Məhkəmə qərarları › İş №8(103)-98/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-98/2024

15.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-98/2024 15.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu də Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-603/2022 saylı, 17 yanvar 2024-cü il tarixli qərardadından Tələbkar şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Elzamin İsayev Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7743/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “AUDİ A8 MİNİK” minik markalı, ** RX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-603/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “AUDİ A8 MİNİK” minik markalı, ** RX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Ərizəçi Borclu ərizə ilə məhkəməyə müraciət edərək həbsin götürülməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-603/2022 saylı, 17 yanvar 2024-cü il tarixli qərardadı ilə Borclu ərizəsi təmin edilmiş və “AUDİ A8 MİNİK” minik markalı, ** RX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Məhkəmə qənaətində göstərib ki, “İcra haqqında” haqqında Qanunun 43.1.1, 45.1, 47.2, 50.2, 50.4-cü maddələrinin məzmunundan göründüyü kimi, icra sənədinin icrasının təmin edilməsi məqsədilə yalnız borcluya məxsus borcluda olan, eləcə də borclunun mülkiyyətində olan, lakin üçüncü şəxslərdə olan və tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək məqsədilə borclunun əmlakı üzərinə həbs qoyula bilər. Hazırki iş üzrə isə “tələbkara verilməsi və ya satılması nəzərdə tutulan” əmlak tələbkara təklif edilmiş və onun tərəfindən təklifə münasibət bildirilməmişdir. Hazırda həmin avtomobilin üzərində həbsin olması, Konstitusiya və digər qanunlarla təsbit edilmiş mülkiyyət hüququnun pozulması, eləcə də qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının mümkünsüzlüyü ilə nəticələnə bilər. İş materiallarından olan xx.xx.2023-cü il tarixli Nərimanov rayon İcra şöbəsinə ünvanlanmış məktubdan görünür ki, “AUDİ A8 MİNİK” minik markalı, ** RX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə mövcud qanunvericiliyə uyğun olaraq hərrac keçirilmiş, alıcı müraciəti olmadığından hərrac baş tutmamışdır. İcra sənədinin icra müddəti başa çatdığından sənədlər icra şöbəsinə geri qaytarılmışdır. İş materiallarından olan Nərimanov rayon İcra şöbəsi tərəfindən Tələbkar ünvanlanmış xx.xx.2023-cü il tarixli təklifdən görünür ki, icra sənədi üzrə 7000 manat borcun əvəzi olaraq “AUDİ A8 MİNİK” minik markalı, ** RX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, qalıq 1000 manat pul vəsaitinin Borclu geri qaytarılması şərti ilə Tələbkar təklif olunur və təklifə xx.xx.2023-cü il tarixə qədər münasibət bildirməsi xahiş olunur. Məhkəmə hesab etmişdir ki, “AUDİ A8 MİNİK” minik markalı, ** RX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Tələbkar təklif olunmuş və həmin təklifə onun tərəfindən münasibət bildirilməmişdir. Bu səbəbdən də ərizə təmin edilməli, “AUDİ A8 MİNİK” minik markalı, ** RX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbs götürülməlidir. Həmin qərardaddan Tələbkar şikayət verərək qərardadın ləğv edilməsini və həbsin götürülməsi barədə ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayətdə qeyd edilir ki, məhkəmə qərardadında və icra məmurunun məhkəməyə təqdim etdiyi sənədlərdə Nərimanov rayon İcra şöbəsi tərəfindən Tələbkar ünvanlanmış xx.xx.2023-cü il tarixli təklifdən görünür ki, icra sənədi üzrə 7000 manat borcun əvəzi olaraq “AUDİA8 MİNİK” minik markalı, ** RX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, qalıq 1000 manat pul vəsaitinin Borclu geri qaytarılması şərti ilə Tələbkar təklif olunması və təklifə xx.xx.2023-cü il tarixə qədər münasibət bildirməsi göstərilsə də, həmin avtomobil nə icra məmuru, nə də hər hansı qiymətləndirici MMC tərəfindən qiymətləndirilməmiş, avtomobilin dəyəti nəinki 8000 manat, hətta 2000 manat belə təşkil etmədiyi halda ona real dəyərindən qat-qat yuxarı qiymətə təklif edilməsinin məqsədi icra sənədinin icrasını təmin etmək deyil, məhz icra sənədinin icrasının mümkünsüz olması əsası ilə icrasız qaydada saxlanılması olmuşdur. Avtomobil üzərinə həbs qoyulmasının məqsədi icra sənədinin icrasının təmin edilməsi olduğu halda, icra edilmədən həbsin götürülməsi barədə ərizənin təmin edilməsi məhkəmə tərəfindən qanunsuz və əsassız qərardadın qəbul edilməsinə əsas olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi ərizəyə baxılmasının yeri və vaxtı barədə ona qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq etməmiş, ərizəyə baxılmasında onun iştirakını təmin etməmiş, qərardadın qəbul edilməsindən 20 gün sonra qərardadın qəbul edilməsi barədə məlumat almışdır. Məhkəmə ərizəyə baxılmasında onun iştirakını təmin etməli olduğu, tələbkar kimi onun qanunla qorunan hüquq və mənafelərii nəzərə almalı olduğu halda, qətnamənin icrasının təmin edilməməsinə baxmayaraq, borclunun mənafeyinə uyğun qərardad qəbul etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-603/2022 saylı, 23 fevral 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab olunur. Həmin Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. Əvvəla, borcluya məxsus əmlakın üzərinə həbs qoyulması zərurəti məhz icra sənədi üzrə borclunun öz öhdəliklərini könüllü icra müddətində və ondan sonra tam icra etməməsidir. Belə ki, icra sənədi üzrə olan borc ödənilməmişdir. İcra məmuru da icra sənədinin icrasını tam təmin etmək üçün təqdimatla məhkəməyə müraciət edərək borcluya məxsus avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmiş, məhkəmə də təqdimatı təmin etmişdir. Borclu mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulmasından narahatdırsa, iki ildən artıq bir müddətdə, Dövlətin adından çıxarılmış məhkəmə aktını icra etməməsindən də narahat olmalıdır. Ancaq narahat olmur və nədənsə bu öhdəliyini unudur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7743/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə qət olunan məbləğ icra olunmamış qalmışdır. Bunun səbəbkarı isə tələbkar yaxud hansısa digər şəxs ola bilməz. Borclu əgər həqiqətən avtomobilinin üzərindən həbsin götürülməsini istəyirsə onda icra sənədi üzrə öhdəliyini dərhal icra etsin. Əks halda bu hal üçün yalnız özü məsuliyyət daşımalı olacaq. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki,... avtomobilin üzərində həbsin olmasının Konstitusiya və digər qanunlarla təsbit edilmiş mülkiyyət hüququnun pozulması, eləcə də qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının mümkünsüzlüyü ilə nəticələnə bilər. Məhkəmə borclunun Konstitusiya və digər qanunlarla təsbit edilmiş mülkiyyət hüququnun pozulmasını istəmirsə, onda Konstitusiya və digər qanunlarla təsbit edilmiş qanuni qüvvəsini almış məhkəmə aktının icra edilməsi də təmin edilməlidir. Ancaq borclu icra sənədini icra etmir yaxud etmək istəmir. Bu cür vəziyyətdə, avtomobilin üzərindən həbsin götürülməməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının mümkünsüzlüyü ilə nəticələnə bilər dedikdə məhkəmənin nəyi nəzərdə tutması da bəlli deyil. Şərh olunanlara əsasən, şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-603/2022 saylı, 17 yanvar 2024-cü il tarixli qərardadı ləğv edilməli; Borclu həbsin götürülməsi barədə ərizəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Tələbkar şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-603/2022 saylı, 17 yanvar 2024-cü il tarixli qərardadı ləğv edilsin və Borclu həbsin götürülməsi barədə ərizəsi təmin edilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar