Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-77/2025 06.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə icraat üzrə (Açar sözlər: borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-135/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi əsasında verilmiş Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın təmin edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, 8(004)-566/2024 saylı qərardadından borclu tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-135/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 24601 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
2. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir.
3. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-135/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 24601 manat pul tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi əsasında başlanılmış icraat prosesində Borclu tərəfindən könüllü təmin edilməmiş, tələbin borclunun əmlakı hesabına ödənilməsi istiqamətində görülmüş tədbirlər müsbət nəticə verməmişdir. Məhkəmə qərarı əsasında verilmiş icra vərəqəsi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün və borclunun ölkədən getmək ehtimalının olması nəzərə alınaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məhkəmədən xahiş olunmuşdur.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(004)-566/2024 nömrəli qərardadına əsasən təqdimat təmin edilmişdir.
5. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, icra sənədinin üzrsüz səbəbdən icra olunmaması, Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarlarının icra olunmasında məhkəmələrin xüsusi hüquqi marağı, hüquq münasibətlərinin subyektləri arasında hüquqi nihilizmin qarşısının alınması, hüquq qaydasının, qanuna itaətin təmin olunması məqsədi ilə, həmçinin iş materiallarında qeyd olunan xüsusatlar nəzərə alınmaqla, icra sənədi əsasında Borclu icra sənədini üzürsüz səbəbdən icra etmədiyi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-135/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, borcun ödənilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. İcra sənədi üzrə ümumi öhdəliyin 24601 manat təşkil etməsi, ödənilmiş hissənin isə təxminən 7000 manata yaxın olması, icra sənədinin 3 ildən artıq vaxtdır icra olunmaması, tələbkarın üstün maraqları nəzərə alınmaqla məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, Borclu aylıq əmək haqqı 450 manat təşkil edir. Borclu məhkəməyə izahat verərək icra sənədi üzrə aylıq 100 manat hissədə ödəniş edəcəyini bildirir. Borclunun əmək haqqının məbləği, tutulma yönəldildikdə belə əmək haqqından tutulacaq məbləğin həcmi və qalıq icra məbləği nəzərə alınmaqla icra sənədinin icrası 10 ildən artıq müddətə davam edəcəkdir. Bu isə, məhkəmə qərarının icrasını xəyali müstəviyə keçirtməklə qərarın bundan sonra da uzun illər ərzində icrasız qalmasına səbəb olacaqdır
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
6. Borclu tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, 8(004)-566/2024 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə təqdim edilərək buraxılmış müddətin bərpa edilməsi xahiş edilmişdir
7. Şikayət onunla əsaslandırılmışdır ki, borclu Hacıyev X3 qeyd edilən 100 manat ödənişə dair heç bir kəlmə deməmişdir. Əksinə, borc məbləğindən ödənişlər etdiyini və borcu ən qısa zaman ərzində bağlayacağını, o vaxta qədər isə bacardıqca ödənişlər edəcəyini bildirmişdir. Həmçinin, bildirmişdir ki, borcu əvvəllər də ödəniş etmiş, sonra icra məmuru borc məbləğini tutulması üçün onun əmək haqqına yönəldəcəyini dediyi qısa müddət ərzində borcu ödəməmişdirsə də, sonuncu dəfə yenidən 1000 (bir min) manat ödəniş etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində mühafizə polisi işlədiyi vaxtlarda əmək haqqından tutulmalar edilmişdir. Onu da qeyd etmişdir ki, Borclu 2 azyaşlı övladı vardır. Bir müddət işsiz olması, övladlarının dünyaya gəlməsi və onları xərclərini qarşılayan ailəni tək dolandıran ailə başçısı olması isə üzrlü səbəb olmuşdur. Lakin Yasamal Rayon Məhkəməsi işi hərtərəfli,obyektiv araşdırmamış, eyni zamanda aylıq 100 manat ödənişə dair həqiqəti əks etdirməyən “fakta” əsaslanaraq şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair qərardad qəbul etmişdir, Yasamal Rayon Məhkəməsinin 8(004)- 566/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərardadı əsassızdır və ləğv edilməlidir. Belə ki, “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2013-cü il tarixli, 2-N nömrəli Kollegiya Qərarının 2.5.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması hallarını araşdırılmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi üzrsüz səbəblərin nədən ibarət olması ilə bağlı Qərardadda heç bir əsaslandırma etməmişdir. Bununla bağlı bildirmişdir ki, Borclu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-135/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi qəbul edildiyi vaxtdan bir müddət sonra yoldaşı hamilə olmuşdur. Onun, son iki ildə iki övladı dünyaya gəlmişdir, xx.xx.2022-ci il təvəllüdlü X7 və xx.xx.2023-cü il təvəllüdlü X5. Həyat yoldaşının hamiləlik dövrü və ondan sonrakı dövrlər üçün övladlarının müayinə və müalicə üçün xərcləri və Borclu işsiz qalması ödənişlərin həmin dövrlərdə az olmasının üzrlü səbəbi sayıla bilər ki, bu halda borcunu tam ödəyə bilməməsinə qəsd və qərəz olmamışdır. Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması zamanı, onun şəxsiyyəti, ailə vəziyyəti və işinin mahiyyəti də nəzərə alınmalıdır. Borclu əvvəllər polis zabiti olmuş, dövlət və şəxsiyyət qarşısında hər-hansı bir cinayəti olmamış, icra məmurunun çağırışlarından və ödənişlərdən yayınmamışdır. Eyni zamanda hazırda ticarət sahəsində çalışdığı üçün ölkədən getməsinə ehtiyac yarana bilər. Az yaşlı övladlarını, onun himayəsində həyat yoldaşı, yaşlı anası və atasını dolandırmaq üçün hazırda çalışdığı iş yeri onun üçün həyati əhəmiyyət kəsb edir. Üstəlik iş zərurətindən irəli gələrək ölkədən getmək ehtiyyacının yaranması halında ölkədən getmək hüququnun məhdudlaşdırılmasının mənfi fəsadları da nəzərəçarpan olacaqdır. Göstərilənləri və qanunvericiliyin tələbini nəzərə alaraq, hesab etmişdir ki, borcunu ödəməkdən imtina etməyən, borc öhdəliyindən yayınmayan, mütəmədi ödənişlər etmiş, iş yeri olan, ailəli və ailəni tək dolandıran olması, himayəsində yeni doğulmuş azyaşlı övladları və yaşlı valideynləri olan, cəmiyyət və dövlət qarşısında indiyə qədər qeydə alınmış heç bir cinayət əməli olmayan bir şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının demokratik cəmiyyətdə zəzurəti yoxdur.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli, 8(004)-566/2024 saylı qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-135/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi əsasında verilmiş "Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" təqdimatına dair mülki iş üzrə Borclu tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, 8(004)-566/2024 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, 8(004)-566/2024 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
11. Azərbaycan Respublikasının “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-ci maddəsinə əsasən habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2013-cü il tarixli 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2-ci bəndində qeyd edilir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Aşağıdakı hallar mövcud olduqda borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edilməsinə yol verilmir: icra sənədi üzrə icraatın dayandırılması və ya onun icrasına möhlət verilməsi barədə məhkəmə qərarı olduqda; icraatın təxirə salınması haqqında icra məmuru qərar qəbul etdikdə; tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsul və qaydasının dəyişdirilməsi haqqında məhkəməyə müraciət etdikdə; icra sənədində nəzərdə tutulan tələbin aydın olmaması ilə əlaqədar icra məmuru həmin sənədə izah verilməsi üçün məhkəməyə müraciət etdikdə; Tələbin yönəldiyi əmlakın dəyəri icra sənədi üzrə borcun və icra xərclərinin həcmindən çox olduqda. Təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
16. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-135/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 24601 manat məbləğində pul tutulmalıdır.
17. Birinci instansiya məhkəməsi borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmurunun təqdimatını təmin edərkən ona istinad etmişdir ki, icra sənədi üzrə borcluya bildiriş göndərilməsinə, şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borclu icra sənədinin icrasını könüllü təmin etməmiş və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır.
18. Məhkəmə kollegiyası təqdimatın təmin edilməməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, icra sənədi üzrə xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 135/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Yasamal Rayon İcra Şöbəsində icraat başlanılmışdır. Borclu xx.xx.2022-ci il tarixdə tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir.
19. İşin halları ilə müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli icra sənədinin verilməsindən 3 ilə yaxın müddət keçməsinə baxmayaraq borc tam ödənilməmişdir.
20. Nəzərə alınmalıdır ki, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir.
21. Borclu şikayətinin dəlili olaraq qeyd edir ki, övladının dünyaya gəlməsi, bir müddət işsiz qalması onun tərəfindən borcun ödənilməsində gecikmələrin yaranmasına səbəb olmuşdur, lakin izahatında borcunu tez bir zamanda ödəyəcəyini qeyd etmişdir.
22. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan rayon məhkəməsi borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın təmin edilməsinə dair qərardad qəbul etməkdə haqlı olmuşdur. Belə ki, icra sənədi üzə pulun könüllü icra müddətində ödənilməməsi, hətta icra sənədinin verilməsindən 3 il müddətin keçməsi tələbkarın da hüququnu pozur. Borc nə qədər tez ödənilərsə, icra sənədi üzrə görülmüş məcburiyyət tədbiri də o qədər tez aradan qaldırılar.
23. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, 8(004)-566/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov