Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-85/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(003)-25/2023 saylı qərardadından Borclu vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1940/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu 8.000 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tələbkar X5 xeyrinə tutulmalıdır. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək, göstərmişdir ki, icra sənədi şöbənin icraatına daxil olduqdan sonra xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə bildirişlə birlikdə Borclu ünvanına göndərilmişdir. Lakin bu müddət ərzində icra sənədi könüllü olaraq icra edilməmişdir. Bununla bağlı həyata keçirilmiş məcburi icra tədbirləri çərçivəsində borclunun əmlak vəziyyətinin yoxlanılmış, lakin onun adına daşınar və daşınmaz əmlak, o cümlədən pul vəsaiti müəyyən edilməmişdir. Borclunun ölkəni tərk etmək ehtimalı olduğundan onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tədbir görülməlidir. Göstərilənlərin nəzərə alınması və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-329/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, xx.xx.1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Həmin qərardaddan Borclu şikayəti Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)- 329/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-329/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, təqdimata baxılması üçün məhkəmə iclası xx.xx.2023-cü il tarixə saat 15:00-a təyin edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-25/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, xx.xx.1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Həmin qərardaddan Borclu vəkili və nümayəndəsi Vəkil şikayət verərək, qərardadın ləğv edilməsini, təqdimatın geri qaytarılmasını, icra vərəqəsinin məhkəməyə qaytarılmasının Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən tələb edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıldıqdan sonra həmin qərardaddan verdiyi şikayət məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilmiş və qərardad ləğv edilmiş, təqdimata yenidən baxılması qərara alınmışdır. Bundan sonra məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat yenidən təmin edilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 22 gün ərzində hansı hüquqi hadisə baş vermişdir ki, məhkəmə qanunvericinin imperativ göstərişini kobud surətdə pozaraq, xx.xx.2022-ci il tarixli qərardadı “havadan asılı” vəziyyətdə qoyaraq, xx.xx.2023-cü il tarixli qərardadla faktiki olaraq ləğv edilmiş xx.xx.2022-ci il tarixli qərardadı bərpa etmişdir. Halbuki, qanunvericinin imperativ göstərişinə əsasən ləğv olunmuş qərardad yenidən bərpa oluna bilməz, yalnız prosessual hərəkətlər yerinə yetirilir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(003)-25/2023 saylı qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-25/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Borclu nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: Belə ki, 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2013-cü il tarixli 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, icra haqqında qanunvericilikdə icra sənədinin icra şöbəsinə daxil olduğu gündən icra məmuru tərəfindən görülməli olan bütün tədbirlər təsbit edilmiş, o cümlədən icra sənədinin icrası “könüllü” və “məcburi” mərhələlərə bölünməklə hər mərhələ üzrə müddətlər və icra məmurlarının səlahiyyətləri dəqiqləşdirilmişdir. Könüllü icra müddətinin axımının da icra sənədi üzrə icraata başlamaq haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borcluya təqdim edilməsi günündən hesablanması müəyyən edilmişdir. İcra sənədinin könüllü icra üçün müəyyən edilmiş müddət ərzində icra edilməməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsas yaradır və bu tədbirlər çərçivəsində icra məmuru tərəfindən ilk olaraq, borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında pul vəsaitlərinin və başqa sərvətlərin olub-olmaması araşdırılmalı, bundan sonra onun digər əmlakının axtarılması və gəlirinin müəyyən edilməsi üçün bütün tədbirlər həyata keçirilməlidir. Bu tədbirlər çərçivəsində son hərəkət olaraq borclunun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmaması müəyyən edilməlidir. Başqa sözlə, bütün bu tədbirlər bir nəticə vermədikdən sonra borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı icra məmuru tərəfindən tədbirlər görülə bilər. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Borclu tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1940/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə ümumilikdə ödənilməli olan 8.030 manat məbləğində puldan ötən müddət ərzində cəmi 1.365 manat məbləğində ödəniş edilmişdir. Həyata keçirilmiş məcburi icra tədbirləri nəticəsində borclunun mülkiyyətində tələbin yönəldilməsi mümkün olan hər hansı məbləğdə pul vəsaiti, daşınar və daşınmaz əmlak aşkar edilməmiş, habelə borclunun hər hansı növ gəlirinin olması müəyyən edilməmişdir. Borclu özü də əmək fəaliyyəti ilə məşğul olmadığını, səhhətində problemlərin olduğunu, hər hansı əmlaka və gəlirə malik olmadığını bildirir. İcra məmuruna verdiyi yazılı izahatında da icra sənədində göstərilən borcun ödənilməsi üçün maddi imkanının olmadığını göstərmişdir. Belə olan halda, icra məmuru tərəfindən borclunun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasının yoxlanılmasına hər hansı zərurət qalmır. Bununla belə, dövlətin adından çıxarılmış və icrası məcburi olan məhkəmə qətnaməsinin icrası borclu tərəfindən bugünədək təmin edilməmişdir. Göstərilənlər öz növbəsində borclunun ölkədən getmək hüququnun həmin icra sənədi icra olunanadək məhdudlaşdırılması üçün əsas yaradır. Məhkəmə kollegiyası şikayətin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, ilk dəfə, yəni xx.xx.2022-ci il tarixdə təqdimata iş üzrə tərəflərin iştirakı olmadan baxılmış və qərardad qəbul edilmişdir. Həmçinin, təqdimata Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-1571/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı (iş üzrə icraata barəsində inzibati icraat aparılan borclunun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir) əlavə edilməmişdir. Məhz təqdimata baxılmasında tərəflərin iştirakının, habelə qeyd edilən qərara hüquqi qiymətin verilməsinin təmin edilməsi məqsədi ilə borclunun şikayəti təmin edilərək, qeyd edilən tarixdə qəbul edilmiş qərardad ləğv edilmişdir. Lakin təqdimata yenidən və tərəflərin iştirakı ilə baxılması zamanı borclu tərəfindən mövcud olan 8.030 manat məbləğində borcdan cəmi 1.365 manat hissəsinin ödənildiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi də qeyd edilən, habelə digər halları nəzərə alıb və bu sahəni tənzimləyən qanunvericiliyin müddəalarını rəhbər tutaraq, təqdimatı təmin etmişdir. Beləliklə, məhkəmə kollegiyası Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1940/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinin bugünədək tam icra olunmadığını nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq təqdimatı təmin etmiş və Borclu ölkədən getmək hüququnu icra sənədi icra olunanadək məhdudlaşdırmışdır. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(003)-25/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-85/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-85/2023
17.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver