Məhkəmə qərarları › İş №8(103)-78/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-78/2021

16.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-78/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, X2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 8(008)- 422/2020 saylı qərardadından X6 Zakir qızı və X13 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 və X13 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(008)-4140/2018 saylı qətnaməsinin icrasının təmin edilməsi öhdəliyinin Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin üzərinə qoyulması, qətnamənin icra olunaraq X27, X5, X18, X11, X7, Rzazadə Fərqanə Miryaqub qızı və X22 zəbt etdikləri ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması və xx.xx.2016-cı il təvəllüdlü azyaşlı övladı X20 və 62 yaşlı anası X13 ilə birlikdə həmin mənzilə köçürülməsinin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 8(008)- 422/2020 saylı qərardadı ilə şikayət ərizəsi rədd edilmişdir. Həmin qərardaddan tələbkarlar şikayət verərək qərardadın ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil 1994-cü ildə dövlət tərəfindən müvafiq orderlə Mehriban Mirzəyevanın atası, Tahirə Zeynalovanın isə əri olan X14 verilmiş, ev onlara verildikdən sonra məcburi köçkün olan cavabdehlər tərəfindən zəbt olunmuş, Zakir Mirzəyev həmin mənzilə köçə bilmədiyinə görə ömrünün sonunadək kirayədə yaşamış və 2011-ci ildə kirayə mənzildə vəfat etmişdir. Onlar mənzilin boşaldılması üçün məhkəməyə müraciət etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(008)-4140/2018 saylı qətnaməsi ilə iddiaları təmin olunmuşdur. Qətnamə qanuni qüvvəyə minərək icra olunması üçün Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qətnamənin icraya yönəldilməsindən iki ildən çox vaxt keçməsinə baxmayaraq, hal-hazırkı vaxtadək qətnamənin icrası təmin olunmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(008)- 422/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında tələbkar Mehriban Mirzəyeva məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş borclular və Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə borcluların və Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(008)-4140/2018 saylı qətnaməsinə əsasən cavabdehlər X27, X5, X18, X11, X7, X10 və X22 ünvan 1 ünvanında yerləşən mənzildən əşyaları ilə birlikdə çıxarılmaları, X3nın xx xxxxxxxx 2016-cı il təvəllüdlü azyaşlı övladı X20 və X13 ilə birlikdə həmin mənzilə köçürülmələri qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli icra sənədi xx.xx.2018-ci il tarixdə Sabunçu rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, xx.xx.2018-ci tarixdə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra məmuru tərəfindən qəbul edilmiş qərar həmin tarixdə tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borclulara göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 12.1-ci bəndinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. “İcra məmurları” haqqında Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə görə icra xidmətinin icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə xx xxxx 1997-ci il tarixli Qərar). İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(008)-4140/2018 saylı qətnaməsi iki ildən artıqdır ki, icra olunmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən tələbkarların şikayətinə baxılarkən qətnamənin icra olunmamasının səbəbləri araşdırılmamış, bu məqsədlə icra işi tələb olunub baxış keçirilməmiş, şikayətlə bağlı faktiki olaraq araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyası tələbkarın izahatını dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 8(008)-422/2020 saylı qərardadı ləğv edilərək iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: X1 və X8 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 8(008)- 422/2020 saylı qərardadı ləğv edilsin. X1 və X8 şikayətinə yenidən baxılması üçün mülki iş materialları Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar