Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-81/2022 14.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli, 8(006)-60/2022 saylı qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Maraqlı şəxs tərəfindən məhkəməyə şikayət ərizəsi ilə müraciət edilərək, Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin 04.10.2019-cu il tarixli “icraata xitam verilməsi haqqında” qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi xahiş edilmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Rəhimovlar ailəsi 2(006)-1410/2019 saylı icra sənədi üzrə tələbi sonuna qədər icra etməmişlər. Bu səbəbdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18.07.2019-cu il tarixli, 2(006)-1410/2019 saylı icra sənədi üzrə tələbin icra edilməsi üçün müvafiq tədbirlər görülməsini xahiş edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli, 8(006)-60/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin 04.10.2019-cu il tarixli “icraata xitam verilməsi haqqında” qərarından Maraqlı şəxs tərəfindən verilmiş şikayət ərizəsinin baxılmadan geri qaytarılması qərara alınmışdır. Maraqlı şəxs tərəfindən həmin qərardaddan şikayət verilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli, 8(006)-60/2022 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli, 8(006)-60/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli, 8(006)- 276/2021 saylı qərardadı ilə iş üzrə müstəqil tələb irəli sürməyən Maraqlı şəxs Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 “icraata xitam verilməsi haqqında” 04.10.2019-cu il tarixli qərarından verdiyi şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Daha sonra, Maraqlı şəxs tərəfindən yenidən eyni məzmunlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.10.2021-ci il tarixli, 8(006)-418/2021 saylı qərardadı ilə Maraqlı şəxs Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru Murad Xudaverdiyev tərəfindən qəbul edilmiş 04.10.2019-cu il tarixli “icraata xitam verilməsi haqqında” qərarın ləğv edilməsi barədə şikayətə mahiyyəti üzrə baxıldığından onun yenidən eyni məsələ ilə bağlı vermiş olduğu şikayət ərizəsinin baxılmadan geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Maraqlı şəxs tərəfindən şikayət ərizəsi verilmiş və Bakı Apelyasiya Məhkəməsinin 01.12.2021-ci il tarixli, 8(103)-609/2021 saylı qərardadı ilə şikayət ərizəsinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.10.2021ci il tarixli, 8(006)-418/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Habelə Maraqlı şəxs tərəfindən yenidən eyni məzmunlu şikayət ərizəsi ilə 17.01.2022-ci il tarixdə məhkəməyə müraciət edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21.01.2022-ci il tarixli, 8(006)-45/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin 04.10.2019-cu il tarixli “icraata xitam verilməsi haqqında” qərarından Maraqlı şəxs tərəfindən verilmiş şikayət ərizəsinin baxılmadan geri qaytarılması qərara alınmışdır. Qeyd edilənlərdən göründüyü kimi, Maraqlı şəxs şikayət ərizələrinə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verildiyindən, hazırki şikayət ərizəsinə baxılmasına və təkrarən münasibət bildirilməsinə zərurət yoxdur. Kollegiya həmçinin qeyd edir ki, Maraqlı şəxs şikayət ərizəsində icra məmuru Rövşən Əhmədovun “icraata xitam verilməsi haqqında” qərarından şikayətçi olduğunu qeyd etsə də, R.Əhmədov tərəfindən belə bir qərarın qəbul edilməsi barədə şikayət ərizəsinə hər hansı bir sənəd əlavə edilməmişdir. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli, 8(006)-60/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli, 8(006)-60/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-81/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-81/2022
14.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver