Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-78/2025 07.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Sarıyevin sədrliyi ilə, X7 və X2 ibarət tərkibdə, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 8(001)-14/2025 saylı qərardadından Tələbkar nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-51/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən X3 hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq, Tələbkar xeyrinə ödənilməlidir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Mehman Beybutov təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 8(001)-14/2025 saylı qərardadı ilə təqdimatın təmin edilməməsi qərara alınmışdır. Tələbkar nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)- 14/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, 8(001)-14/2025 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-14/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Tələbkar nümayəndəsi və vəkili Vəkil tərəfindən verilən şikayətin təmin edilməməsi, həmin qərardadın dəyişdirilmədən saxlanılması, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət onunla əsalandırılmışdır ki, hüquqlarını müdafiə etdiyi Tələbkar ilə borclu X5 arasında xx.xx.2021-ci il tarixdə nikah pozulmuş və xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 75 manat məbləğində aliment olmaqla, ümumi 150 manat məbləğində alimentin tutulması barədə qərar qəbul edilmişdir. Daha sonra alimentin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsilə iddiaçı Tələbkar borclu X4 qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası qismən təmin edilmiş, borclu X1 iddiaçı Tələbkar xeyrinə tutulan xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-51/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, borcluX1 xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 çü) yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməsi qərara alınmışdır. Hörmətli Məhkəmə! Hazırda borclu alimentlə bağlı öhdəliklərini yerinə yetirmədiyi üçün külli miqdarda borcu yaranmış, bugün də 300 AZN aliment məbləği olmasına baxmayaraq, borclu müəyyən olnmuş aliment miqdarından aşağı həcmdə aliment ödənişi edir ki, bu da onun borcunun günü gündən artmasına gətirib çıxarır. Hesab edir ki, borclu gələcəkdə qeyd olunan borcdan yayınmaq üçün ölkədən kənara çıxa bilər, bu da gələcəkdə onun öhdəliyinin icrasından yayınmasına gətirib çıxara bilər. Hazırkı iş üzrə icra məmuru tərəfindən məhkəməyə təqdimat verilmiş, lakin məhkəmə xx.xx.2025-ci il tarixli qərardadı ilə borclunun ölkədən çıxışına qadağa qoyulması barədə təqdimatı təmin etməmiş, əsas olaraq isə qeyd etmişdir ki, borclunun ölkədən çıxışına qadağanın qoyulması üçün borclunun əmlakının axtarılmasına dair bütün tədbirlər həyata keçirilməmişdir. Hörmətli məhkəmə! Müasir elektron məhkəmə sistemi vasitəsilə həm məhkəmə üçün həm məhkəmə qərarlarının icrasını təmin edən icra məmurları üçün elektron məhkəmə sistemində yaradılmış hissə vasitəsilə rahatlıqla borclunun hər hansı əmlakının olub-olmamasını müəyyən etmək mümkün olur. Bunun üçün əlavə olaraq hər hansı quruma sorğu ünvanlamaq və ya həmin sorğuya cavabı təqdimatla birlikdə məhkəməyə təqdim etmək zərurəti artıq aradan qalxmışdır. Qeyd edilməsi zəruridir ki, borclunun adında heç bir daşınar və ya daşınmaz əmlakı yoxdur, bunu elektron məhkəmə sistemində olan axtarış bölməsi vasitəsilə rahatlıqla müəyyən etmək olur. Borclu borcun ödənilməsindən yayındığı üçün borclu barəsində inzibati protokol tərtib edilmiş, lakin buna baxmayaraq yenə də borclu nəinki köhnə borclarını, hazırkı 300 AZN olan aliment ödənişini belə tam həcmdə yerinə yetirmir. Məhkəmə iclasında borclu özü də iştirak edərək məhkəmənin diqqətinə çatdırmışdır ki, mövcud borc 300 AZN olmasına baxmayaraq nə köhnə yığılan külli miqdarda borcunu, nə də hazırkı 300 AZN aliment məbləğini tam formada deyil 200 AZN həddində icra edir. Göründüyü kimi borclu məhkəməyə 200 AZN ödəniş etdiyini bildirərək məhkəmə qərarını qərəzli formada icra etmədiyini əyani göstərir. Məhkəmə qərarında tələbkarın məhkəmə iclasında iştirak edən zaman icra məmuruna guya borclunun ölkədən çıxmasına məhdudiyyət qoyulmasına dair heç nə demədiyi qeyd edilsə də tələbkar belə bir ifadə məhkəməyə bildirmədiyini, ola bilsin ki, məhkəmənin onun ifadəsini səhv başa düşdüyünü bildirmiş, faktiki olaraq icra məmurunun yanında olmuş və borcun ödənilməsini həyata keçirmək üçün bütün tədbirlərin borclu barəsində aparılmasını icra məmuruna bildirmişdir. Həmçinin bildirmək istəyirik ki, borclu yenə də qərəzli şəkildə məhkəmə qətnaməsinin icrasını həyata keçirməzsə biz gələcəkdə borclunun barəsində cinayət işi açılması barədə müraciət edəcəyik, bu səbəbdən borclunun ölkədən çıxışına məhdudiyyətin qoyulması hazırda zəruri haldır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2-ci bəndində göstərilmişdir ki, məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göründüyü kimi təqdimat kifayət qədər əsaslandırılmış, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün kifayət qədər əsaslar olmuş, lakin məhkəmə əsasız olaraq təqdimatı təmin etməmişdir. Hesab edirik ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli və borclunun ölkədən çıxışına qadağa qoyulması barədə təqdimat təmin edilməlidir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 8(001)-14/2025 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin İİ hissəsinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinin tələbinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikası ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 12.1-ci maddəsinin tələbinə görə bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2-ci bəndində göstərilmişdir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. İstinad olunan normaların məzmunundan göründüyü kimi borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması məcburi icra tədbiri deyildir, bununla bağlı təqdimat isə icra məmuru tərəfindən əsaslandırmalıdır. Təqdimatın əsaslandırılması dedikdə icra məmuru tərəfindən mövcud icra sənədinin icrası ilə bilavasitə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması arasında səbəbli əlaqənin olması, borclunun ölkədən getmək hüqununun məhdudlaşdırılmasının icra sənədinin icrasına nə kimi təsir edəcəyi, belə bir zərurətin hansı əsasla yarandığı nəzərdə tutulur. Eyni zamanda bu zərurət icra məmuru tərəfindən borclunun əmlakının axtarılması ilə bağlı bütün tədbirlər həyata keçirildikdən, o cümlədən borclunun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmaması yoxlanıldıqdan sonra yarana bilər. Halbuki, işdən görünür ki, icra məmuru öz təqdimatında borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının zəruriliyini əsaslandırmamış, eyni zamanda borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməmişdir. O cümlədən borclunun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmaması da iş materialları ilə və icra işinin materialları ilə müəyyən edilmir. Belə ki, iş materiallarından müəyyən olunur ki, icra sənədi üzrə icraata başlanıldıqdan sonra, tələbin könüllü icrası barədə borcluya xx.xx.2021-ci il tarixdə bildiriş verilsə də, bundan sonra nə icra məmuru tərəfindən hər hansı icra hərəkəti aparılmış, nə də tələbkar tərəfindən bu barədə müraciət olmuşdur. Yalnız xx.xx.2024-cü il tarixdə tələbkar tərəfindən icra məmuruna ərizə ilə müraciət edilmiş və bunun davamı olaraq borcludan xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə izahatı alınmışdır. Bunun davamı olaraq, borclunun barəsində inzibati protokol tərtib edilmiş və nəticədə borclu inzibati qaydada cərimə edilmişdir. Həmin vaxtdan etibarən borclu icra sənədini icra etməyə və yaranmış borcu ödəməyə başlamışdır. Göründüyü kimi borclu məhkəmə qətnaməsini icra etməməyə görə artıq inzibati məsuliyyətə bir dəfə cəlb edilmişdir və bundan sonra borclunun icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə əsas yaranmamışdır. Məhkəmə düzgün olaraq qeyd etmişdir ki, borclunun ölkədən getmək hüququ konstitusion hüquq olduğundan icra məmuru bu hüququn məhdudlaşdırılması barədə tədbirin tətbiq edilməsinin zəruriliyinə diqqətlə yanaşmalı və bu məhdudiyyətin tətbiqinin icra sənədinin birbaşa icrasına təsir edəcəyini kifayət qədər əsaslandırmalıdır. Eyni zamanda bu tədbir yuxarıda qeyd olunan təlimatdan da göründüyü kimi son zərurətdən irəli gəlməlidir. Bundan başqa görülən tədbir tələbə mütənasib olmalıdır. “X14 (X17) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 may 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunverici tərəfindən Konstitusiyada təsbit olunmuş hər hansı hüququn həyata keçirilməsinin tənzimlənməsi zamanı hüquqi müəyyənlik prinsipinin nəzərə alınmaması həmin hüququn pozulması ilə nəticələnə bilər. Bu baxımdan borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qaydaların qeyri-müəyyənliyi hər kəsin Azərbaycan Respublikasının ərazisindən kənara getmək konstitusiya hüququnu poza bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunun aydın və proqnozlaşdırıla bilən olması hüquqi dövlətin vacibtəzahürlərindən biri olan qanunun ümumiliyini təmin etmək zərurəti ilə uzlaşmalıdır. Nəzərə almaq lazımdır ki, qanunun mətninin mütləq aydınlığı (qanunvericinin bütün mümkün ola biləcək həyati halları qanunda nəzərdə tutması) qeyri-realdır. Bu səbəbdən qanunda ümumi anlayışlardan istifadə edilməsi qaçılmazdır. İcra məmurunun geniş mülahizə sərbəstliyi nəzarətsiz olmamalıdır. “İcra haqqında” Qanunun 84-1-ci maddəsinin məzmununa görə, icra məmurunun mülahizə sərbəstliyi çərçivəsində etdiyi hərəkətlər, o cümlədən borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimat məhkəmə tərəfindən yoxlanılır və bu hüququn müvəqqəti məhdudlaşdırılması yalnız məhkəmə qərarı ilə müəyyən olunur. Bu qayda konstitusiya hüququna özbaşına müdaxiləyə qarşı təminat kimi çıxış edir. Məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda icra məmurunun təqdimatında olan məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü müəyyən etmişdir. İcra məmuru mütənasiblik konstitusiya prinsipindən, habelə “İcra haqqında” Qanunun Preambulasının və 84-1.1-ci maddəsinin, “İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin mənasından çıxış edərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərkən, bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini əsaslandırmalıdır. Əks hal mütənasiblik prinsipinin pozulmasına gətirib çıxarar. Nəzərə almaq lazımdır ki, adıçəkilən tədbir borclunun cəzalandırılması vasitəsi deyil, onun tərəfindən məhkəmə qərarı ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsinə xidmət edir. Digər tərəfdən kollegiya qeyd edir ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə aşağıdakı hallarda yol verilir: -63.1.1. vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; -63.1.2. icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; -63.1.3. tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Borclu "xxxx" MMC-də pərakəndə satış müəssisəsində satıcı işləməklə 465 manat əmək haqqı alır. Göründüyü kimi, icra məmuru tərəfindən məcburi icra tədbirinin görülməsi istiqamətində icra hərəkətləri yerinə yetirilə bilər. Beləliklə qeyd olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın təmin edilməsi üçün hər hansı əsaslı səbəblər müəyyən edilmədiyindən, məhkəmə təqdimatı təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 8(001)- 14/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov
Məhkəmə qərarları › İş №8(103)-78/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-78/2025
07.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver