Məhkəmə qərarları › İş №8(103)-73/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-73/2024

27.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-73/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-428/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə izah verilməsinə dair (Açar sözlər: icra vərəqəsinə izah verilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X17 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X9 ibarət tərkibdə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(004)-10/2024 nömrəli qərardadından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçılar Tələbkar1 və Tələbkar2 cavabdehlər X12, X20, X7, X13, X2, X8, X3, X18, X4, X5, X10, X1, X14, X11 və X6 qarşı (İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “payın naturada real bölgüsünün aparılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən faktiki sahəsi 0,03072 ha olan torpaq sahəsinin və üzərində inşa edilmiş 18.830 kv.metr mülkün paylı mülkiyyətçilər arasında, iddiaçılar Tələbkar1 73/288 hissə və 119/288 hissədən 28 kv. metr olmaqla ümumilikdə 120 kv.metr torpaq sahəsinin və 75,7 kv.metr tikilinin, Tələbkar2 80 kv.metr torpaq sahəsi və 119/288 hissədən 49.8 kv. metrə uyğun hissəsinə paylarının ayrılması və naturada real bölgüsünün aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-428/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1 nömrəli evdən iddiaçı Tələbkar1 73/288 hissə və 119/288 hissədən 28,0 kv.metr payına uyğun olaraq istifadəsində olan “A” literli tikilinin 1; 2; və 3 saylı, “Q” literli tikilinin 3 saylı (13,3 m2 ) və “A” literli tikilinin həyət istiqamətinə 1,7 metr məsafədə sərhəd hasarı tikilməklə və ümumi sahəsi 75,73 m2 olan tikililərin yerləşdiyi 0,012000 ha torpaq sahəsinin naturada ayrılması; ünvan 1 nömrəli evdən iddiaçı Tələbkar2 119/288 hissədən 49,8 kv.metr payına uyğun olaraq istifadəsində olan “Q” tikilinin 1; 2; 4 və 5 saylı tikililəri, “B” literli tikilinin 1 və 4 saylı tikililəri və ümumi sahəsi 49,8 m2 olan tikililərin yerləşdiyi 0,008466 ha torpaq sahəsinin naturada ayrılması qət edilmişdir. İddia qalan hissədə rədd edilmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat pul iddiaçılar Tələbkar1 və Tələbkar2 müştərək qaydada tutularaq “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (AZ64AİİB400900C**********208) köçürülməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçı Tələbkar1 aid edilməsi qət edilmişdir.

3. Qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmiş və xx.xx.2023-cü il tarixdə icra vərəqələri verilmişdir.

4. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəyli xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-428/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqələrinə əsasən “torpaq sahələri naturada ayrılmalıdır” ifadələri həm texniki pasport, həm də çıxarışın verilməsini ehtiva edib-etməməsi haqqında izah verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir.

5. Ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-428/2023 nömrəli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə məktub göndərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Yasamal rayon İcra Şöbəsinə ünvanladığı 3- 21-3-02/2-KOL-438/02-8/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda 1 saylı Bakı Ərazi İdarəsinin vəzifə səlahiyyətləri ilə bağlı hər hansı icra tədbiri nəzərdə tutulmadığı bildirilmişdir. Odur ki, qətnaməyə izah verilməsinə zərurət yaranmışdır.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(004)-10/2024 nömrəli qərardadı ilə ərizə təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-428/2023 nömrəli qətnaməsinə izah verilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-428/2023 nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqələrində göstərilən - “ünvan 1 nömrəli evdən iddiaçı Tələbkar1 73/288 hissə və 119/288 hissədən 28.0 kv.metr payına uyğun olaraq istifadəsində olan “A” literli tikilinin 1; 2; və 3 saylı, “Q” literli tikilinin 3 saylı (13.3 m2 ) və “A” literli tikilinin həyət istiqamətinə 1.7 metr məsafədə sərhəd hasarı tikilməklə və ümumi sahəsi 75.73 m2 olan tikililərin yerləşdiyi 0.012000 ha torpaq sahəsi naturada ayrılsın” ifadəsi - “ünvan 1 nömrəli evdən iddiaçı Tələbkar2 119/288 hissədən 49.8 kv.metr payına uyğun olaraq istifadəsində olan “Q” tikilinin 1; 2; 4 və 5 saylı tikililəri, “B" literli tikilinin 1 və 4 saylı tikililəri və ümumi sahəsi 49.8 m2 olan tikililərin yerləşdiyi 0.008466 ha torpaq sahəsi naturada ayrılsın” ifadəsi - 2(004)-428/2023 nömrəli mülki iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin əmlaklara dair daşınmaz əmlakın dövlət reyestrində olan məlumatlarda müvafiq dəyişiklik aparılmasını, mülkiyyətçilərin hər birinə ayrıca yeni texniki pasportların və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsini özündə ehtiva edir və bu sənədlərin verilməsi üçün əsasdır.

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-428/2023 nömrəli qətnaməsi əsasında iddiaçıların daşınmaz əmlakın dövlət reyestrində mövcud olan mülkiyyət hüquqları barədə reyestr yazısında müvafiq olaraq dəyişiklik aparılması, yeni texniki pasport və çıxarışlar verilməsi mülki işə baxılarkən 3-cü şəxs qismində cəlb edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılmalı olduğu halda, sonuncu məktubunda qətnamə ilə idarənin üzərinə öhdəlik qoyulmadığını əsas gətirməklə hüquqların dövlət qeydiyyatının aparılmasından əsassız olaraq imtina etmişdir. Məhkəmənin qətnaməsində 3-cü şəxs qismində cəlb edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmaması, İdarəni qətnaməni icra etmək vəzifəsindən azad etmir. Çünki, daşınmaz əmlakın dövlət reyestrində olan qeydiyyat yazısında dəyişiklik aparılması yalnız həmin orqanın səlahiyyətlərinə aiddir.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

8. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi şikayət verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-10/2024 saylı, 09 yanvar 2024-cü il tarixli qərardadını ləğv edərək ərizənin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki halda bölgüsü nəzərdə tutulan paylar vahid konstruktiv yükgötürən divarlara malik olmaqla bir dam altında yerləşir və “Q” tikilisinin 1 divarı“B” tikilisinin isə 2 divarı ümumi istifadə olunur. Konstruktiv olaraq vahid olan binanın bölünməsi mümkün deyildir. Hazırki qərardaddan göründüyü kimi iddia tələbi 1 saylı BakıƏrazi İdarəsinə qarşı yönəlməmişdir. Lakin qətnaməyə izah verilməklə İdarə üzərinə öhdəlik qoyulmuşdur.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(004)- 10/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-10/2024 saylı, 09 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, şikayət, 8(004)-10/2024 saylı işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

11. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq normaları:

12. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

13. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 230.1-230.3-cü maddələrinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. Qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir.

14. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və zərurət olduqda, icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir

15. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 14-cü bəndində göstərilir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işə baxmış hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-10/2024 saylı, 09 yanvar 2024-cü il tarixli qərardadı ləğv edilməli, ərizə rədd edilməlidir.

17. Yuxarıda göstərilən maddələrin məzmunundan görünür ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda onun icrası çətin və ya qeyri-mümkün olur. Belə hallarda adətən qətnamənin izah edilməsi zərurəti yaranır ki, bu da məhkəmə qətnaməsinin icrasından yaranan çətinliklərin aradan qaldırılmasının prosessual vasitəsidir.

18. Belə ki, qətnaməyə izah verilməsi qətnamədəki hüquqi terminlərin və ifadələrin yerində və Azərbaycan dilinin qrammatik qaydalarına uyğun işlədilməməsi, qətnamənin tərtib olunmasında anlaşılmayan, çoxmənalı söz və ifadələrdən istifadə olunması nəticəsində məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi və qətnamənin icrasında çətinlik yaranması ilə əlaqədar olur. Qətnamədə sözün, söz birləşməsinin və ya cümlənin ehtiva etdiyi mənanın müəyyən edilməsi zərurəti olduqda da qətnamə izah oluna bilər. Qətnaməyə sadalananlarla əlaqədar olmayan hallarda izahın verilməsi onun məzmununun dəyişdirilməsinə səbəb ola bilər.

19. Məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq hesab edir ki, hazırda icra məmurunun izah verilməsi xahiş etdiyi məsələ qətnamədəki hüquqi terminlərin və ifadələrin yerində və Azərbaycan dilinin qrammatik qaydalarına uyğun işlədilməməsi, qətnamənin tərtib olunmasında anlaşılmayan, çoxmənalı söz və ifadələrdən istifadə olunması ilə bağlı deyildir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(004)-428/2023 nömrəli qətnaməsindən müəyyən edilir ki, qətnamə verilən iddia tələblərinə uyğun çıxarılmış, kifayət qədər anlaşılandır, sözügedən qətnamədə hər hansı bir aydın olmayan ifadə və ziddiyyət yoxdur, nəticə hissəsi də aşkar tərtib edilmişdir. İzah verilməsi xahiş edilən məsələ isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-428/2023 nömrəli qətnaməsinin məzmunu ilə əhatə olunmur və hazırki prosessual vasitə ilə bu məsələnin həll edilməsi yolverilməzdir.

20. Çünki sözügedən qətnamədə öz həllini tapan məsələ - tərəflərin paylı mülkiyyətlərində olan evin və yalnız istifadələrində olan torpaq sahəsinin onların arasında naturada bölünməsi, bu əmlaklardan faktiki istifadə qaydasının müəyyən edilməsini əhatə edir. Belə ki, evin naturada bölgüsündən sonra bölgüyə uyğun torpaq sahəsinin hansı hissələrindən kimin istifadə edəcəyi dəqiq olması da zəruri olduğundan torpaq sahəsinin naturada bölünməsi labüd hesab edilmişdir. Əks halda evin naturada bölünməsinin əhəmiyyəti də itmiş olacaqdır. Tikili tərəflərə mülkiyyət hüququ ilə məxsus olsa da, istifadə qaydası müəyyən edilmiş torpaq sahəsi tərəflərə hər hansı əşya hüququ ilə məxsus olması halı məhkəmə araşdırmasının predmeti olmamışdır.

21. Bu baxımdan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-428/2023 nömrəli qətnaməsi ilə mübahisəli torpaq sahəsindən istifadə qaydasının müəyyən olunması barədə mübahisə həll olunsa da, həmin torpaq sahəsinin hər hansı hüquqla Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı olması barədə məsələlər araşdırılmamışdır.

22. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Bu zaman yaranan mübahisə üzrə maraqlı şəxs inzibati orqanının vəzifəli şəxsinin qərarından və ya hərəkətlərindən (hərəkətsizliyindən) narazı qaldığı təqdirdə tələbinə uyğun iddia ilə inzibati icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir.

23. Beləliklə məhkəmə kollegiyası “qətnaməyə izah verilməsi” barədə ərizəni nəzərdən keçirərək qətnaməyə izahın verilməsinə ehtiyac olmadığı qənaətinə gəlir. Çünki Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin “qətnaməyə izah verilməsi” barədə ərizəsi iş üzrə məhkəmə baxışının predmeti olmayan məsələyə aydınlıq gətirilməsi ilə əlaqədardır və məhkəmə tərəfindən bu hallara qiymət verilməsi qətnamənin məzmununun dəyişdirilməsi ilə nəticələnə bilər. Qanunvericilik isə qətnamənin onun məzmunu dəyişdirilmədən izah olunmasının mümkünlüyünü nəzərdə tutur.

24. Beləliklə məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, hazırki şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-10/2024 saylı, 09 yanvar 2024-cü il tarixli qərardadı ləğv edilməli, iş üzrə yeni qərardad qəbul edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-428/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqələrinə əsasən “torpaq sahələri naturada ayrılmalıdır” ifadələri həm texniki pasport, həm də çıxarışın verilməsini ehtiva edib-etməməsi haqqında izah verilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin ərizəsi təmin edilməməlidir.

25. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir.

26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-10/2024 saylı, 9 yanvar 2024-cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-428/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqələrinə izah verilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin ərizəsi rədd edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar