Məhkəmə qərarları › İş №8(103)-727/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-727/2025

07.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-727/2025 07.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 icra məmurunun icra sənədi üzrə tələbin borclu olmayan şəxsin əmək haqqına yönəldilməsi barədə hərəkətlərinin qanunsuz hesab edilməsinə dair (Açar sözlər: icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-703/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından Tələbkar ASC tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. X5 şikayət ilə müraciət edərək, icra məmurunun və icra şöbəsinin rəisinin hərəkətinin (hərəkətsizliyinin) qanunsuz hesab edilərək, ər-arvadın ümumi gəlirlərdə borclu şəxsin payının müəyyən edilməsi üçün heç bir tədbirin görülmədiyini, icra sənədi üzrə tələbin borclu olmayan X2 əmək haqqına yönəldilməsini qanunsuz hesab edilməklə, X2 iş yerinə göndərilmiş məktubun ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-703/2025 nömrəli 23 oktyabr 2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmurunun Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 224/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə ər-arvadın ümumi gəlirlərdə borclu şəxsin payının müəyyən edilməsi üçün heç bir tədbirin görülməməsi və icra sənədi üzrə tələbin borclu olmayan X2 əmək haqqına yönəldilməsi barədə hərəkətlərinin qanunsuz hesab edilməsi, Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-224/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə X2 iş yerinə (Odlar Yurdu Universitetinə) göndərilmiş xx.xx.2025-ci il tarixli 67528/2023-15-30 nömrəli məktubun ləğv olunması qərara alınmışdır.

3. Tələbkar şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(005)-703/2025 nömrəli qərardadın ləğv edilməsi və X2 şikayətinin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

4. Həmçinin, Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə şikayət təqdim edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-703/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-703/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə, icra sənədi üzrə Tələbkar ASC-nin məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılması məqsədilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-703/2025 nömrəli 23 oktyabr 2025-ci il tarixli qərardadından verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-703/2025 nömrəli 23 oktyabr 2025-ci il tarixli qərardadı ləğv edilərək, iş üzrə məhkəmə iclası xx.xx.2025-ci il tarixə, saat 16:20-ə təyin olunmuşdur.

İş üzrə qəbul olunmuş məhkəmə aktları:

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-703/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə X2 şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmurunun Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-224/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə ər-arvadın ümumi gəlirlərdə borclu şəxsin payının müəyyən edilməsi üçün heç bir tədbirin görülməməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 224/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbin borclu olmayan X2 əmək haqqına yönəldilməsi barədə X2 iş yerinə (Odlar Yurdu Universitetinə) xx.xx.2025-ci il tarixli 67528/2023-15-30 nömrəli məktub göndərməsi barədə hərəkətlərinin qanunsuz hesab edilməsi qərara alınmışdır.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki halda icra sənədi üzrə tələbin iş üzrə tərəf, yəni borclu olmayan şəxsin - X2 gəlirinə yönəldilməsi ilə bağlı icra məmurunun hərəkətləri həmin şəxsin mülkiyyət hüququnun pozulması ilə nəticələnə bilər.

Şikayətin dəlilləri:

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-703/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Tələbkar ASC tərəfindən şikayət verilərək qərardadın ləğv edilməsi və X2 şikayətinin təmin edilməməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.

9. Şikayət onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ər-arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etdiyindən, onların kimin adına olmasından asılı olmayaraq ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əldə etdiyi əmlak xarakterli öhdəliklər də ümumi birgə əmlaka daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Göründüyü kimi, qanunvericilikdə bu hal dispozitiv xarakter daşımır, əmlak xarakterli öhdəliklərin ər-arvada münasibətdə icra edilməsi onların hüququ kimi deyil, vəzifəsi kimi nəzərdə tutulmuşdur, yəni, imperativ olaraq nəzərdə tutulmuşdur. Məhkəmə isə məsələyə səthi yanaşmış, nəticədə bankın maraqları və mənafeyi pozulmuşdur. Qeyd edir ki, ümumi əmlak hesab edilən əmək haqqına yönəldilmə zamanı isə pay müəyyən edilməsi ilə bağlı məhkəmənin mövqeyi ilə razı deyillər. Adi qaydada ərin əmək haqqına hansı qaydada yönəldilmə aparılırsa, arvadın da əmək haqqına həmin qaydada yönəldilmə aparılmalıdır. Bununla belə, hazırkı mübahisə payla bağlı deyil, şikayət vermiş şəxs ümumilikdə onun əmək haqqına yönəldilmənin qanunsuz olması əsası ilə şikayət vermişdir. Digər yandan, məhkəmə özü öz qərardadında Konstitusiya Məhkəməsinin sözügedən Plenum qərarına istinad edərək qeyd etmişdir ki, “...Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır...”. Bu yerdə xüsusilə qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunduğu kimi, sözügedən hallar məhkəmənin öz qərardadında qeyd etdiyi formada “icra məmuru” tərəfindən deyil, bilavasitə məhkəmənin özü tərəfindən araşdırılmalıdır. Məhkəmə isə ümumiyyətlə həmin məsələni araşdırmamış, qeyd edildiyi kimi bunu icra məmurunun vəzifəsi olaraq göstərmişdir. O cümlədən, məhkəmə özünün məhkəmə iclasında araşdırmalı olduğu və öz qərardadında şikayətin təmin edilməli olmasına istinad etdiyi hallardan biri olan “İcra haqqında” Qanununun 45.8-ci maddəsinə müvafiq olaraq, ərarvadın ümumi mülkiyyətdə olan payından bəhs edərkən nəzərə almamışdır ki, həmin maddədə tələbin Azərbaycan Respublikası mülki qanunvericiliyinə uyğun olaraq, ümumi mülkiyyətdə olan paylara yönəldilməsindən söhbət edir. Göründüyü kimi, burada tərəflərin arasında nikahın pozulmaması da nəzərə alınmaqla, paylı mülkiyyətdən bəhs edərkən, birgə mülkiyyətdə olan əmlak istisnadır. Məhkəmə isə bu halı da nəzərə almamışdır. Digər yandan, hesab edirlər ki, borclu olmayan şəxsin əmək haqqında tutulmaların aidiyyəti üzrə göndərilməsi qanunda nəzərdə tutulmaması ilə məhkəmənin mövqeyi də səhvdir və Konstitusiya Məhkəməsinin Plenumunun formalaşmış mövqeyinə ziddir. Çünki burada icra sənədində kimin borclu olaraq qeyd edilməsindən deyil, ər-arvadın birgə mülkiyyətində olan əmlaka yönəldilmədən söhbət gedir. Digər yandan, məhkəmə heç onu da nəzərə almamışdır ki, yönəldilmə sadəcə olaraq əmək haqqının 25%-i təşkil etmişdir və bu ağlabatan həddədir. Üstəlik, məhkəmə qərardadında sözügedən yönəldilmənin şikayət vermiş şəxsin maraqlarını pozduğunu qeyd edərkən nəzərə almamışdır ki, əksinə tələbkarın maraqları kobud surətdə pozulur və məhkəmə qətnaməsinin icrası sadəcə kağız üzərində qalır, real hüquq “xəyali hüquq”a çevrilir. Məhkəmə tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmuşdur. Məhkəmənin həmin mövqeyi də səhvdir. Belə ki, məlumdur ki, borclunun adına hər hansı əmlakın olub-olmamasını müəyyənləşdirmək üçün “Elektron icra” sistemi mövcuddur və icra məmuru tərəfindən belə bir məlumat aşkar edilməmiş, mümkün olan hazırkı məcburi icra tədbiri görülmüşdür. Bundan başqa, məhkəmələr üçün də “Elektron məhkəmə” informasiya sistemi yaradılmışdır və borclunun adında əmlakın olub-olmamasını məhkəmənin özü də istənilən an real vaxt rejimində yoxlaya bilər. Məhkəmə tərəfindən isə bu istiqamətdə heç bir araşdırma aparılmamışdır. Əks halda, məhkəmə borclunun adında əmlak aşkar etsəydi, yalnız həmin halda məhkəmənin mövqeyi əsaslı olardı. Digər yandan da icra məmurunun gördüyü tədbir məhz məcburi icra tədbirləri sırasına daxildir, icra məmuru tərəfindən hazırki icra tədbirinin tətbiq edilməsinə hər hansısa əngəl yoxdur.

Etirazların dəlilləri:

10. Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin rəisi R.Abbasov Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-703/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadına qarşı etiraz vermişdir.

11. Etiraz onunla əsaslandırılmışdır ki, sözügedən icra sənədi üzrə başlanılmış icraat zamanı tələb borclu tərəfindən könüllü təmin edilməmiş, onda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmiş, icraat zamanı iş üzrə borclunun arvadı X2 Odlar Yurdu Universitetində müəllimə işləməklə 700 manat əməkhaqqı aldığı məlum olmuş, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq icra məmuru tərəfindən müvafiq qərar qəbul edilmiş və tələb xx.xx.2025-ci il tarixdə onun əməkhaqqının 25 faizinə (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz) yönəldilmişdir. İşin əsasları da odur ki, icra sənədi üzrə ödənməli tələb kredit müqaviləsindən irəli gəlmişdir, yəni şəxsi xarakterli deyil. Kredit birgə nikah dövründə alınmışdır, ailənin birgə ehtiyaclarına xərcləndiyi prezumpsiya təşkil edir, əgər digər tərəf bunun əksini iddia edirsə, o halda bunu sübut etməli və bu mübahisəyə məhkəmə müstəvisində hüquqi qiymət verilməlidir. Son nəticədə icra məmuru qanunun birbaşa tələbinə görə ümumi mülkiyyət sayılan gəlirin yalnız borcluya çatası həddində yönəltmə etmiş, eləcə də ümumi yönəltmə hədlərini aşmamışdır (gəlirinin 75%-i borclunun arvadının özündə qalır).

12. X2 vəkili və nümayəndəsi Vəkil Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-703/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından verilmiş şikayətə qarşı etiraz verərək, qərardadın dəyişdirilmədən saxlanılmasınıl xahiş etmişdir.

13. Etiraz onunla əsaslandırılmışdır ki, X5 icra sənədi üzrə borclu deyil, ona icra sənədinin könüllü icrası barədə bildiriş verilməmiş, əmlak vəziyyəti yoxlanılmamış və digər icra tədbirləri görülməmişdir. Bundan əlavə etirazda qeyd edilmişdir ki, ümumi əmlaka tələbin yönəldilməsi yalnız həmin əmlakda borclu şəxsin payı müəyyən olunduqda mümkündür, ümumi əmlakın bölünməsi yalnız kreditorun ərizəsi əsasında ola bilər, bu isə onu göstərir ki, ümumi əmlakda payın müəyyən edilməsi hüququ icra məmuruna verilməmişdir və bu cür hərəkətlər (payın özünün istəyi ilə müəyyən edib tələbi ona yönəltmək) ciddi qanun pozuntusudur. Buna görə də Borclu borcunun X1 tələb edilməsi qanunsuzdur.

Tətbiq edilən hüquq normaları:

14. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun:

15. 24-cü maddəsinə əsasən (24.1.1) icra sənədi borclunun əmək haqqından (gəlirindən) birdəfəlik və ya vaxtaşırı tutmalar üçün onun iş yerinə göndərildikdə, (24.1.2) icra sənədi bir icra qurumundan müvafiq ərazi üzrə digər quruma göndərildikdə icra sənədi aidiyyəti üzrə göndərilmiş hesab edilir.

16. 43.1-ci maddəsinə əsasən, məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər;

17. 45.8-ci maddəsinə əsasən, borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir.

18. 63.1-ci maddəsinə əsasən, tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə aşağıdakı hallarda yol verilir: 63.1.1. vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; 63.1.2. icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; 63.1.3. tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə.

19. 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, Tələbkar ASC tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-703/2025 nömrəli xx.xx.2025-ci tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

21. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 224/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdehlər Borclu və X3 cəmi 16299,27 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 138,90 manat pul müştərək qaydada tutularaq Tələbkar ASC-yə ödənilməlidir.

22. İcra məmurunun icraata başlamaq haqqında qərarının surətindən görünür ki, icra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək könüllü icra barədə bildirişlə birlikdə icra olunması üçün borcluya göndərilmişdir.

23. Borclu ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borcludan tələbin 10 gün müddətində könüllü ödənilməsi xahiş edilmiş, tələb icra edilmədiyi təqdirdə qanunvericiliklə müəyən olunmuş qaydalar izah olunmuşdur.

24. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən Odlar Yurdu Universitetinə ünvanlanmış xx.xx.2025-ci il tarixli e67528/2023-15-30 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-224/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi Borclu arvadı X2 əmək haqqından tutulmalar aparılması üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 24.1.1-ci maddəsinə əsasən göndərilmişdir.

25. xx.xx.2025-ci il tarixli e67528/2023-15-23/01 nömrəli inkasso sərəncamından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi e67528/2023-15-23 nömrəli xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrası üzrə ümumi borc məbləği 14262,44 manat pul tutulub borc tam ödənilənədək hər ay borclunun hesabından 464,88 manat tutularaq müvafiq hesaba köçürülməlidir.

26. Beləliklə, iş materiallarından göründüyü kimi X5 hazırki icra işi üzrə borclu şəxs deyildir. Bundan əlavə, ona icra sənədinin könüllü icrası barədə bildirişin verilməsi iş materialları təsdiqini tapmır.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci il 23 iyul tarixli qərarına əsasən, Mülki Məcəllənin 225, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır.

28. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarının:

29. 3.3-cü bəndində qeyd edilmişdir ki, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir;

30. 3.15-ci bəndinə əsasən qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür;

31. 6.36-cı bəndinə əsasən Konstitusiya Məhkəməsinin 2021-ci il 23 iyul tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor (kreditorlar) ödəməni ərarvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor (kreditorlar) qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır;

32. 6.37-cı bəndinə əsasən ümumi öhdəlikdə payların müəyyən olunması zamanı borclunun əvəz edilməsi həyata keçirilmir. Belə ki, Mülki Məcəllənin 522-ci maddəsinə (öhdəliklərin verilməsi əsasları və qaydası) müvafiq olaraq öhdəlik üçüncü şəxsə yalnız kreditorla (kreditorlar) müqaviləyə əsasən verilə bilər. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu, yalnız kreditorun (kreditorların) icazəsi ilə etibarlı olur. Digər tərəfdən kredit təşkilatları məhz borcalan qismində müraciət etmiş şəxsin şəxsiyyətini, maddi imkanlarını, ödəmə qabiliyyətini nəzərə alaraq, həmin şəxslə kredit hüquq münasibətlərinə daxil olduğundan kreditorun iradəsinə zidd olaraq borclunun dəyişdirilməsi kreditorun (kreditorların) mənafeləri uyğun olmamaqla, onun öz risklərini idarə etmək imkanlarına ciddi təsir edə bilər.

33. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarlarını nəzərə alaraq qeyd edir ki, Tələbkar ASC tərəfindən ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verməmiş, həmçinin tələbkar ilə X5 arasında öhdəliyin verilməsi barədə müqavilə mövcud deyildir. İcra məmurunun isə ər-arvadın ümumi əmlakda payının müəyyən edilməsi hüququnun olması qanunvericilikdə nəzərdə tutulmamışdır.

34. Bundan əlavə, “İcra haqqında” Qanunun 45.8-ci maddəsinə əsasən, borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Lakin icra məmuru mübahisələndirilən xx.xx.2025-ci il tarixli məktubu göndərərkən borclunun ümumi mülkiyyyətə payının olub-olmamasının, payı mövcuddursa, hansı hissədə paya sahib olması üzrə hər hansı bir araşdırılma aparılmamışdır.

35. Buna görə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırki halda icra sənədi üzrə tələbin iş üzrə tərəf, yəni borclu olmayan şəxsin - X2 gəlirinə yönəldilməsi ilə bağlı icra məmurunun hərəkətləri həmin şəxsin mülkiyyət hüququnun pozulması ilə nəticələnə bilər.

36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Tələbkar ASC-nin şikayəti əsassızdır və qərardadın ləğv edilməsi üçün əsaslar mövcud deyildir.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Tələbkar ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-703/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar