Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-78/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışinski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 8(008)- 827/2023 nömrəli iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qəbul etdiyi 28 dekabr 2023-cü il tarixli qərardaddan tələbkar Bağırov Gündüz Baxış oğlunun verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8891/2021 saylı iş üzrə qəbul etdiyi 16.12.2021-ci il tarixli qətnamə əsasında verilmiş icra sənədinə əsasən İbrahimova Həsən Qeyvəli oğlunun hüquqi varisləri olan İbrahimova Günəş Əli qızı və Məmmədova İlhamə Həsən qızından 267.907 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq tələbkar Bağırov Gündüz Baxış oğluna ödənilməlidir. Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Şəhram Şəmmədli Rayon Məhkəməsinə təqdimatlar verərək, icra sənədi üzrə borclu İlhamə Məmmədovaya məxsus 1/6 hissə, borclu Günəş İbrahimovaya məxsus 4/6 hissədə əmlakın üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimatlar onunla əsaslandırılmışdır ki, icra sənədi borclular tərəfindən könüllü icra edilmir. Borcluların əmlak vəziyyəti yoxlanılmış və müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2674/2023 №-li, 17.04.2023-cü il tarixli qətnaməsinə əsasən İbrahimov Həsən Qeyvəli oğlundan miras qalmış və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsindəki 4 “G” saylı fərdi yaşayış evində borclu Məmmədova İlhamə Həsən qızının 1/6 hissədə, borclu İbrahimova Günəş Əli qızının isə 4/6 hissədə vərəsəlik hüquqları tanınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbiri kimi həmin əmlakda borcluların paylarının üzərinə həbs qoyulmalıdır. Rayon Məhkəməsi 28.12.2023-cü il tarixdə qəbul etdiyi qərardadla hər iki təqdimatın təmin edilməməsini qərara almışdır. Qərardad onunla əsaslandırılmışdır ki, borcluların qeyd olunan payları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Eyni zamanda həmin ev borcluların yeganə yaşayış evləri olduğundan həmin paylara həbs qoyula bilməz. Tələbkar həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və təqdimatların təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi işə düzgün baxmamış, bir gün əvvəl axşam saat 17:30-da tələbkara “sms” bildiriş göndərmiş, 28.12.2023-cü il tarixdə səhər işə baxıb qanunsuz qərardad qəbul etmişdir. Bundan başqa, üzərinə həbs qoyulması xahiş edilən ev borcluların yeganə yaşayış evi deyil. Borcluların bundan başqa daha iki ədəd evi vardır. Birinci ev – Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Nursu kəndində yerləşən iki otaqlı 151,06 kv.m fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsi borclu İlhamə Məmmədovanın mülkiyyətində olmuş, sonradan oğlu Məmmədov Fuad Seyfətdinoviçin adına keçirmişdir. İkinci ev – Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində yerləşən 10 “A” saylı fərdi yaşayış evi isə borclu İlhamə Məmmədovanın əri Məmmədov Seyfətdin İnqilab oğlunun mülkiyyətindədir. Borclular ailə üzvləri ilə birlikdə ikinci evdə yaşayırlar. Bu halı borcluların notariat ofisinə təqdim etdiyi arayışla təsdiq olunur. Rayon Məhkəməsi isə yanlış qənaətə gələrək, borcluların ikinci evlə eyni məhəllədə yerləşən 4 “G” saylı evdə yaşadığını qeyd etmişdir. Bundan əlavə, Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinin tələbini nəzərə almamışdır. Həmin maddəyə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Borcluların pay üzərində olan mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması təqdimatın rədd edilməsi üçün əsas ola bilməz. Digər tərəfdən, Rayon Məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 89 saylı, 05.06.2002-ci il tarixli qərarını səhv tətbiq etmişdir. Həmin qərarda tələbin yönəldilməsinə yol verilən əmlak nəzərdə tutulur. İcra məmuru tələbin əmlaka yönəldilməsini deyil, əmlakın üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bu tələblər ayrı-ayrı tələblərdir. Rayon Məhkəməsi isə həmin tələbləri eyniləşdirmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 10.01.2024-cü il tarixli qərardadla şikayəti təmin edilməməsini və baxılması üçün şikayətin, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. İş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan zaman borclular şikayətə etiraz verərək, şikayətin təmin edilməməsini xahiş etmişlər. Əsasları Rayon Məhkəməsinin qərardadının əsasları ilə eynilik təşkil edən borcluların şikayətə etirazında əlavə olaraq göstərilmişdir ki, borclu İlhamə Məmmədova 1/6 hissədə mirası qəbul etməmişdir. Onun mübahisəli ev üzərində mülkiyyət hüququ yoxdur. Bundan başqa, borclu İlhamə Məmmədova Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində yerləşən 10 “A” saylı fərdi yaşayış evində yaşamır. Ərindən boşandığı üçün həmin ev üzərində hər hansı istifadə hüququ da yoxdur. Borclu İlhamə Məmmədova və onun anası olan borclu Günəş İbrahimova mübahisəli evdə yalnız ikisi yaşayırlar. İlhamə Məmmədovanın oğlu Fuad Məmmədov isə rəsmi qeydiyyatda olduğu ünvanda atası və bacısı ilə birgə yaşayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməklə, Rayon Məhkəməsinin qəbul etdiyi 28.12.2023-cü il tarixli qərardad ləğv edilməli və təqdimatlar təmin edilməlidir. Belə ki Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində yerləşən 4 “G” saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində İbrahimov Həsən Qeyvəli oğlunun adına qeyd alınmış və ondan miras qalmışdır. Borclular onun hüquqi varisi olaraq icra sənədində göstərilən tələbi təmin etmək vəzifəsi daşıyırlar. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2674/2023 saylı, 17.04.2023-cü il tarixli qətnaməsi ilə həmin miras qalmış əmlak üzərində İlhamə Məmmədovanın 1/6 hissədə, Günəş İbrahimovanın 4/6 hissədə vərəsəlik payları müəyyən edilmişdir. Bu o deməkdir ki, həmin şəxslər tərəfindən miras qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Belə olan halda icra məmuru, icra sənədinin icra edilməsi məqsədilə həmin əmlakın mühafizəsini təmin etmək üçün borcluların əmlakda olan payları üzərinə həbs qoyulması barədə təqdimat verməkdə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun “Tələbin borclunun əmlakına yönəldilməsi” adlanan 4-cü Fəslinin mənasına görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir (maddə 45.1.). Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir (maddə 45.6.). Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur (maddə 50.2.). Göründüyü kimi, əmlak üzərinə həbs qoyulması onun özgəninkiləşdirilməsinin və qəsdən məhv edilməsinin qarşısını almaq üçün görülən tədbirdir. Hazırki mərhələdə tələbin borclunun əmlakına yönəldilməsinin mümkün olubolmaması məsələsi müzakirə edilmir. Bu kimi məsələnin müzakirə edilməsi icra məmurunun vəzifə və səlahiyyətlərinə aiddir. Beləliklə də, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, tələbkarın qərardaddan verdiyi şikayət əsaslıdır. Şikayət və icra məmurunun təqdimatları təmin edilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: Tələbkar Bağırov Gündüz Baxış oğlunun şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 dekabr 2023-cü il tarixli qərardad ləğv edilsin. Hər iki təqdimat təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-827/2023 saylı, 28.12.2023-cü il tarixli icra sənədi üzrə borclu İbrahimova Həsən Qeyvəli oğlunun hüquqi varisləri olan İbrahimova Günəş Əli qızının (4/6 hissədə pay) və Məmmədova İlhamə Həsən qızının (1/6 hissə pay) Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsindəki 4 “G” saylı fərdi yaşayış evində olan paylarının üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-78/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-78/2024
05.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver