Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-73/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi Tələbkar nümayəndəsi (vəkil) X3, X1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-1268/2015 saylı qətnaməsinin hissə-hissə, hər ay 2000 manat olmaqla icra olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Borclu ərizəni belə əsaslandırmışdır ki, hal-hazıradək 148000 manat məbləğində pul Tələbkar ödənilmişdir. Hazırda işləmədiyinə və ödəmə imkanları aşağı olduğuna görə borcunun ödənilməmiş hissəsini hissə-hissə, yəni ayda 2000 manat məbləğində ödəmək niyyətindədir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim İ.Əliyev, iş №8(001)-645/20) ərizə təmin edilməmişdir. Borclu S.Şeydayev həmin qərardaddan şikayət vermişdir. Şikayət ərizə ilə eyni məzmunda əsaslandırılmışdır. Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. X2 məhkəmə kollegiyasının iclasında ərizəni və şikayəti müdafiə edərək onların məzmununa uyğun izahat verdi. Əlavə olaraq məhkəməyə ərizə təqdim edərək ödənilməmiş qalan məbləğin ayda 3000 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını xahiş edir. Borclu, maddi vəziyyətinin pisləşməsi ilə bağlı məhkəməyə ailə vəziyyəti haqqında arayış, işsiz kimi məşğulluq orqanında qeydiyyatda olmasına dair arayış, səhhətinin pozulması ilə bağlı tibbi arayış təqdim etmişdir. Tələbkar nümayəndəsi (vəkil) X5 məhkəmə kollegiyasının iclasında ərizəyə və şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv olunmalı və ərizənin təmin edilməsi barədə yeni qərardad çıxarılmalıdır. Birinci instansiya məhkəməsi ərizəni rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, qətnamənin hər ay 2000 manat ödənilməklə icrası 2015-ci il tarixli icra sənədinin icrasının 4 ildən çox müddətdə uzadılmasına gətirib çıxaracaqdır ki, bu da tələbkarın mənafeyinə uyğun hesab edilə bilməz. Eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin illər ərzində tam icra edilməməsi ədalətli məhkəmə araşdırmasını xəyali hüquqa çevirmiş olar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəni müzakirə edərkən borc məbləğinin yalnız Sarvan Şeydayevdən deyil, müştərək qaydada tutulmasını, borcun yarısından çoxunun S.Şeydayev tərəfindən ödənilməsini (öz payına düşəndən artıq), ödənilmiş borc məbləğinin həcminin kifayət qədər böyük olması baxımından borc ödənildikdən sonra borclunun maddi və əmlak vəziyyətinin ağırlaşmasını nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, maddi və əmlak vəziyyəti ağırlaşmış borclu S.Şeydayev qalıq borcunu birdəfəyə ödəmə imkanına malik deyildir, həmin imkanı əldə etmək üçün isə müəyyən müddətə ehtiyac yaranır ki, nəticə etibarı ilə borc hissə-hissə ödənildikdə həmin müddətdən daha səmərəli istifadə edilməklə nəticə əldə edilə bilər. Beləliklə, hazırkı vəziyyətdə borcun hissə-hissə ödənilməsi həm borclunun, həm də tələbkarın mənafeyinə uyğundur. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunvericilikdə məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarın 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişidirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunun mənasına görə qətnamənin hissə-hissə icra edilməsinə o hallarda yol verilir ki, belə icra mümkün olur, borcluya məxsus əmlak mövcud olmur və məhkəmə, qətnamənin digər formada icra olunmasının qeyri-mümkün olduğu qənaətinə gəlir. İşin hallarından göründüyü kimi, qətnamənin digər formada icrası hazırkı vəziyyətdə qeyri-mümkündür və bu baxımdan borcun hissə-hissə ödənilməsi tərəflərin mənafeyinə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2015-ci il tarixli qərarında qeyd olunur ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” xx xxxxxx 2010-cu il tarixli Qərarı). Buna görə də məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə mənfi təsir göstərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Şikayət təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-1268/2015 saylı icra sənədi üzrə 250 000 manat məbləğində borcun ödənilməmiş hissəsi (qalıq borcu) X2 tərəfindən Tələbkar hər ay 3000 manat ödənilməklə icra edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №8(103)-73/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-73/2021
17.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver