Məhkəmə qərarları › İş №8(104)-112/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-112/2024

03.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-112/2024 03.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Borclu X3 qızının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə ərizəsinə dair iş üzrə Şəmkir Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli 8(076)- 489/2024 nömrəli qərardadından borclu X3 qızı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2015-ci il tarixli 2(104)-737/2015 saylı icra sənədi üzrə borclu X3 qızından 15200 manat məbləğində pul tutularaq X10 ödənilməlidir. İcra orqanı tərəfindən icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında borclulara bildiriş göndərilmişdir. Lakin, borcluya tələbin könüllü icrası haqqında bildiriş, habelə müvafiq xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tələbi könüllü icra etməmişdir. Ona görə də Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 mart 2021-ci il tarixli 8(104)-03/2021 saylı qərardadı ilə borclu X3 qızının Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti, yəni, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(104)-737/2015 saylı icra sənədi tam icra edilənədək məhdudlaşdırılmışdır. Hazırda borclu X3 qızı ərizə ilə məhkəməyə müraciət edərək, ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin aradan qaldırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 18 mart 2021-ci il tarixli 8(104)-03/2021 saylı qərardadı ilə Şəmkir rayon icra və probasiya şöbəsinin təqdimatı təmin olunmuş, onun Azərbaycan Respublikasından getmək hüququ məhdudlaşdırılmışdır. Hazırda onun ölkədən getmək zərurəti yaranmışdır. Belə ki, həyat yoldaşı X11 hazırda Türkiyə Respublikasında kimsəsizlər xəstəxanasındadır. X13-Kipeldən başqa heç kimi yoxdur. Belə ki, həyat yoldaşı X8 vətəndaşıdır. Eyni zamanda, o da Türkiyə vətəndaşıdır. Yoldaşının xəstəliyi ilə bağlı Türkiyə Respublikasına müalicəyə getmişdir. Hazırda yoldaşının vəziyyəti pisləşmiş, baxımsız və tək qaldığına görə, kimsəsizlər üçün müəyyən olunmuş xəstəxanaya yerləşdirilmişdir. Buna görə də, gedib yoldaşını da Azərbaycana gətirməlidir. Lakin, qeyd etdiyi kimi ölkədən çıxışına qadağa qoyulduğu üçün ölkədən gedə bilmir. Həyat yoldaşı da Türkiyə vətəndaşı olmasına baxmayaraq, son iki ilə qədər Şəmkir şəhərində yaşayıb. Onlar birlikdə Şəmkir şəhərində uzun illər işləmişlər və vergi ödəyicisi olmuşlar. Adına mülkiyyət hüququ ilə Şəmkir şəhərində fərdi yaşayış evi vardır. Onun daimi yaşayış yeri Azərbaycan Respublikasıdır. Şəmkir Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli 8(076)-489/2024 nömrəli qərardadı ilə (hakim Taleh Musayev) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(104)- 737/2015 saylı icra sənədi üzrə borclu, X3 qızının “Ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin aradan qaldırılması” barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan borclu X3 qızı şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırda ölkədən getmək hüququna böyük zərurət yaranmışdır. Əri X1 Respublikası vətəndaşıdır. O, ağır xəstəliyi ilə əlaqədar müalicə olunmaq üçün Türkiyə Respublikasına getmişdir. Hazırda onun vəziyyəti pisləşdiyindən orada kimsəsizlər xəstəxanasına yerləşdirilmiş və müalicə alır. Onun səhhəti çox ağırdır. X2 ondan başqa yaxını və ya qohumu yoxdur. Onun ailəsi olaraq yalnız ona həm maddi, həm də mənəvi dəstək olur. Şəmkir Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli 8(076)-489/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Borclu X3 qızı işə şifahi icraat qaydasında baxılması barədə vəsatət versə də, lakin iş üzrə əlavə araşdırma aparılmasına və tərəflərin izahatının dinlənilməsinə zərurət olmadığından məhkəmə kollegiyası vəsatəti təmin etməmiş və işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən, hər həsin azadlıq hüququ vardır. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsinə əsasən, məcburi icra tədbirləri aşağıdakılardır: borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Həmin Qanunun 44-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1-43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinə görə, hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 4 saylı Protokolun 3-cü maddəsinə görə, bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyətlər qoyula bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Xlyustov Rusiya Federasiyasına qarşı” iş üzrə 11 iyul 2013-cü il tarixli Qərarında bir daha xatırlatmışdır ki, Konvensiyanın 4 nömrəli Protokolunun 2-ci maddəsi istənilən ölkədən istənilən şəxsin seçimi ilə hər hansı ölkəyə getmək hüququ daxil olmaqla, həmin şəxsin sərbəst hərəkət etmək hüququna təminat verir. Bu hüququ məhdudlaşdıran istənilən tədbir qanunla nəzərdə tutulmalıdır, bu maddənin 3-cü bəndində göstərilən bir və ya bir neçə qanuni məqsəd olmalıdır, demokratik cəmiyyət üçün zəruri olmalıdır (Avropa Məhkəməsinin “Roymando İtaliyaya qarşı” iş üzrə 22 fevral 1994-cü il tarixli qərarı). Avropa Məhkəməsi qeyd olunan qərarında həmçinin xatırlatmışdır ki, ödənilməmiş borclarla bağlı müəyyən edilən məhdudiyyətin mütənasibliyi ilə münasibətdə, məhdudiyyət yalnız borcların qaytarılmasına təminat verən məqsədlərə çatmağa köməklik göstərdiyindən əsaslı sayılır. Bundan əlavə, əgər sərbəst hərəkət hüququnu məhdudlaşdıran tədbir əvvəldən əsaslandırılmış olsa da, avtomatik olaraq uzun müddətə uzadılarsa, həmin tədbir qeyri-mütənasib olmaqla şəxsin hüquqlarını poza bilər. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2015-ci il tarixli 2(104)-737/2015 saylı icra sənədi üzrə borclu X3 qızından 15200 manat məbləğində pul tutularaq X10 ödənilməlidir. İcra orqanı tərəfindən icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında borclulara bildiriş göndərilmişdir. Lakin, borcluya tələbin könüllü icrası haqqında bildiriş, habelə müvafiq xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tələbi könüllü icra etməmişdir. Ona görə də Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 mart 2021-ci il tarixli 8(104)-03/2021 saylı qərardadı ilə borclu X3 qızının Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti, yəni, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(104)- 737/2015 saylı icra sənədi tam icra edilənədək məhdudlaşdırılmışdır. Hazırda borclu X3 qızı ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin aradan qaldırılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.2-ci maddəsinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Hazırkı işdən isə görünür ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsas hələ aradan qalxmamışdır. Eyni zamanda, borclu X3 qızı tərəfindən verilmiş ərizənin zəruruliyi əsaslandırılmamış və ərizəsində göstərmiş olduğu səbəblər isə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılmasına əsas vermir. Şərh olunan halları nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ərizəni təmin etməmişdir. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən şikayətin dəlilləri kollegiya tərəfindən əsassız sayılmışdır. MPM-nin 398.0.1-ci maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 263-264, 269, 398.0.1 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu X3 qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli 8(076)-489/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar