Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-84/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11331/2019 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizə barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-329/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından borclu “Aqrar Tədqiqatlar Mərkəzi” Publik Hüquqi Şəxsin nümayəndəsi tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11331/2019 saylı qətnaməsi ilə “Aqrar Tədqiqatlar Mərkəzi” Publik Hüquqi Şəxsdən Qurbanov Məzahir Ələkbər oğlunun xeyrinə 12424,43 manat pulun tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və icra məmuru tərəfindən icraata başlanılma haqqında qərar qəbul edilmişdir. Borclu “Aqrar Tədqiqatlar Mərkəzi” Publik Hüquqi Şəxs ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin ayda 500 manat olmaqla hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-329/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin olunmamış, həmin qərardaddan borclunun verdiyi şikayət də təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılmış tərəflər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizə üzrə toplanmış materialı tədqiq edərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutsa da, həmin institutları tənzimləyən MPM-in 231.1-ci maddəsinin məzmununa əsasən bu imkanlar, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmiş, eləcə də məhkəmə aktının ağlabatan müddət ərzində icra edilməsinin təmin edilməsinə yönəlmişdir. Başqa sözlə, məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, borclunun təklif etdiyi icra qaydası həmin meyara cavab vermir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-329/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №8(103)-84/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-84/2021
17.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver