Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-98/2025 07.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)- 8154/2017 nömrəli icra sənədi üzrə indeksasiya barədə ərizəsi ilə bağlı iş üzrə (Açar sözlər: indeksasiya) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X3 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, Tələbkar, Borclu iştirakları ilə, Tələbkar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)- 8154/2017 nömrəli icra sənədi üzrə indeksasiya barədə ərizəsi ilə bağlı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-121/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)- 8154/2017 nömrəli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X1 üçün cavabdeh Borclu hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, alimentin minimum əmək haqqına uyğun indeksasiya edilməsini xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, 2017-ci ildən sonra “Yaşayış minimumu haqqında” qanunda məbləğlərlə bağlı artım olsa da, iddiaçı aliment həcminin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməmişdir. Həmin vaxtdan uşaq iddiaçının himayəsindədir və 2017-ci ildə təyin edilmiş aliment uşaq xərclərini ödəmir.
4. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)- 121/2025 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8154/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu iddiaçı Tələbkar ödənilməli olan alimentin məbləğinin xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 1,2 misli həddində indeksasiya olunması qərara alınmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
5. Borclu həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2025-ci il üçün alimentin minimum məbləğində (246 AZN) tutulması barədə yeni qərardadın çıxarılmasını xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə onun aylıq gəlirini nəzərə almadan hüquqlarını kobud şəkildə pozmuşdur. O, boşanandan sonra ikinci dəfə ailə həyatı qurmuşdur və iki övladı var. Məhkəmə bir uşaq üçün ödəməli olduğu məbləği az qala 4 dəfəyə qədər qaldırmaqla onun digər iki övladının vəziyyətini düşünməmişdir.
7. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət üzrə apellyasiya mümkün hesab olunaraq, şikayətə yazılı icraat qaydasında baxılması qərara alınmış, daha sonra xx.xx.2025-ci il tarixli qərardadı ilə işə şifahi icraat qaydasında baxılması qərara alınmışdır.
9. Tələbkar şikayətə qarşı yazılı etiraz verərək qeyd etmişdir ki, bu zamana qədər bir dəfə də olsun, keçmiş ərinə alimentin ödənilməsinin gecikməsi, məbləğin azlığı barədə iradı olmamışdır. İndiki halda tərəfin apelyasiya şikayəti verməsi qətiyyən müsbət qəbul edilə bilməz. Belə ki, tərəfindən apellyasiya şikayətində göstərdiyi xüsusatları çoxu həqiqəti əks etdirmir. Artıq təxminən üç ildən çoxdur ki, yeganə qız övladı olan Əkbərzadə Aydanla atası görüşmür, ona qayğı göstərmir, dərsləri ilə maraqlanmır, ümumiyyətlə belə bir övladının olduğunun fərqində belə deyildir. Əslində 480 manat da heç bir yeniyetmə uşağın saxlanmasına yetərli deyil. Eyni zamanda, qızı yaxşı oxuyur və onu dərsdən əlavə hazırlıqlara göndərir. Aylıq təxminən 400 manat onun repititor xərcləridir. Bundan başqa, uşağın fərdi inkişafı üçün əlavə dərnəklərə və getməsi təşkil olunan ölkədaxili səfərlərdə iştirak etməsi də xərclərə daxildir. Bütün bunların hamısı bəlli bir məsrəflərdir. Bu səbəbdən də hesab edir ki, qərardad əsaslıdır. Proses iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən borclu şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkar şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq normaları:
12. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsi Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.
13. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
14. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarı: Bənd 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Bənd 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.
15. Minimum aylıq əməkhaqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilib. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası tərəfləri dinləyib, şikayətin və ona qarşı verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-121/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)- 8154/2017 nömrəli qətnaməsi ilə yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulan alimentin məbləği hər ay 140 manat məbləğdə müəyyən edilmiş, 2017-ci il ölkə üzrə minimum əmək haqqının məbləği 116 manat müəyyən edildiyindən və 116 manat sabit pul məbləğində aliment 2017-ci il üçün minimum əmək haqqının 1.2 misli təşkil etdiyindən, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.2 misli həddində indeksasiya olunmalıdır.
18. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hazırki icraat artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tutulan sabit pul məbləğində alimentin qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına uyğun olaraq indeksasiyası ilə bağlıdır, aliment miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) ilə bağlı deyil.
19. Kollegiya həmçinin izah edir ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsininin tələblərinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması məhkəmə tərəfindən alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsinə əsas ola bilər. Bu məqsədlə tərəflərdən istənilən biri məhkəməyə iddia ilə müraciət edə bilər.
20. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur, qərardadın ləğvi üçün əsaslar yoxdur.
21. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-121/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Hakimlər: