf kimi onlara yalnız xx.xx.2018-ci il tarixdə təqdim edilmişdir. Qərarın qəbul edilməsi vaxtından iki ildən çox vaxt keçməsinə baxmayaraq, tələb borclu tərəfindən könüllü icra edilməmiş və icra işi üzrə heç bir məcburi icra tədbirləri 1 il 6 ay ərzində həyata keçirilməmişdir. Dəfələrlə Nərimanov rayon İcra və probasiya şöbəsinin icra məmuru Vüsal Şirinovun və rəisi Zaur Abdullayevin yanında olub onlardan icra işi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məcburi icra tədbirlərinin görülməsini xahiş etsə də, onlar hər dəfə ona bunu edəcəkləri barədə vədlər verib, lakin bu günə kimi heç bir tədbir görməmişlər. Bundan əlavə, borclu «Mars-M» firmasına qarşı 122752 manat borc tələbinə dair digər tələbkar Aysel Ələkbərovanın işi ilə bağlı borclunun bir neçə daşınar əmlakı (Çin istehsalı olan CTNA BEİJİNG PANORAMA BOWLİNG aparatı, 10 ədəd HANGHZOU şirkətinin istehsalı olan eskalator və 1 ədəd JİALİAR lifti) aşkar olunaraq Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadına əsasən üzərinə həbs qoyulub xx.xx.2019-cu ildə 211000 manat dəyərində qiymətləndirilsə də, qanuna əsasən nə tələbkarlara təklif edilməmiş, nə də ki satılmamışdır. Göründüyü kimi icra məmuru “İcra haqqında” Qanunun 53-cü maddəsinin tələblərini kobud şəkildə pozaraq «Mars-M» firmasına məxsus üzərlərinə həbs qoyulmuş nə 69 kv.m sahədən ibarət daşınmaz əmlakı, nə də ki borcluya məxsus yuxarıda qeyd edilən daşınar əmlakları indiyə qədər bir tələbkar kimi ona təklif etməmiş və ya satışa çıxarmamışdır. Halbuki, bu onun qanunvericilikdə nəzərdə tutulan birbaşa vəzifəsidir. İcra məmurunun qanunsuz hərəkətləri ilə bağlı Ədliyyə Nazirliyinin İcra Baş idarəsinə müraciət edilsə də, müsbət nəticəsi olmamışdır. Bundan sonra icraçı V.Şirinovun xx.xx.2020-ci il tarixli qərarı ilə borclu «MarsM» firmasına qarşı olan bir neçə tələbkarın, o cümlədən də onların işi bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 8(005)- 397/2020 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Həmin qərardaddan tələbkar şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 8(005)- 397/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(103)-461/2020 saylı qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilərək şikayətə yenidən baxılması həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(005)- 397/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, həmin qərardaddan tələbkar tərəfindən şikayət verilərək müvafiq qərardadın ləğv edilməsi, ərizənin təmin edilməsi barədə yeni qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 8(005)- 397/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında tələbkar məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş borclular və maraqlı şəxs məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə borcluların və maraqlı şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tələbkarın izahatını dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(005)-397/2020 saylı qərardadı ləğv edilərək iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, işdə olan Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-6787/2018 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. İşdə olan bildirişdən görünür ki, borclu «MARS-M» firmasına tələbin könüllü icrası barədə xəbərdarlıq edilmişdir. İşdə olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(005)490/2019 saylı qərardadından görünür ki, borclu «Mars-M» firmasına məxsus Çin istehsalı olan CİNA BEİJİNG PANORAMA BOWLİNG aparatı, 10 ədəd HANGHZOU şirkətinin istehsalı olan eskalator və 1 ədəd JTALİAR markalı liftin üzərinə həbs qoyulmuşdur. İşdə olan «xxxx» MMC-nin avadanlıqların qiymətləndirilməsi barədə ekspert rəyindən görünür ki, «Mars-M» firmasına məxsus avadanlıqların bazar dəyəri 211000 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 8(005)- 397/2020 saylı qərardadını ləğv edən Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarxili qərardadında göstərilmişdir ki, birinci instansiya məhkəməsi üzərinə həbs qoyulmuş həmin əşyaların maraqlı şəxs «xxxx» ASC-nin (digər məhkəmə qərarı üzrə tələbkar) mülkiyyətində olan daşınmaz əmlakın tərkib hissəsi olması, bu səbəbdən də icra hərəkətlərinin mümkün olmaması ilə bağlı gəldiyi mövqeyini sübutlara istinad etməklə əsaslandırmamışdır. Ümumiyyətlə, birinci instansiya məhkəməsinin hansı sübuta əsasən belə nəticəyə gəlməsi anlaşılmaz olmaqla, əsaslandırılmamışdır. Bununla yanaşı, işdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının (borclu «Mars- M» firmasına məxsus daşınar əşyaların üzərinə həbs qoyulması barədə) ləğv olunması barədə də hər hansı məlumat yoxdur. Həmçinin, işdə icranın obyektiv səbəblərdən mümkün olmaması barədə icra məmurunun hər hansı qərarı mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən qərardadda göstərilən göstərişlərə əməl etmədən, araşdırılması tələb olunan halları hərtərəfli tədqiq etmədən şikayəti təmin etməyərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də həmin qərardadda göstərilən yazılı göstərişlərə əməl olunması üçün ərizəyə yenidən baxılması üçün mülki iş materialları həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: X1 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(005)- 397/2020 saylı qərardadı ləğv edilsin. X1 icra məmurunun hərəkətsizliyindən şikayətə yenidən baxılması üçün mülki iş materialları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-71/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-71/2021
17.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver