Məhkəmə qərarları › İş №8(103)-87/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-87/2025

12.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-87/2025 12.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, X1 Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Orxan İsrafilovun və Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin rəis müavini Vüqar Hüseynovun hərəkətlərini (hərəkətsizliklərini) qanunsuz hesab edilməsi barədə ərizəsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-12/2025 saylı, 14 yanvar 2025-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: X2 Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Orxan İsrafilovun və Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin rəis müavini Vüqar Hüseynovun hərəkətlərinin (hərəkətsizliklərinin) qanunsuz hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1769/2022 saylı xx.xx.2022 tarixli qətnaməsi ilə iddiaçı Tələbkar X5 qarşı iddiası qismən təmin edilərək, iddiaçı ilə nikah müddətində əldə etdikləri əşyalar aralarında bölünmüşdür. Qətnamə qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə əsasında verilmiş icra sənədi icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Orxan İsrafilovun xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarı ilə Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-1769/2022 saylı icra sənədi üzrə icraata başlanmışdır. Ərizəçi icra məmuru Orxan İsrafilovun və həmin şöbənin rəis müavini Vüqar Hüseynovun aşağıdakı hərəkətlərini qanuni hesab etmir: 1. Məhkəmənin verdiyi icra sənədinin tarixi düzgün yazılmamışdır. Belə ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-1769/2022 nömrəli məhkəmə aktının tarixi icra sənədində yazıldığı kimi xx.xx.2023-cü il deyil, xx.xx.2022-ci ildir. Beləliklə, icra edilməli olan məhkəmə aktının, yəni, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-1769/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinin qəbul edildiyi tarix icra sənədində səhvən "xx.xx.2023" kimi yazılmışdır ki, bu da doğru deyildir. Nəticədə, "İcra haqqında" Qanunun icra sənədinə aid tələbləri müəyyən edən 7.1 və 7.1.3cü maddələrinin tələbləri pozulmuşdur. Bundan başqa, icra məmurunun icrata qəbul etdiyi həmin icra sənədində tələbkar və borclunun fərdi identifikasiya nömrələri, doğum tarixləri, icra sənədinin icraya yönəldilməsi müddəti də yazılmamışdır. Nəticədə, "İcra haqqında" Qanunun 7.1. 7.1.4 və 7.1.7-ci maddələrinin tələbləri də pozulmuşdur. Beləliklə, Xətai rayon icra şöbəsinin icra məmuru Orxan İsrafilovun xx.xx.2024-cü il tarixli qərarı ilə icraata başladığı Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-1769/2022 saylı icra sənədi "İcra haqqında" Qanunun icra sənədinə aid tələbləri müəyyən edən 7-ci maddəsinə uyğun deyildir. Belə olan halda, həmin Qanunun 9-cu maddəsinə əsasən, icra məmuru icra sənədini məhkəməyə qaytarmalı idi. Lakin icra məmuru, qanunun tələblərinə əməl etməyərək, qanunsuz olaraq verilmiş Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-1769/2022 saylı icra vərəqəsi üzrə icraata başlayaraq, bu günədək borclu X7 barəsində bir sıra İcra tədbirləri keçirmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-12/2025 saylı, 14 yanvar 2025-ci il qərardadı ilə (hakim Samirə Eyvazova) ərizəsi rədd edilmişdir. Qərardaddan narazı qalan X2 şikayət verərək, qərardadının ləğv edilməsini xahiş etmiş, şikayət ərizənin mahiyyətinə uyğun əsaslandırılmışdır. Şikayət birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ərizəçinin hazırki şikayətinin əsasları 3 hissədən ibarət olmuşdur: 1) İcra sənədinin tarixinin düzgün göstərilməməsi; 2) İcra sənədinin borclunun yaşayış ünvanına göndərilməli olması; 3) Tələbin borclunun yeganə yaşayış yeri üzrə əmlakdakı payına yönəldilməsi. Ərizəçinin ilkin tələbinə münasibətdə kollegiya əvvəla qeyd edir ki, icra sənədi müvafiq icra şöbəsinin icraatında daxil olduqdan sonra sonuncu tərəfindən atılan ilk addım icraata başlanılması barədə qərarın qəbul edilməsi ilə bağlı olmaqla bu barədə tərəflərə məlumat verilir. Bu zaman tərəflərin həmin qərarla, o cümlədən qərarın əsasında duran icra sənədi ilə tanış olmaq, “İcra haqqında” Qanunun 8.5-ci maddəsinə uyğun olaraq icraata başlamaq haqqında qərardan onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət vermək hüququ vardır. Hazırki iş üzrə də ərizəçi sözügedən hüquqlara malik olmuş, lakin iddia etdiyi yanlışlıqlara dair qeyd edilən müddət ərzində hər hansı şikayət verməmişdir. Bundan əlavə icra sənədində onun tarixinin səhv göstərilməsi göstərilən qanunun tələblərinin pozulması olsa da, məhkəmə qərarının icrasına hansısa xüsusi maneə yaratmamaqla birlikdə düzəliş edilməsi mümkün bir haldır və məhz bu səbəbdən icra sənədinin geri qaytarılmasına hansısa zərurət yoxdur. Növbəti tələbə münasibətdə məhkəmə bildirir ki, ərizəçinin hazırda Nəsimi rayonu ərazisində qeydiyyatsız yaşaması icra sənədinin də icra olunması üçün həmin rayon üzrə göndərilməsinə birmənalı əsas təşkil etmir. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» qanunun 10-cu maddəsinə əsasən yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. Göründüyü kimi yaşayış yerindən kənarda artıq 60 gündən daha çox müddətə qalan şəxslərin həmin ünvan üzrə qeydiyyata alınmalı olmaları qanunvericiliyin birbaşa tələbidir və bu tələbin məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi, o cümlədən sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. üçün zəruri şərait yaratmaqdır. Bununla da şəxsin hər qısa periodlar ərzində öz ünvanını dəyişməsi nəticəsində yuxarıda qeyd olunan məqsədlərə nail olunmasına dair yaradıla biləcək maneələrin qarşısı alınmış olur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, borclunun rəsmi qeydiyyat yerinin mövcud olmasını, məhkəmə qərarının icrası ilə bağlı könüllü və məcburi icra mərhələlərinin həyata keçirilməsini, eyni zamanda borclunun mütəmadi olaraq yaşayış yerinin azad şəkildə dəyişmək imkanının mövcud olmasını nəzərə alaraq icra sənədinin onun qeydiyyat ünvanı üzrə göndərilməsi haqlı olmuşdur və əgər ərizəçi yaşayış yerini, həqiqətən, birdəfəlik dəyişdirmişsə, bu barədə qanunvericiliyin yuxarıda göstərilən tələbinə əsasən həmin ünvan üzrə qeydiyyata alınmalıdır. Ərizəçinin sonuncu tələbinə münasibətdə isə kollegiya hesab edir ki, sözügedən tələb, yəni Tələbkar ilə aralarında bölünmüş ünvan 1 ünvanındakı ½ hissədə olan payı barəsində icra tədbirlərinin keçirilməsi ilə ayrıca məhkəmə qaydasında paylı mülkiyyətə dair mülki qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq mərhələlərin həyata keçirilməsini tələb edə bilər. Lakin hazırki halda mübahisəli əmlak ərizəçinin yeganə yaşayış ünvanı olduğundan ona tələbin yönəldilməməsi barədə icra məmurunun mövqeyi tamamilə haqlı olmaqla qanuni əsaslara söykənmişdir. Bu halda da ərizəçinin şikayətinin hər hansı hüquqi əsası olmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun hərəkətlərinin əsasını “İcra haqqında” Azərbaycan Respublikası Qanunu və digər qanunvericilik normaları təşkil etdiyindən icra məmurunun hərəkətlərində qanuna uyğunsuzluq aşkar edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-12/2025 saylı, 14 yanvar 2025-ci il qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar