Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-89/2021 19.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, borclu Rövşən Mişiyevin iştirakı ilə, icra sənədi üzrə borclu Mişiyev Rövşən Adil oğlu tərəfindən verilmiş, Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun “icra sənədi üzrə icraatın təzələnməsi barədə” qərarından şikayətə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından borclu Rövşən Mişiyev tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İcra məmurunun xx.xx.2020-ci il tarixli qərarı ilə qərara alınıb ki, Bakı Apelyasiya Məhkəməsi tərəfindən 2(103)-8400/2018 nömrəli iş üzrə verilmiş xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraat təzələnsin. Qərardad onunla əsaslandırılıb ki, həmin icra sənədi üzrə borclu Rövşən Mişiyev Konstitusiya Məhkəməsinə şikayət vermiş, şikayət məhkəmənin icraatına qəbul edilmiş, bu səbəbdən icra məmurunun xx.xx.2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraat dayandırılmışdır. Bundan sonra Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə konstitusiya işinin icraatına xitam verilmişdir. İcra sənədi üzrə icraatın dayandırılmasına səbəb olan hal aradan qalxdığına görə icraat təzələnməlidir. Borclu Rövşən Mişiyev icra məmurunun xx.xx.2020-ci il tarixli qərarından Nərimanov Rayon Məhkəməsinə şikayət verərək xahiş etmişdir ki, həmin qərar ləğv edilsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə qərara alınıb ki, şikayət təmin edilməsin. Borclu bu qərardaddan şikayət verərək xahiş etmişdir ki, qərardad ləğv edilsin. Şikayət əsassızdır. Belə ki, “İcra haqqında” Qanunun 19.2-ci maddəsinə görə icraatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra icra məmuru və ya icra qurumunun rəhbəri tələbkarın ərizəsi, yaxud öz təşəbbüsü ilə icra sənədi üzrə icraatı təzələyir. Müəyyən olunur ki, icra sənədi üzrə icraat dayandırıldıqdan sonra dayandırmaya səbəb olan hal aradan qalxmışdır. İşin bu halı birinci instansiya məhkəməsinin qərardadında lazimi qaydada əsaslandırılıb. Ona görə də icra məmuru düzgün olaraq icraatı təzələmiş, birinci instansiya məhkəməsi isə həmin qərardan borclunun verdiyi şikayəti düzgün olaraq rədd etmişdir. Borclu şikayətində həm də ona əsaslanıb ki, özünə aid olan “Hyundai İX-55” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil onun adına qaytarılmadan icra hərəkətləri başlana bilməz. Belə ki, avtomobilin üzərinə həbs qoyulması barədə qərardadın qüvvədə olmasına baxmayaraq buna əhəmiyyət verilmədən avtomobil özgəninkiləşdirilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, icra sənədi üzrə icraatın təzələnməsində əsas olan hal “İcra haqqında” Qanunun 19.2-ci maddəsində belə göstərilib: icraatın dayandırılmasına səbəb olmuş halların aradan qaldırılması. Qeyd olunan icra sənədinə münasibətdə icraatın dayandırlmasına səbəb olan hal aradan qalxıb. İcraatın dayandırılmasının avtomobillə ilə heç bir əlaqəsi olmayıb, ona görə də icraatın təzələnməsi məsələsinin həllində avtomobilə aid olan halların əhəmiyyəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-89/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-89/2021
19.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver