Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-80/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Tələbkar X5 nümayəndəsi Tələbkar, X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadından tələbkar X8 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilmiş, ilk iddia tələbi təmin olunaraq, cavabdeh X4 Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsində yerləşən 17 nömrəli evin 143 nömrəli mənzilindən əmlakı ilə birgə çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı X6 təhvil verilməsi, qarşılıqlı iddia tələbinin isə rədd olunması qərara alınmışdır. X10, ərizə verərək, icra sənədinə icrasına möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, hazırda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında təhsil alır və yaşadığı mənzildən başqa digər yaşayış sahəsinə malik deyil, həmçinin tələbə olaraq kirayəyə çıxmaq üçün maddi imkanı da yoxdur. Covid-19 pandemiyası ilə bağlı müvafiq karantin tədbirləri həyata keçirilir, hərəkət etmək məhdudiyyəti mövcuddur. Eyni zamanda, şəhid ailəsinə mənsubdur, doğma dayısı X12 1993-cü ilin aprel ayının 04-də Respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuşdur. Ona görə də, heç olmasa təhsilini başa çatdırana qədər həmin mənzildə yaşamağına imkan verilməsini xahiş edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarının icrasına 6 ay müddətinə möhlət verilmişdir. Tələbkar, həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, hazırda bütün ali təhsil məktəbləri bağlı olduğundan dərslər onlayn qaydada aparılır. Bunun üçün isə Bakı şəhərində kirayə mənzil tutaraq yaşamağa belə ehtiyac yoxdur. Bundan əlavə, borclunun maddi vəziyyəti özünə Bakı şəhərində kirayə mənzil tutmağa imkan verir. Eyni zamanda, nəzərə alınmalıdır ki, onun Mingəçevir şəhərində daimi yaşayış yeri və X2 şəhərində mülkiyətində mənzili var. Ona görə də, məhkəmə tərəfindən borclunun mənzildən çıxarılması barədə qətnamənin icrasına möhlət verilməsi mülkiyyətçinin hüquqlarının əsassız pozulmasına səbəb olur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi, şikaytətin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdi. Borclu isə, şikayətə etiraz edərək, onun təmin olunmamasını və qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, icra məmuru məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilərək, birinci instansiya məhkəməsinin qərardadı ləğv, ərizə isə rədd olunmalıdır. Belə ki, MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak etmiş şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, qanunverici, qətnamənin icrasına möhlət verməyi və ya onun hissə-hissə icra etdirməsini, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirərək, hansı halların “digər hallara” aid edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Birinci instansiya məhkəməsi, X10nın tələbə olmasını, başqa yaşayış yerinin olmamasını nəzərə alaraq hesab etmişdir ki, ərizəsi qismən təmin edilərək, müvafiq qərarın icrasına 6 ay müddətinə möhlət verilməlidir. Məhkəmə kollegiyası, bu mövqe ilə razılaşmayaraq vurğulayır ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi mahiyyət etibarı ilə məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion prinsipi məhdudlaşdırdığına, eləcə də tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə halların tətbiqi müstəsna xarakter daşımalı və işdə iştirak edən şəxslərin hüquqlarının pozulmasına yönəlməməlidir. Hazırkı işdə isə X10nın istinad etdiyi hallar (tələbə olması, başqa yaşayış yerinin olmaması) icra sənədinin icrasına möhlət verilməsi üçün əsas hesab edilə bilməz. Əks yanaşma, məhkəmə qərarının məcburi icrası prinsipinin əsassız məhdudlaşdırılmasına səbəb olardı. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bildirmişdir ki, «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır. Mülki Prosessual Məcəllənin 15.2-ci və 15.3-cü maddələrinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Beləliklə, Kollegiya qeyd olunanlara əsasən bu qənaətə gəlir ki, şikayət təmin olunaraq, Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ləğv edilməli, iş üzrə yeni qərardad qəbul edilərək, X10nın qərarın icrasına möhlət verilməsi barədə ərizəsi rədd olunmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar X8 şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-9/2021 saylı, xx xxxxxx 2021ci il tarixli qərardadı ləğv edilsin, qərardadla həll edilməli olan məsələ həll edilsin. X1 “icra sənədinin icrasına möhlət verilməsi” barədə ərizəsi təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-80/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-80/2021
17.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver