Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-79/2021 19.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 8(005)-731/2020 saylı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardaddan X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X6 ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin (İş №2(005)-9433/2016) icrasına 1 il möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı X2 iddia tələbi qismən təmin edilərək X5 Bədəlovun xeyrinə 46.000 manat məbləğində pulun tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Qətnamənin əsasında verilmiş icra vərəqəsi icra edilməsi üçün Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra Şöbəsi borclu Y.Sadıqova xx.xx.2020-ci il tarixli məktub göndərməklə qətnamənin icra edilməsini Y.Sadıqovdan tələb edilmişdir. Lakin 2020-ci ilin mart ayının sonundan Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə həyata keçirilən tədbirlərlə əlaqədar olaraq Y.Sadıqov iş fəaliyyətini dayandırmaq məcburiyyətində qalmış, bununla əlaqədar olaraq onun qazancı olmamışdır. Buna görə də o, qətnamənin icrasına 1 il möhlət verilməsini xahiş edir. Ərizəyə baxmış Rayon Məhkəməsi qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə qətnamənin icrasına möhlət verilməsi barədə ərizəni təmin etməmişdir. Borclu Y.Sadıqov həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Ərizənin məzmununa uyğun əsaslandırılmış şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, işə Rayon Məhkəməsində baxılan zaman onun iştirakı təmin edilməmiş, məhkəmə iclasının yeri və vaxtı barədə ona məlumat verilməmişdir. Ona ünvanlanmış məhkəmə bildirişi səhv ünvan üzrə göndərilmişdir. Borclunun həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və Rayon Məhkəməsinin qərardadı ləğv edilməli, ərizəyə yenidən və iş üzrə tərəflərin iştirakı ilə baxılması üçün iş Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinin mənasına görə, əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzrlü hesab etdikdə işə baxılmasını təxirə salır (maddə 185.3.). Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır (maddə 185.4.). Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir (maddə 185.5.). İş materiallarından görünür ki, yuxarıda qeyd edilən ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə borclu və tələbkarın məhkəmə baxışı iclasında iştirakını MPM-nin 185ci maddəsində müəyyən edilmiş qaydada təmin etməmiş, məhkəmə baxışı iclasının yeri və vaxtı barədə bildirişin tərəflərə çatdırılıb-çatdırılmamasını araşdırmamışdır (məhkəmə bildirişinin tərəflərə çatdırılmasını təsdiq edə biləcək sənəd işdə yoxdur). İş materiallarından görünür ki, məhkəmə bildirşləri iş üzrə tərəflərə səhv ünvanlar üzrə göndərilmiş, bunun üçün texniki imkanın mövcud olmasına baxmayaraq iş üzrə tərəflərin mobil telefon nömrələrinə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə elektron məhkəmə bildirişləri göndərməmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, məhkəmə bildirişinin tərəflərə göndərilməsi hələ onlara verilməsi sayılmır, tərəflərə, onlara göndərilmiş bildirişi almadığını və ya hansı tarixdə aldığını sübut etməyə borclu deyil. Məhkəmə bildirişinin tərəflərə lazımı qaydada verilməsini təmin etmək vəzifəsi bildirişi göndərmiş məhkəmənin üzərinə düşür. Lakin məhkəmə bildirişinin tərəflərə lazımı qaydada verildiyi iş materialları ilə təsdiq edilmir. Göründüyü kimi, Rayon Məhkəməsi, MPM-nin 185-ci maddəsinin tələblərini pozmuşdur. Qərardan çəkişmə şəraitində qəbul edilməmişdir. Bu hal isə düzgün olmayan qərardadın qəbul edilməsinə səbəb olmuşdur. Göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və “qətnaməsinin icrasına möhlət verilməsinə dair” X1 ərizəsinə yenidən baxılması üçün mülki iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-79/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-79/2021
19.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver