Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-94/2025 14.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-115/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru, l dərəcəli ədliyyə qulluqçusu İsmayıl İsmayılov təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-115/2025 nömrəli qərardadı ilə təqdimat təmin edilmişdir. Borclu qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bu günə qədər övladının gündəlik xərclərini və daha artığını qarşılamış, heç vaxt alimentin ödənilməsindən yayınmamışdır. Şəraitin dəyişməsi (əmək müqaviləsinə xitam verilərək işdən çıxmağı) ilə əlaqədar olaraq halhazırda alimentin ödənilməsində müəyyən qədər borcu yaranmışdır. Hesab edir ki, bu hal ölkədən çıxışına məhdudiyyət qoyulması üçün mövcud olan əsasları özündə ehtiva etmir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-115/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını təmin etmək üçün atılmış addımdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə araşdırmasına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra səndi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "icraata başlamaq haqqında" qərar, könüllü icra üçün bildiriş, habelə xəbərdarlıq və sair aidiyyəti sənədlər borcluya rəsmən təqdim olunmuş, borclu bu günədək üzürsüz səbəbdən qeyd edilən icra sənədini tam icra etməmiş və onun icrasından yayınır, icra məmuru tərəfindən icra icraatı dayandırılmamışdır, icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən zəruri tədbirlər görülmüşdür. Bununla yanaşı, Konstitusiyanın 72-ci maddəsinə müvafiq olaraq dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Konstitusiyaya və qanunlara əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Sadalanan konstitusiya normalarının qarşılıqlı təhlili əsasında məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şəxsin icra sənədi üzrə borcuna görə ölkədən çıxmasına müvəqqəti məhdudiyyət qoyulması barədə məsələlərə baxarkən Konstitusiyanın 28 və 42-ci maddələrində müəyyən edilmiş hüquqlarla 72-ci maddəsində müəyyən edilmiş vəzifələr arasında tarazlıq təmin edilməli, məhdudlaşdırılan hüquq yerinə yetirilməli olan vəzifəyə mütənasib olmalı, həmçinin şəxsin ölkədən çıxdığı halda icra sənədinin icrasından yayınmaq məqsədilə ölkəyə qayıtmayacağı barədə əsaslı dəlil və ya şübhələr olmalıdır. Kollegiya nəzərə alır ki, eyni məzmunlu təqdimat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(004)-135/2024 nömrəli qərardadı ilə təmin edilməmiş, lakin buna baxmayaraq borclu tərəfindən icra sənədinin icrası ilə əlaqədar lazımi addımlar atılmamışdır. Beləliklə, bütün bunlar bir daha onu təsdiq edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın təmin edilməsi əsaslı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-115/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-94/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-94/2025
14.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver