Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-91/2022 31.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bakı şəhər Xətai rayon İcra Şöbəsinin icra məmuru M.Abdullayevin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-29/2022 saylı, 24 yanvar 2022-ci il tarixli qərardadından Bakı şəhər Xətai rayon İcra Şöbəsinin icra məmuru M.Abdullayev tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 23.04.2021-ci il tarixli qərarla icraata başlanılmış Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-5903/2019 nömrəli, 13.11.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.1978-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 160 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi 23.04.2021-ci il tarixində Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Belə ki, icra sənədi üzrə Borclu 2021-ci ilin dekabr ayı daxil olmaqla aliment borcu 4960 manat təşkil edir. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-29/2022 saylı, 24 yanvar 2022-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmişdir. Həmin qərardaddan Bakı şəhər Xətai rayon İcra Şöbəsinin icra məmuru M.Abdullayev şikayət verərək onun ləğv edilməsini, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmiş, şikayətini təqdimatın məzmununa uyğun əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin 18 fevral 2022-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilərək birinci instansiya məhkəməsinin 24 yanvar 2022-ci il tarixli qərardadı ləğv edilməli və Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimata yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin birinci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 44.3-cü maddəsinə məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildikdə və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçdikdə icra məmuru tədbirlərinin tətbiqinə yol verilir. İşin müəyyən olunmuş hallarından göründüyü kimi Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-5903/2019 nömrəli, 13.11.2019-cu il tarixli icra sənədinə əsasən Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 160 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 ödənilməlidir və icra məmuru da həmin icra sənədinin icrasının təmin edilmədiyini irəli sürərək müvafiq təqdimatla məhkəməyə müraciət etmişdir. Həmçinin, iş materiallarından görünür ki, icra sənədi üzrə icraat başlanmış, bununla bağlı qərarın və tələbin könüllü icrası haqqında bildirişin surəti borcluya təqdim olunmuşdur. Qeyd olunmalıdır ki, “İcra haqqında” qanun, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını icra sənədinin onun tərəfindən üzrsüz səbəbdən könüllü icra üçün müəyyənləşdirilmiş vaxt ərzində icra edilməməsi ilə şərtləndirmişdir, bu isə o deməkdir ki, icra sənədi haqqında borclunun məlumatı olmalı, ona könüllü icra üçün vaxt verilməli və bu müddət ərzində o, heç bir üzrlü səbəb göstərmədən icranı həyata keçirməməlidir. Eyni zamanda nəzərdən qaçırılmamalıdır ki, “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də özünün bir çox qərarlarında məhkəmənin yekun qərarlarının icrasının ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi olduğunu və Konvensiyanın 6-cı maddəsi ilə təminat altına alındığını vurğulamışdır. “Cəfərov Azərbaycana qarşı” iş üzrə 11 fevral 2010-cu il tarixli və “Cəfərli və digərləri Azərbaycana qarşı” 29 iyul 2010-cu il tarixli qərarlarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir; bu mənada, o, «məhkəmə hüququnu» ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Bu ağlasığmaz olar, əgər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tərəflərə verilən prosessual təminatları təfsilatı ilə izah etsin - ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları - lakin məhkəmə qərarlarının icrası qorunmasın; Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn X3 ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaq kimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması «araşdırmanın» ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir. (bax, Hornsbi Yunanıstana qarşı, 19 mart 1997-ci il, § 40, Qərar və Qərardadların Hesabatı, 1997-İİ). Beləliklə, qanunvericiliyin sadalanmış müddəalarının mənasına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Məhkəmə tərəfindən çıxarılmış yekun və məcburi qərarın icra olunmaması pozulmuş hüquqların səmərəli şəkildə bərpa olunmasına xidmət etməli olan ədalət mühakiməsinin mahiyyətinə xələl gətirmiş olur. Nəzərə almaq lazımdır ki, qanunverici qüvvəyə minmiş məhkəmə aktlarının icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilməli qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və qanunvericilikdəki ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qətnamə xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər. Kollegiya, həmçinin, nəzərə alır ki, Azərbaycan Respublikasının ərazisində sərbəst hərəkət etmək, özünə yaşayış yeri seçmək və Azərbaycan Respublikasının ərazisindən kənara getmək vətəndaşların konstitusiya hüququdur (Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsi). Bu hüquq ayrılmaz insan hüquqlarından biri olmaqla, yalnız qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri hallarda məhdudlaşdırıla bilər. Bununla yanaşı, Konstitusiyanın 72-ci maddəsinə müvafiq olaraq dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Konstitusiyaya və qanunlara əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Hazırki iş materiallarından, təqdimata və şikayətə baxılması ilə bağlı məhkəmənin iclas protokollarından icra işinin tələb edilərək öyrənildiyi, ötən müddət ərzində hansı icra hərəkətlərinin aparıldığının yoxlanıldığı və borclunun ölkədən çıxmasına məhdiyyət qoyulması üçün prosessual və maddi hüquqi əsasların aydınlaşdırıldığı da görünmür. Qeyd olunanları nəzərə alaraq Məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməklə, iş təqdimata yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İşə yenidən baxarkən birinci instansiya məhkəməsi icra işini tələb edərək tədqiq etməli, təqdimatın və şikayətin dəlilləri, əlavə təqdim edilən sənədlər üzrə zəruri araşdırma apararaq, müvafiq qərar qəbul etməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-29/2022 saylı, 24 yanvar 2022-ci il tarixli qərardadı ləğv olunsun və iş Bakı şəhər Xətai rayon İcra Şöbəsinin icra məmuru X5 Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №8(103)-91/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-91/2022
31.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver