Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-714/2025 06.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-643/2025 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ağdam Rayon Məhkəməsinin 2(013)-2755/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Borclu qazancın və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment X2nın xeyrinə tutulmalıdır. Borclu Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verərək, Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin “alimentin hesablanmasına dair” xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-8(005)- 643/2025 nömrəli qərardadına əsasən şikayət təmin edilmiş, Nərimanov rayon İcra Şöbəsinin “alimentin hesablanmasına dair” xx.xx.2025-ci il tarixli qərarı ləğv edilmişdir. Həmin qərardaddan X2 şikayət verərək, qərardadın ləğv edilməsini və borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-2755/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən çıxarılmış qərara əsasən 2025-ci ilin may ayına həmin icra sənədi üzrə 2.100 manat aliment borcu müəyyən edilmişdir. Borclu bu qərardan şikayət verərək, aliment borcunun düzgün hesablanmadığını, aliment hesablanarkən onun maaşından həyat yığım sığortasına və tibbi sığortaya ayrılan vəsaitin nəzərə alınmalı olduğunu qeyd etmişdir. Lakin məhkəmə gəldiyi nəticə üzrə mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamışdır. Məhkəmə qərardadında qeyd olunur ki, “araşdırma zamanı müəyyən edilmişdir ki, borclunun əmək haqqından 70 faiz tutma icra edildikdən sonra, habelə qalıq məbləğdən təkrarən uşaqların saxlanılması üçün əmək haqqı və digər gəlirlərinin 1/3 hissədən tutma icra edilməkdədir”. Lakin məhkəmənin bu araşdırmanı necə və hansı sənədlər və məlumatlar əsasında apardığı məlum deyil. Məhkəmə tərəfindən həqiqətən ədalətli araşdırılma aparılsa idı məhkəməyə məlum olardı ki, icra məmurunun xx.xx.2025-ci il tarixli “alimentin hesablanmasına dair” qərarı xx.xx.2025-ci il tarixinə aliment borcunu, yəni borclu tərəfindən ödənilməli olan aliment məbləği ilə faktiki ödənilmiş aliment məbləği arasındakı fərqi müəyyənləşdirir. Həmin qərarda borclunun əmək haqqından aparılan 70%-lik tutulma icra edildikdən sonra qalıq məbləğdən təkrarən 1/3 hissədə tutma edilməsinə dair heç bir müddəa yoxdur. Borclunun əmək haqqından 70%-lik tutulma aparıldığı hansı sənədlərlə təsdiq olunur.?! Ümumiyyətlə faktiki olaraq, hazırda borclunun əmək haqqından 70%-lik tutulma aparılmır. 2025-ci ilin may ayına borclu tərəfindən 3.963,18 manat məbləğində aliment ödənilməli idi. Qərardad qəbul olunarkən məhkəmə tərəfindən faktiki hallar aydınlaşdırılmamış və məhkəmənin gəldiyi nəticəni təsdiq edən heç bir sübut təqdim olunmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-643/2025 saylı qərardadı ilə şikayəti təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-643/2025 saylı qərardadı ləğv edilməli, borclunun şikayətinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir; 69-cu maddəsinə əsasən alimentlərin tutulması və aliment öhdəlikləri üzrə borcların ödənilməsi qaydası Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilir; 85.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 106.3-cı maddəsinə əsasən borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir; 106.5-cı maddəsinə əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyası şikayətin dəlillərinə və işin hallarına istinadən ilk növbədə qeyd edir ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-2755/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Borclu qazancın və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment X2nın xeyrinə tutulmalıdır. Hazırda borclu həmin icra sənədi üzrə 2025-ci ilin may ayına 2.100 manat məbləğində aliment borcunun müəyyən edilməsinə baxmayaraq, həqiqətdə belə bir borcunun olmadığını, ondan faktiki olaraq icra edilmiş öhdəliyin yenidən icra edilməsinin tələb edildiyini vurğulayaraq, həmin dövr üçün borcunun müəyyən edilməsinin qanunsuz hesab edilməsini və onun qeyd edilən tarixə 2.100 manat məbləğində aliment borcunun müəyyən edilməsinə dair xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini tələb edir. Onun tərəfindən təqdim edilmiş ödəniş qəbzlərinə əsasən tələbkara aliment qismində xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 350 manat, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci, xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixlərdə hər dəfə 420 manat məbləğində pul ödənilmişdir. Qeyd olunmalıdır ki, borclu "xxxx" MMC-də böyük hüquqşünas vəzifəsində çalışır, aylıq əmək haqqı alır, nəticə etibarı ilə müntəzəm gəlirə (qazanca) malikdir, aliment də məhz onun hər ay qazancın və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulmuşdur. Bu baxımdan xx.xx.2024-cü il tarixdən 2025-ci ilin iyun ayınadək (yəni 2025-ci ilin may ayına) aliment borcunun yaranıb-yaranmadığını aşkar etmək üçün ilk növbədə borclunun əmək haqqı, sonra əmək haqqı məbləğindən hər ay tutulmalı olan alimentin miqdarı, daha sonra isə qeyd edilən dövr ərzində aliment qismində ödənilməli olan və ödənilmiş məbləğ müəyyən edilməli, bunun nəticəsi olaraq, çox sadə bir hesablama aparmaqla, yəni ödənilməli olan aliment məbləğindən ödənilmiş aliment məbləğini çıxmaqla 2025-ci ilin may ayına 2.100 manat və ya hər hansı başqa məbləğdə aliment borcunun yaranıb-yaranmadığı müəyyən edilməlidir. Lakin birinci instansiya məhkəməsi tərəfindən bu istiqamətdə hər hansı araşdırma aparılmamış, o cümlədən mübahisələndirilən xx.xx.2025-ci il tarixli qərarın əhatə etdiyi dövr ərzində ödənilməli olan və ödənilmiş aliment məbləği müəyyən edilməmişdir. Borclu 2025-ci ilin may ayına nəinki 2.000 manat, ümumiyyətlə hər hansı aliment borcunun olmadığını mübahisələndirdiyi bir halda, birinci instansiya məhkəməsi borclunun əmək haqqından 70 faiz tutma icra edildikdən sonra, habelə qalıq məbləğdən təkrarən uşaqların saxlanılması üçün əmək haqqı və digər gəlirlərinin 1/3 hissədən tutmanın icra edilməkdə olduğunu müəyyən etməklə, hazırda borclunun əmək haqqından həm yığılmış aliment borcunun, həm də ayrıca uşaqların saxlanılması üçün tutmaların həyata keçirilməsinin qanunvericiliyin tələblərinə zidd olduğunu vurğulamışdır. Halbuki, müəyyən edilən bu hallar qeyd edilən qərarın əsassız və qanunsuz olmasını, o cümlədən borclunun aliment borcunun olmamasını təsdiq etmir. Hər bir halda, artıq qeyd edildiyi kimi, qərarda göstərilən dövrü əhatə edən müddət ərzində ödənilməli olan və ödənilmiş alimentin məbləği müəyyən edilməli və bunun nəticəsi olaraq həmin qərarın qanuniliyinə hüquqi qiymət verilməlidir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmamışdır. Bu səbəbdən şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, şikayətə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-643/2025 nömrəli qərardadı ləğv edilsin. Borclu tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-714/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-714/2025
06.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver