Məhkəmə qərarları › İş №8(104)-1/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-1/2024

31.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-1/2024 31.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Tələbkar, borclu X4, onun nümayəndəsi (vəkili) X12 və Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 iştirakı ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(042)-202/2023 nömrəli qərardadından borclu X2 nümayəndəsi (vəkili) X12 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Tələbkar Gədəbəy Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Gədəbəy rayon Məhkəməsinin 2(042)-51/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən onlara ödənilməli olan 30764 manat pul məbləğinin indeksasiyasının aparılması və Borclu 10.528 manat pulun tutularaq icra edilməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(042)-202/2023 nömrəli qərardadı ilə (hakim Marif Kazımov), ərizənin qismən təmin edilməsi, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)-51/2019 saylı icra sənədinə əsasən Borclu alınıb tələbkarlar Tələbkar və X6 ödənməli olan 30764 manat pulun 2021-2023-cü illər üçün indeksasiyası aparılması, Borclu 9475,312 manat məbləğində pul alınıb tələbkarlar Tələbkar və X6 verilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan borclu X2 nümayəndəsi (vəkili) X12 şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassız və qanunsuzdur. Belə ki, məhkəmə qərar qəbul edərkən nəzərə almamışdır ki, Borclu 30764 (otuz min yeddi altmış dörd) manat pulun tutulması barədə iddia tələbi üzrə mülki işlə bağlı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qərar qərar qəbul edildikdən sonra məhkəmə qətnaməsinin icrası ilə bağlı icra işi 2021-ci ilin may ayında Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və borclunun məhkəmə qətnaməsində nəzərədə tutulan pulu ödəməyə imkanı olmadığı üçün icra məmurunu təqdimatı əsasında Gədəbəy Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qərardadı ilə borclunun əmlakının üzərinə həbs qoyulmuşdur. Bundan sonra borclunun əmlakları ilə bağlı qiymətləndirmə olmuş və müvafiq hərraclar keçirilmişdir, sonda isə borclu tərəfindən məhkəmə qətnaməsində nəzərdə tutulan pul tam ödənilməsinə baxmayaraq, tələbkar İcra Şöbəsinin depozit hesabında olan pulu götürməyərək hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmçinin məhkəmə Borclu 9475,312 manat məbləğində pul alınıb təlabkarlara verilməsi barədə qərardad qəbul edərkən nəzərə almamışdır ki, təlabkarlardan X10 artıq 6 aya yaxın müddətdir ki, vəfat edib və hazırki ərizə ilə yalnız təlabkar Borclu məhkəməyə müraciət edir. Lakin, buna baxmayaraq məhkəmə bütün bu xüsusatları araşdırmaq üçün təlabkarın, borclunun və məhkəmə qətnaməsinin icra etmiş icra məmurunun iştirakını təmin etməmiş, yalnız Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli məktubuna istinad edərək ərizənin qismən təmin edilməsi barədə qərardad qəbul etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(042)-202/2023 nömrəli qərardadı ilə, şikayətin təmin olunmaması, şikayətin baxılması üçün iş materialları ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin iş qərardaddan verilmiş şikayət kimi qəbul edilərək yazılı icraat qaydasında baxılması üçün təyin olunmuşdur. Məhkəmə kollegiyası isə şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 8(104)- 1/2024 nömrəli qərardadı ilə, Gədəbəy Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 8(042)-202/2023 nömrəli qərardadından Borclu nümayəndəsi (vəkili) X12 tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə kollegiyasında iştirak edən borclu X4 şikayətin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, Borclu 30764 (otuz min yeddi altmış dörd) manat pulun tutulması barədə iddia tələbi üzrə mülki işlə bağlı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qərar qərar qəbul edildikdən sonra məhkəmə qətnaməsinin icrası ilə bağlı icra işi 2021-ci ilin may ayında Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və borclunun məhkəmə qətnaməsində nəzərdə tutulan pulu ödəməyə imkanı olmadığı üçün icra məmurunun təqdimatı əsasında Gədəbəy Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qərardadı ilə borclunun əmlakının üzərinə həbs qoyulmuşdur. Bundan sonra borclunun əmlakları ilə bağlı qiymətləndirmə olmuş və müvafiq hərraclar keçirilmişdir, sonda isə borclu tərəfindən məhkəmə qətnaməsində nəzərdə tutulan pul tam ödənilməsinə baxmayaraq, tələbkar İcra Şöbəsinin depozit hesabında olan pulu götürməyərək hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, məhkəmə Borclu 9475,312 manat məbləğində pul alınıb təlabkarlara verilməsi barədə qərardad qəbul edərkən nəzərə almamışdır ki, təlabkarlardan X10 artıq 6 aya yaxın müddətdir ki, vəfat edib və hazırki ərizə ilə yalnız təlabkar Borclu məhkəməyə müraciət edir. Şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasında iştirak edən borclunun nümayəndəsi (vəkili) X12 şikayətin dəlillərini müdafiə edərək və borclunun göstərdiyi xüsusatları təsdiq edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasında iştirak edən Tələbkar şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, Gədəbəy rayon Məhkəməsinin 2(042)- 51/2019 saylı, xx.xx.2019-cu il tarixdə onun və X5 cavabdeh Borclu qarşı tikiliyə sərf olunmuş materialın dəyərinin ödənilməsi tələbinə dair iddia üzrə işə açıq məhkəmə iclasında baxaraq Gəncə şəhəri, Məhsəti qəsəbəsində cavabdeh Borclu məxsus 0.45 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tikintisinə sərf olunmuş materialların dəyəri olaraq 30764 məbləğində pulun cavabdeh Borclu alınıb iddiaçılara verilməsinə dair qətnamə çıxarılmışdır. Lakin, borclu tərəfindən uzun müddətdir ki, borc ödənilməmişdir. Həmçinin, borcun ödənilməsi üçün ona borclunun mülkiyyətində olan əmlak hərrac tərəfindən təklif edilmiş, ancaq qəbul etməmişdir. Bundan əlavə isə icra müddətində o həqiqətən bir il Rusiya Federasiyasında yaşamışdır. Odur ki, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasında iştirak edən və Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 izahatında göstərmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)- 51/2019 nömrəli, xx.xx.2019-cu il tarixli saylı icra sənədi xx.xx.2019-ci il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə daxil olaraq icra məmuru Səbuhi Hüseynovun icraatına verilmiş, qanuna müvafiq qaydada icraata başlanılaraq Borclu qeyd olunan icra sənədinin icrasının təmin olunması üçün könüllü müddət verilməsi barədə bildiriş təqdim olunmuşdur. Bundan başqa borclunun əmlaklarının axtarılması ilə bağlı müvafiq dövlət orqanlarına və kommersiya təşkilatlarına sorğular edilsə də, Borclu adına qeydiyyatdan keçmiş daşınmaz əmlaklar aşkar edilmişdir. Bundan sonra borcluya məxsus Gəncə şəhərində yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur və həbs qoyulmuş əmlak tələbkara təklif olunsa da tələbkar təklifdən imtina etmişdir, bundan sonra borcluya məxsus torpaq sahəsinin üzərinə həbs qoyulması üçün 2023-cü il tarixdə Gədəbəy Rayon Məhkəməsinə müraciət edilmiş və 0.10 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Bundan sonra 2023-cü ilin sentyabr ayında Borclu məhkəmə qərarında göstərilən pulu tam şəkildə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin depozit hesabına köçürmüşdür, lakin tələbkar Sevda İmaniyeva məhkəmə qərarında göstərilən pulu götürməkdən imtina etmişdir, tələbkar müraciət etdiyi halda icra şöbəsinin depozitində olan pul məbləği tam olaraq ödənilməsi təmin olunacaqdır. Digər tərəfdən tərəflər arasında üç icra sənədi mövcuddur. Belə ki, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə tələbkarın oğlunun borcluya 5000 manat borcu olmuşdur. Hazırda digər tələbkar X10 vəfat etmişdir. Tərəflərə təklif edilmişdir ki, 5000 manat və digər icra sənədi üzrə olan 9000 manat kompensasiya məbləği ev ilə əvəzləşdirilsin. Lakin, tələbkarlar razılıq verməmişdir. Hazırki iş üzrə borcun ödənilməsi üçün Gəncə şəhəri, 0.045 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuş və hərraca çıxardılmışdır. Qiymətləndirici tərəfindən həmin əmlak 65.000 manat dəyərində qiymətləndirilmiş və üç dəfə hərrac keçirildikdən sonra son qiymət olaraq tələbkara 45.500 manat məbləğində əmlak təklif edilmişdir. Lakin, tələbkar həmin zaman onu qəbul etməmişdir. Həmçinin, Tələbkar 1 il ərzində Rusiya Federasiyasında yaşamışdır və özü də ölkə xaricində olduğu üçün icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bundan əlavə isə borclu onlara təklif etmişdir ki, tələbkarlar tərəfindən ona 10.000 manat pul ödənilsin və bunun qarşılığında isə üç icra sənədi bağlansın. Ancaq, bir daha tələbkarlar razılıq verməmişdir. xx.xx.2019-cu il tarixli icra sənədi üzrə 30.000 manat müştərək qaydada tutulduğu üçün həmin məbləğdən 15.000 manat mərhum tələbkar Ayaz İmanıyevə çatmalı idi. Sonuncu pulu çıxartmaq istəmiş, lakin vəfat etdikdən sonra digər Tələbkar pulu qəbul etməmiş və tam şəkildə almaq istəmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, verilmiş şikayət təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(042)- 202/2023 nömrəli qərardadı tam və xx.xx.2023-cü il tarixli, 8(042)-202/2023 nömrəli qərardadı isə qismən şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, yeni qərardad çıxarılmaqla ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə təqdimatın verilməsinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası qanunun 43.1.3-cü maddəsinə görə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildikdə və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçdikdə icra məmuru tərəfindən məcburi icra tədbirlərinin tətbiqinə yol verilir. Azərbaycan Respublikası MPM-in 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası MPM-in 232.2-ci maddəsinə görə, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun indeksləşdirmənin mahiyyəti və məzmunununu müəyyən edən 1-ci maddəsində qeyd edilmişdir ki, indeksləşdirmə Azərbaycan Respublikası ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədi ilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmidir. Həmin Qanunun 3-cü maddəsinə görə, indeksləşdirmə obyektləri aşağıdakı kimi müəyyən edilmişdir: - müəssisələrin, idarələrin və təşkilatların işçilərinin əmək haqları, birdəfəlik müavinətlər istisna olmaqla dövlət pensiyaları, təqaüdlər, sosial müavinətlər (uşaqlı ailələrə, ştatların ixtisarı, müvəqqəti əmək işqtidarsızlığı ilə, həmiləliklə əlaqədar verilən və başqa müavinətlər), - vətəndaşların Azərbaycan Respublikasının Əmanat Bankında olan əmanətləri, -Azərbaycan Respublikasının dövlət istiqrazları və digər dövlət qiymətli kağızları, - Azərbaycan Respublikası Dövlət sığlorta orqanlarına verilən haqlar və aliment. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Komentariyasında da qeyd olunur ki, şərh olunan maddə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunan pul məbləğlərinin indeksasiyasının həyata keçirilməsini müəyyən edir. İndeksaksiya dedikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin qanunla müəyyən edilmiş əsaslarla və qaydada artırılması başa düşülür. Pul məbləğinin indeksasiyası hər şeydən əvvəl istehlak qiymətlərinin artması ilə əlaqədar olar və həmin məbləğin dəyərini qorumaqla iddiaçının qanuni mənafeyini müdafiə etmək məqsədi daşıyır. Belə ki, müəyyən məbləğdə pul vəsaiti bazarda istehlak qiymətlərinin artması, inflyasiya və s. kimi mənfi iqtisadi proseslərin nəticəsində öz dəyərini əhəmiyyətli dərəcədə itirmişdirsə və bununla əlaqədar olaraq iddiaçının həmin pul məbləğinə görə alıcılıq qabiliyyəti aşağı düşmüşdürsə, hətta verilmiş borcun qaytarılması tələbinə dair iddianın tam təmin olunması belə iddiaçının pozulmuş hüququnu tam bərpa etmir. Belə olan halda qətnaməyə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin indeksasiyasının həyata keçirilməsi zərurəti yaranır. Məhkəmə qətnaməsi ilə tutulmalı olan pul məbləğinin müvafiq indeksasiyası barədə qərardad çıxarılması qanunun tələblərinə uyğundur. İş materiallarından görünür ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)-51/2019 saylı qətnaməsinə əsasən, Gəncə şəhəri, Məhsəti qəsəbəsində cavabdeh Borclu məxsus 0.45 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tikintisinə sərf olunmuş materialların dəyəri olaraq 30764 (otuz min yeddi altmış dörd) manat məbləğində pul vəsaiti cavabdeh Borclu alınıb iddiaçılar Tələbkar və X6 verilməlidir. Həmin qətnamədən apellyasiya şikayəti olmuş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdeh Borclu nümayəndəsi və vəkil X1 apellyaisya şikayəti təmin edilməmiş, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)-51/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qərar alınmışdır. Apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərarından kassasiya şikayəti olmuş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il qərarına əsasən, cavabdeh Borclu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(104)-900/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qərar alınmışdır. xx.xx.2019-cu il tarixli icra sənədi xx.xx.2019-ci il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə daxil olaraq icra məmuru Səbuhi Hüseynovun icraatına verilmiş, qanuna müvafiq qaydada icraata başlanılaraq Borclu qeyd olunan icra sənədinin icrasının təmin olunması üçün könüllü müddət verilməsi barədə bildiriş təqdim olunmuşdur. Bundan başqa borclunun əmlaklarının axtarılması ilə bağlı müvafiq dövlət orqanlarına və kommersiya təşkilatlarına sorğular edilsə də, Borclu adına qeydiyyatdan keçmiş daşınmaz əmlaklar aşkar edilmişdir. Bundan sonra borcluya məxsus Gəncə şəhərində yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur və həbs qoyulmuş əmlak tələbkara təklif olunsa da tələbkar təklifdən imtina etmişdir, bundan sonra borcluya məxsus torpaq sahəsinin üzərinə həbs qoyulması üçün 2023-cü il tarixdə Gədəbəy Rayon Məhkəməsinə müraciət edilmiş və 0.10 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Bundan sonra 2023-cü ilin sentyabr ayında Borclu məhkəmə qərarında göstərilən pulu tam şəkildə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin depozit hesabına köçürmüşdür, lakin tələbkar Sevda İmaniyeva məhkəmə qərarında göstərilən pulu götürməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)-51/2019 saylı qətnaməsi icra edilməsi üçün xx.xx.2019-cu il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə daxil olmasına baxmayaraq, məhkəmə qətnaməsi 2019-cu il və 2020-ci il tarixdə apellyasiya və kassasiya qaydasında mübahisələndirilmiş, həmin tarixlərdə məhkəmə qətnaməsi qanuni qüvvəsində almadığından icra edilməsi mümkün olmamış və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il qərarına əsasən məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmaqla qanuni qüvvəsini almışdır. Ona görə də, məhkəmə hesab edir ki, tutulmalı olan pul məbləğinin 2019-2020-ci illər üçün indeksasiyası aparıla bilməz. Tələbkar 2021- 2023-cü illər üzrə tutulmalı olan pul məbləğinin indeksasiyasının aparılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən olunur ki, inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi əvvəlki illərə nisbətən 2021-ci il üçün 106,7 faiz, 2022-ci il üçün 113,9 faiz, 2023-cü ilin yanvar-oktyabr ayları üçün 110,2 faiz təşkil etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, inflyasiya göstəricisi kimi qəbul olunmuş 2021-2023-cü illər üçün istehlak qiymətlərinin indeksi faizlərini nəzərə alınaraq məhkəmə qərarı üzrə tutulmalı məbləğ indeksasiya edilərək, 2021-ci il üçün 2061.188 manat (30764 x 6.7 : 100= 2061,188 manat) 2022-ci il üçün 4276,196 manat (30764 x 13.9 : 100 = 4276,196 manat), 2023-cü il üçün 3137,928 manat (30764 x 10.2 : 100= 3137,928 manat), ümumilikdə 9475,312 manat pul borcludan tələbkarların xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi icra sənədi üzrə ödənilməli olan pul məbləğinin indeksasiya edilməsi barədə tələbi qismən təmin edərkən prosessual hüquq normalarının tələblərinə tam əməl etməmişdir ki, bu da nəticə etibarilə işin hallarının tam və obyektiv araşdırılmamasına səbəb olmuşdur. Belə ki, icra sənədi üzrə ödənilməli olan pul məbləğinin indeksasiyası barədə ərizə həll olunarkən, bəzi şərtlərə əməl olunması vacibdir. “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda, icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş məcburi icra tədbirlərinə - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. “İcra haqqında” Qanunun 23.1.3 və 23.2-ci maddələrinin mənasına görə, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə, icra məmuru tərəfindən bu haqda müvafiq akt tərtib edilməli, həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunmalı və bu barədə tələbkara məlumat verilməlidir. Tələbkar hazırki ərizəsinə baxılarkən məhkəmə bu xüsusatları araşdırmağa borcludur. Bunun üçün məhkəmə qətnaməsi üzrə icra işinin tələb olunub öyrənilməsi zəruriliyi ortaya çıxır. Nəzərə alınmalıdır ki, tələbkarın ərizəsinə baxılması və qanuni qərar çıxarılması üçün ilk növbədə icra icraatında görülən tədbirlər araşdırılmalıdır. Bu baxımdan məhkəmə tədqiqatının predmeti təkcə ərizə və ona əlavə olunmuş sənədlər deyil, həm də onun tərkib hissəsi olduğu icra işi materiallarıdır. Buna görə də ərizənin ətraflı araşdırılaraq baxılması və əsaslı qərar çıxarılması, icra işində olan sənədlər öyrənilmədən mümkün deyildir və məhkəmə işə baxılarkən icra işini də alıb, həmin sənədlər əsasında proses iştirakçıları ilə işin hallarını araşdırmalı idi. Lakin iş materiallarından görünür ki, məhkəmə icra işini tələb edib almamış, icra işində olan sənədləri öyrənməmişdir. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası xx.xx.2019-cu il tarixli, 2(042)- 51/2019 nömrəli icra sənədi üzrə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin e159146/2019-42-8-010 nömrəli icra sənədləri tam və obyektiv araşdırılmış, icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 43.1-ci maddəsində əks olunmuş məcburi icra tədbirlərinə riayət edildiyi müəyyən edilmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45-ci maddəsində tələbin borclunun əmlakına yönəldilməsi qaydaları müəyyən olunur. Həmin maddənin göstərişinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. İcra sənədi üzrə ilk növbədə borclunun manatla və ya xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin qanunun 50-ci maddəsində göstərilir ki, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra məmurunun təqdimatının hüquqi əsasını təşkil edən “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda qeyd edilən icra işindən görünür ki, icra sənədi üzrə yaranmış borcun ödənilməsi məqsədilə Borclu mülkiyyətində Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 0.045 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin, həmçinin ünvan 1 ünvanda yerləşən 0.10 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Bundan sonra borcun ödənilməsi üçün Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 0.045 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi 65.000 manat dəyərində qiymətləndirilmiş və 3 (üç) dəfə hərrac keçirildikdən sonra son qiymət olaraq tələbkara 45.500 manat məbləğində əmlak təklif edilmiş və bu barədə rəsmi bildiriş göndərilmiş, lakin sonuncu bunu qəbul etməmişdir. Göründüyü kimi, icra sənədinin icrası ilə əlaqədar zəruri icra hərəkətləri aparılmış və buna görə də zaman kəsiyinə ehtiyac olmuşdur. Borclunun isə icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, o cümlədən qərarlarının icra olunmaması, sonuncunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınmasına görə hər-hansı inzibati məsuliyyətə cəlb edilməsi və bu barədə qanunvericilikdə müəyyən edilmiş halda tədbirlərin görülməsi hazırki icra işinin materialları, icra məmurunun və proses iştirakçılarının izahatı ilə müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, Tələbkar 2021-ci il tarixdə (bir il müddətində) Rusiya Federasiyasında olmuş və buna görə də icraa sənədi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Belə ki, icra işinin materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, tələbkar ölkə hüdudlarından kənarda olduğundan telefon vasitəsilə əlaqə saxlanılmış və Rusiya Federasiyasında olduğu üçün icra işinin icraatının dayandırılmasını xahiş etmişdir. Həmçinin, məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkar göstərilən halları təsdiq edərək 1 (bir) il Rusiya Federasiyasında yaşadığını bildirmişdir. Bir xüsusat da qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi pulun müştərək olmasını, yəni icra sənədi üzrə tələbkar Sevdaya 15.382 manat pulun verilməsi nəzərə almayaraq, səhvən ümumi olaraq 30.764 manat borc pulu indeksasiya etmişdir. Sadalanan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin tələbkarın ərizəsi üzrə etdiyi hərəkətlər prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu tərəfindən verilmiş şikayət təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(042)-202/2023 nömrəli qərardadı tam və xx.xx.2023-cü il tarixli, 8(042)-202/2023 nömrəli qərardadı isə qismən şikayətin təmin edilməməsi - hissəsində ləğv edilməli, yeni qərardad çıxarılmaqla ərizə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 398.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəmənin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPMin 263, 264, 397, 398.0.3, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şikayət təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(042)-202/2023 nömrəli qərardadı tam və xx.xx.2023-cü il tarixli, 8(042)-202/2023 nömrəli qərardadı isə qismən şikayətin təmin edilməməsi - hissəsində ləğv edilsin. Tələbkar Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)-51/2019 nömrəli icra sənədi üzrə ödənilməli olan pul məbləğinin indeksasiya edilməsi barədə ərizəsi təmin edilməsin. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar