Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-72/2022 18.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Borclunun nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-63/2022 saylı, 31.01.2022-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-781/2021 saylı, 05.02.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" MMC-nin “əmək müqaviləsinə xitam verilməsi haqqında” 10.08.2020-ci il tarixli, 1143-08-20 ş/h saylı əmri ləğv edilməli, iddiaçı X6 cavabdeh "xxxx" MMC-nin Sumqayıt 02-04 filialında Sumqayıt 0204 ofisinin meneceri vəzifəsinə işə bərpa edilməli, iddiaçı X4 məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh "xxxx" MMC tərəfindən ödənilməlidir. Borclu "xxxx" MMC şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X2 qanunsuz hərəkətlərinə son qoyulması və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-781/2021 saylı, 05 fevral 2021-ci il tarixli icra vərəqəsi üzrə icraata xitam verilməsi öhdəliyinin Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra sənədi "xxxx" MMC tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq təmin edilmiş, X3 əmək müqaviləsinə xitam verilməsi haqqında 10.08.2020- ci il tarixli, 1143-08-20 ş/h saylı əmr ləğv edilmiş, X6 "xxxx" MMC-nin Sumqayıt 02-04 ofisinin meneceri vəzifəsinə işə bərpa edilmiş və "xxxx" MMC ilə X6 arasında 21.01.2020-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinin müddətinin 28.10.2020-ci il tarixdə bitməsi səbəbindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən qeyd olunan əmək müqaviləsinə xitam verilmiş, məcburi iş buraxma müddəti üçün əmək haqqı X4 tam həcmdə ödənilmişdir. İcra vərəqəsi "xxxx" MMC tərəfindən tam şəkildə icra olunmuş və bu barədə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə rəsmi qaydada müvafiq sənədlər əlavə edilməklə 31.08.2021-ci il tarixdə məlumat verilmişdir. Lakin buna baxmayaraq, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru Şakir Bahadırov tərəfindən qərar qəbul edilməmişdir. İcra vərəqəsi tam şəkildə icra edildiyi üçün 27.09.2021ci il tarixdə "xxxx" BOKT MMC icra sənədi üzrə icraata xitam verilməsi ilə bağlı Binəqədi Rayon İcra Şöbəsinə ərizə ilə müraciət etmişdir. Buna baxmayaraq, Binəqədi rayon İcra şöbəsi tərəfindən hələ də icraata xitam verilməmiş, habelə xitam verilməsindən imtina edilməsi barədə hər hansı bir məlumat daxil olmamışdır. İcra sənədi üzrə icraata xitam verilməməsinin səbəbinin aydınlaşdırılması ilə bağlı icra məmuru Şakir Bahadırovla telefon vasitəsilə əlaqə saxlanılmışdır. O, həmin icra sənədinin tam icra olunmadığını, daha doğrusu işçi ilə əmək müqaviləsinin bağlanılmadığını qeyd etmiş və bu səbəbdən icraata xitam vermənin qeyri-mümkün olduğunu bildirmişdir. Bu barədə rəsmi cavab verilməsi xahiş olunsa da, bu gunədək Binəqədi rayon İcra şöbəsindən rəsmi cavab daxil olmamışdır. Halbuki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-781/2021 saylı, 05.02.2021-ci il tarixli qətnaməsi ilə MolBulak BOKT MMC-nin üzərinə X6 ilə yeni əmək müqaviləsinin bağlanılması öhdəliyi qoyulmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-63/2022 saylı, 31.01.2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi qərara alınmışdır (sədrlik edən: Fuad Abdıyev). Borclu "xxxx" MMC Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-63/2022 saylı, 31.01.2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv olunmasını və şikayətin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-63/2022 saylı, 11.02.2022-ci il tarixli qərardadı ilə, şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən borclunun nümayəndəsi A.Məmmədova şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 72-ci maddəsinin 3-cü hissəsinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir; 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur; 129-cu maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun; 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icraata xitam verilir; 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana(notarius istisna olmaqla)göndərilir. Kollegiya ilk növbədə iş materiallarına əsasən qeyd edir ki, borclunun hazırki şikayətindən əvvəl Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X5 01.11.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-781/2021 saylı, 05.02.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə tələbkar X4 məcburi işburaxma müddətini təşkil edən 29.10.2020-ci il tarixdən 01.11.2021-ci il tarixədək dövr üçün hesablanmış ümumilikdə 7.836,54 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən məcburi qaydada alınması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)- 690/2021 saylı, 24.11.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-781/2021 saylı, 05.02.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının ödənilməsi barədə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X2 ərizəsi icra sənədi tam icra edilmədiyindən təmin edilməmişdir. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, borclunun 17.08.2021-ci il tarixli, ***-**-** ş/h nömrəli əmrinə əsasən tələbkarla bağlanmış əmək müqaviləsinə həm müddət, həm də hüquqi nəticə etibarı ilə 17.08.2021-ci il tarixdə xitam verilməsinə baxmayaraq, məcburi iş buraxma müddəti qismində 05.08.2020-ci il tarixdən 28.10.2020- ci il tarixədək olan dövr əsas götürülmüşdür. Halbuki, müqaviləyə 17.08.2021-ci il tarixdə xitam verməklə (əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində də əmək müqaviləsinə 17.08.2021-ci il tarixdə xitam verildiyi qeyd edilmişdir) borclu özü də məcburi iş buraxma müddəti qismində 05.08.2020-ci il tarixdən 28.10.2020-ci il tarixədək olan dövrü deyil, 17.08.2021-ci il tarixədək olan dövrü qəbul etmişdir. Həmçinin, müəyyən edilmişdir ki, qeyd edilən icra sənədinin icrası qaydasında qəbul edilmiş 17.08.2021-ci il tarixli əmrlərin hər hansı biri ilə tələbkar işə bərpa edilməmişdir. Məhz bu halların mövcudluğunu məhkəmə əsas götürüb, icra sənədini tam icra edilmiş hesab etməmiş və nəticədə ərizəni təmin etməmişdir. Həmin qərardaddan şikayət verilməmiş və qərardad qanuni qüvvəsini almışdır. Bununla belə, həmin qərardadın mövcudluğu və orada nümayiş etdirilmiş hüquqi mövqe həm icra məmurunun icra sənədinin icrası ilə bağlı yerinə yetirdiyi hərəkətlərin qanunsuz hesab edilməsini, həm də icra sənədi üzrə icraata xitam verilməsini istisna edir və hazırki şikayətin rədd edilməsini şərtləndirir. Beləliklə, kollegiya hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X2 qanunsuz hərəkətlərinə son qoyulması və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-781/2021 saylı, 05 fevral 2021-ci il tarixli icra vərəqəsi üzrə icraata xitam verilməsi öhdəliyinin Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin üzərinə qoyulması barədə borclu "xxxx" MMC-nin şikayətinin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən kollegiya hesab edir ki, şikayətin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qərardadı işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Borclu "xxxx" BOKT MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-63/2022 saylı, 31.01.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №8(103)-72/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-72/2022
18.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver