Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-105/2023 28.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Gədəbəy Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 8(042)-89/2023 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: X2 şikayət ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra sənədinin icraatına xitam verilməsi haqqında xx.xx.2022ci il tarixli qərarının ləğv edilməsini barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 8(042)-89/2023 saylı qərardadı ilə (hakim Marif Kazımov), şikayətin təmin edilməsini, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-83/2020 saylı icra sənədi alimentin tutulması hissəsində yenidən icra edilməsi üçün Gədəbəy rayon İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardadın dəlilləri ilə razılaşmayan X2 şikayət verərək, şikayətin təmin olunmasını və qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, alimentin tutulması barədə qətnamə mövcuddur və yenidən eyni tələblə məhkəməyə müraciət etməyi prosessual qənaət prinsipinə ziddir. Gədəbəy Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 8(042)-89/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, şikayət təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 8(042)-89/2023 nömrəli qərardadı və onun əsasında çıxarılmış 23 iyun 2023-cü il tarixli 8(042)-89/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 3.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunın tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 və 12.1-ci maddələri). Belə ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-83/2020 saylı icra vərəqəsinin surətindən görünür ki, 15 aprel 2015-ci il tarixdə doğulmuş X3 Məsim Rüstəm oğlu və X4 alınaraq, X6 verilməsi, 15 aprel 2015-ci il tarixdə doğulmuş X5 və 03 iyun 2016-cı il tarixdə doğulmuş X1 üçün hər ay hər uşaq üçün 150 manat, cəmi, 300 manat sabit miqdarda aliment Borclu alınaraq, X6 verilməsi qət edilmişdir. İş materiallarında olan Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, tələbkarın ərizəsi əsasında Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-83/2020 saylı icra sənədinə xitam verilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsində göstərilmişdir ki, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin qanunun 20.5-ci maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. İş materialları ilə müəyyən olunur ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-83/2020 saylı qətnaməsinə əsasən, 15 aprel 2015-ci il tarixdə doğulmuş X3 Məsim Rüstəm oğlu və X4 alınaraq, X6 verilməsi, 15 aprel 2015-ci il tarixdə doğulmuş X5 və 03 iyun 2016-cı il tarixdə doğulmuş X1 üçün hər ay hər uşaq üçün 150 manat, cəmi, 300 manat sabit miqdarda aliment Borclu alınaraq, X6 verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-83/2020 saylı icra sənədinə xitam verilməsi qərara alınmışdır. Lakin, X2 xitam qərarından şikayət verərək, borclu ilə aralarında olan ailə münasibətlərinin yenidən pozulduğunu bildirmiş və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu halda icra məmuru icra sənədi üzrə icraata xitam verə bilməzdi və həmin qərar qanuna ziddir. Çünki, «İcra haqqında» Qanunun 20-ci maddəsində icra sənədi üzrə icraata xitam verilməsi üçün əsaslar konkret olaraq müəyyən edilmişdir. Bu əsaslara aiddir: tələbkarın tələbdən imtinasını məhkəmənin qəbul etməsi (20.1.1-ci maddə); məhkəmənin tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etməsi (20.1.2); tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə (20.1.3-cü maddə); icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənədin ləğv edilməsi (20.1.4-cü maddə); icra sənədinin tam icra olunması (20.1.5ci maddə). Göründüyü kimi, borclu tərəfindən icra sənədi üzrə olan borc tam ödənilmədiyindən icra qurumu tərəfindən icra sənədinə xitam verilməsi əsassız və qanunsuz olmuşdur. Ümumiyyətlə nəzərə alınmalıdır ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 20.4-cü maddəsinə əsasən, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Həmin Qanunun 20.6-cı maddəsində deyilir ki, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Məhkəmə kollegiyası qeyd edir ki, tələbkar borclu ilə barışıb bir ailədə yaşadığına görə həmin ərizəni vermiş, lakin, daha sonra onlar arasında olan ailə münasibətləri pozulmuşdur. İcraata xitam verilməsi haqqında qərar isə icra sənədinin tam icra olunması əsasına görə qəbul edilmiş, lakin icra məmuru tərəfindən bu hal tam yoxlanılmamış, eləcə də, tərəflər alimentin tutulması barədə icra sənədinin icra olunmasını mübahisələndirmişlər. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli bu iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 8(042)-89/2023 nömrəli qərardadı və onun əsasında çıxarılmış 23 iyun 2023-cü il tarixli 8(042)-89/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasınnın MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya kollegiyası 1-ci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPMin 263, 264, 397, 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şikayət təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 8(042)-89/2023 nömrəli qərardadı və onun əsasında çıxarılmış 23 iyun 2023-cü il tarixli 8(042)-89/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(104)-105/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-105/2023
28.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver