Məhkəmə qərarları › İş №8(103)-75/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-75/2025

28.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-75/2025 28.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 8(006)-6/2025 nömrəli iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi 14 yanvar 2025-ci il tarixli qərardaddan borclu X2 vəkili (nümayəndəsi) Vəkil2 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-69/2016 saylı iş üzrə verdiyi xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən, borclu X3 cəmi 1.227.162,08 ABŞ dolları məbləğində kredit borcu tutularaq Tələbkar ASC-yə ödənilməli, tutma ipoteka predmetlərinə, yəni borcluya məxsus olan və Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən 1,80 ha torpaq sahəsi və onun üzərində yerləşən bağ evinə yönəldilməli, torpaq sahəsi və bağ evi ilkin satış qiyməti 1.500.000 manat müəyyən edilməklə açıq hərracdan satılmalı, satışdan əldə oluna biləcək pul vəsaiti həmin borcun ödənilməsinə yönəldilməlidir. İcra vərəqəsi aidiyyəti üzrə icra olunması üçün Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinə göndərilmişdir. Həmin İcra Şöbəsinin icra məmuru Rövşən Əhmədov təqdimatla Nəsimi Rayon Məhkəməsinə müraciət edərək icra vərəqəsinin icrasının təmini məqsədi ilə borclu Samirə Əliyevanın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimata baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə təqdimatın təmin edilməsini qərara almışdır. Borclunun həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə şikayətin təmin etməməsini və baxılması üçün şikayətin, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası şikayətə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla şikayətin təmin edilməməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardadın dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Daha sonra borclu ərizə ilə Nəsimi Rayon İcra Şöbəsinə müraciət edərək, ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətinin ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, əlil olan iddiaçı, onda olan xərçəng xəstəliyinin müalicəsi ilə əlaqədar İtaliya Respublikasına getməlidir. Tələbkar Banka olan borcun bir hissəsini ödəmiş, qalan borc isə onun pensiyasından tutulur. İtaliyada yerləşən klinikadan iddiaçıya müalicəsi ilə əlaqədar dəvətnamə də gəlmişdir. Müraciətə əsasən Nəsimi Rayon İcra Şöbəsi tərəfindən borcluya xx.xx.2024-cü il tarixli, 149956/2023-5-29-005 saylı məktubla imtina cavabı verilmişdir. Həmin imtinanı əsassız hesab edən borclu şikayət ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Rövşən Əhmədovun həmin imtinası ilə bağlı hərəkətinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi və onun ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyətin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. “İcra məmurunun hərəkətindən (hərəkətsizliyindən) şikayət” onunla əsaslandırılmışdır ki, borclu ahıl insandır və xərçəng xəstəliyindən əziyyət çəkir. Hər il olmaqla o, müəyyən şəxslərin maddi köməkliyi və ianələri əsasında o, xərçəng xəstəliyindən müalicəsi üçün xarici ölkələrə gedir. Rayon Məhkəməsi qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırıldığından o, xərçəng xəstəliyindən müalicə üçün ölkədən çıxa bilmir. Xərçəng xəstəsi olması səbəbindən əlildir, əlilliyə görə aylıq pensiya alır. Yuxarıda qeyd olunan məhkəmə qərarının icra olunması üçün qərarda göstərilən borc məbləği borclunun 50% həcmində aylıq pensiyasına yönəldilmişdir. Borclu əziyyət çəkdiyi xərçəng xəstəliyindən müalicə üçün ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin müvəqqəti götürülməsi haqqında Nəsimi Rayon İcra Şöbəsinə ərizə ilə müraciət olunsa da, həmin Şöbənin xx.xx.2024-cü il tarixli məktubu ilə müraciəti təmin edilməmiş, borclunun ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətinin ləğv edilməsindən əsassız olaraq imtina edilmişdir. Buna görə də, borclu hesab edir ki, icra məmurunun həmin imtinası ilə bağlı hərəkətinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməli və onun ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyət götürülməlidir. “İcra məmurunun hərəkətindən (hərəkətsizliyindən) şikayətə” baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla həmin şikayətin təmin edilməməsini qərara almışdır. Borclunun həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və borclunun verdiyi “icra məmurunun hərəkətindən (hərəkətsizliyindən) şikayətə” yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın tələbinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra, habelə aşağıdakı hallarda icra məmuru 24 saat müddətində həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir (bənd 2.8.): “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsi ilə müəyyən edilmiş əsaslar üzrə icraata xitam verildikdə (bənd 2.8.1.); “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.1 və 23.1.5-ci maddələrinə əsasən icra sənədi qaytarıldıqda (bənd 2.8.2.); məhkəmə qərarı olduqda (bənd 2.8.3.). “İcra haqqında” Qanunun 20.1-ci maddəsinin tələbinə görə, icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə (maddə 20.1.1.); məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə (maddə 20.1.2.); tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə (maddə 20.1.3.); icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə (maddə 20.1.4.); qanun əsasında borclunun dövlətə olan borcu silindikdə (maddə 20.1.4-1.); qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə (maddə 20.1.4-2.); icra sənədi tam icra olunduqda (maddə 20.1.5.). Həmin Qanunun 23.1-ci maddəsinin mənasına görə, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: tələbkarın ərizəsi əsasında (maddə 23.1.1.); tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda (maddə 23.1.5.). Lakin nəzərə alınmalıdır ki, “icra məmurunun hərəkətindən (hərəkətsizliyindən) şikayətə” əlavə edilmiş tibbi arayışlar və analiz nəticələri ilə təsdiq edilir borclu xərçəng xəstəliyindən əziyyət çəkir və həmin xəstəliklə bağlı olaraq İtaliya Respublikasında yerləşən klinikadan borcluya müayinə və müalicə üçün dəvət daxil olmuşdur. Xərçəng xəstəliyinin spesifikasını və klinikasını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə, hər kəsin yaşamaq (maddə 27.; hissə İ.), sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır (maddə 41.; hissə İ.). İş materiallarından isə görünür ki, Rayon Məhkəməsi borclunun “icra məmurunun hərəkətindən (hərəkətsizliyindən) şikayətə” baxarkən “İcra haqqında” Qanunun və “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın yuxarıda qeyd edilən tələblərini nəzərə alsa da, “icra məmurunun hərəkətindən (hərəkətsizliyindən) şikayəti” Azərbaycan Respublikası Konstitusiyasının qeyd edilən tələbləri baxımından müzakirə etməmiş, borclunun ölkə daxilində müalicəsinin mümkün olub-olmamasını araşdırmamışdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Borclu X2 şikayəti qismən təmin edilsin. Hazırkİ iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 yanvar 2025-ci il tarixli qərardad ləğv edilsin və borclu X2 “icra məmurunun hərəkətindən (hərəkətsizliyindən) şikayətinə” yenidən baxılması üçün iş Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar