Məhkəmə qərarları › İş №8(104)-146/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-146/2023

06.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-146/2023 06.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Hüseynzadə Afiq Hüseyn oğlunun sədrliyi və məruzəsi, Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil QƏhrəman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, Şəmkir Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 8(076)-452/2023 saylı qərardadından Tələbkar ASC tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Şəmkir rayon İcra və Probasiya şöbəsi təqdimatla Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-839/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu məxsus olan “Mersedes Benz 208” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin e-2- 2(115)-839/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 80500 manat məbləğində borc və 400 manat mediasiya rüsumu tutulub Tələbkar ASC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixində Şəmkir Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədiilə müvafiq təşkilatlara sorğular göndərilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən çıxarışa əsasən müəyyən olunmuşdur ki, borclu Musayev Musa oğluna məxsus olan “Mersedes Benz 208” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Borc cəmi 78900 manat təşkil edir. Buna görə də təqdimatın təmin edilməsi xahiş edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 8(076)-452/2023 saylı qərardadı (hakim H.Məhəmmədi) ilə təqdimatın rədd edilməsi qərara alınmışdır. Şəmkir Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 8(076)-452/2023 saylı qərardadından narazı qalan Tələbkar ASC şikayət verərək Şəmkir Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 8(076)-452/2023 saylı qərardadının ləğv edilməsini və Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatının təmin edilərək, Borclu məxsus olan “Mersedes Benz 208” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Tələbkar ASC şikayətində göstərmişdir ki, Borcluu mülkiyyətində olan “LEXUS LX570” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı və “VAZ-21013” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillər bankda girovdadır. Belə olan halda hesab edirkər ki, həmin avtomobillərin üzərinə qoyulmuş həbs Gəncə Kommersiya Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2-2(115)- 839/2022 saylı icra sənədinin icrasının təmin edilməsi üçün kifayət etmir. Şəmkir Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 8(076)-452/2023 saylı qərardadı ilə Tələbkar ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 8(076)-452/2023 saylı qərardadı və həmin qərardadla bağlı 17 oktyabr 2023-cü il tarixli, 8(076)-452/2023 saylı qərardadı ləğv edilməli, iş üzrə yeni qərardad çıxarılaraq təqdimat təmin edilməlidir. Belə ki, təqdimatı təmin etməyən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 8(076)-453/2023 saylı qərardadı ilə Şəmkir rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilərək Borcluu mülkiyyətində olan “LEXUS LX570” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin, o cümlədən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(076)-454/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “VAZ-21013” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Belə olan halda üzərinə həbs qoyulmuş əmlakların borcu tam ödəyib-ödəməyəcəyi icra məmuru tərəfindən əsaslandırılmadığından və məhkəməyə hər hansı sübut təqdim olunmadığından Borclu məxsus “Mersedes Benz 208” markalı, 10-NT- 845 dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması barədə verilmiş təqdimat əsassız hesab olunur. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 397.2-ci maddəsinə əsasən tərəflərə bildiriş göndərməklə işə yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəmsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Tələbkar ASC şikayətində Borcluu mülkiyyətində olan “LEXUS LX570” minik markalı, **-BP- *** dövlət qeydiyyat nişanlı və “VAZ-21013” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin bankda girovda olmasını qeyd etsə də birinci instansiya məhkəməsi tələbkarın qeyd olunan dəlilinə qiymət verməmişdir. Halbuki, iş materiallarına əlavə olunan Gəncə Kommersiya Məhkəməsinin 06 mart 2023-cü il tarixli, e-2-2(115)-24/2023 saylı qətnaməsindən görünür ki, Borclu ümumilikdə 141952 manat 29 qəpik məbləğində borcun tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi və tələbin cavabdeh Borclu məxsus “Lexus LX570” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi qət edilmiş, Gəncə Kommersiya Məhkəməsinin 06 mart 2023-cü il tarixli, e-2-2(115)-24/2023 saylı qətnaməsindən cavabdeh Borclu tərəfindən verilmiş apellyasiya şikayəti isə hazırda X1 icraatındadır. “Lexus LX570” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomaşın ipoteka ilə yüklü edildiyindən hazırkı icra işi üzrə borcun həmin əmlak hesabına ödənilməsi hələki mümkünsüz olmaqla, ipoteka ilə yüklü edilmiş öhdəlik üzrə borcun ödənilməsi üçün hərrac qaydasında realizə edilməsi ehtimalı yüksəkdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, hazırkı icra sənədi üzrə borcludan tutulmalı olan məbləğ 80500 manat təşkil etməkdədir ki, 2010-cu il buraxılışlı “LEXUS LX570” minik markalı və 1984-cü il buraxılışlı “VAZ-21013” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin cəmi dəyərinin 80500 manat olması da inandırıcı deyildir. Belə ki, avtomobillərin alqı-satqısına dair intenet informasiya ehtiyyatlarında 2010-cu il buraxılışlı “LEXUS LX570” minik markalı avtomobillərin dəyəri təxminən 53000-60000 manat ətrafında, “VAZ-21013” markalı avtomobillərin dəyəri isə 1000-4000 manat ətrafında dəyişməkdədir. Bundan başqa icra məmuru tərəfindən əmlakın qiymətləndirilməsi isə yalnız icra tədbiri qismində borclunun əmlakının üzərinə həbs qoyulduqdan sonra borcun həmin əmlak hesabına ödənilməsi ilə bağlı hərrac keçirilməsi üçün sifariş verilərkən mümkün olmaqla, borca mütənasib olmayan dəyərdə əmlakın üzərinə həbs qoyulması borclunun etirazının əsasını təşkil edə bilən hal olmaqla yanaşı, əmlakların borca mütənasib olmayan dəyərdə olması açıq-aşkar olmaqla, mübahisəyə açıq olmayan hal olmalıdır. Borclu tərəfindən isə belə bir etiraz verilməməklə yanaşı, əmlakların borca mütənasib olmayan dəyərdə olması da açıq-aşkar olmayan hal olmuşdur. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab etmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya icraatı zamanı X3 üçüncü şəxs qismində məhkəməyə ərizə ilə müraciət edərək, “Mersedes Benz 208” markalı, 10-NT- 845 dövlət qeydiyyat nişanlı avtomobili Borclu etibarnamə əsasında alıdğını, buna görə də avtomobilin üzərinə həbs qoyulmasının onun qanunla qorunan mənafeyinə toxuduğunu iddia etmişdir. Məhkəmə kollegiyası X2 dəlilini də əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması” Qaydasının 1.2-ci bəndinə əsasən Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması əqdləri Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən isə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Göründüyü kimi avtomobil rəsmi reyestrdə qeydə alınması tələb edilən daşınar əşya olduğundan ona dair sərəncam verilməsi haqqında müqavilə də notariat qaydasında (həmçinin xüsusi qanunvericilikdə nəzərdə tutulmuş formaya riayət etməklə) təsdiqlənməli idi. Lakin, X4 avtomobili etibarnamə ilə aldığını iddia etmişdir ki, qeyd edilə hal avtomobilin alqı-satqısını təsdiq etməməklə, Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət sayılır. Hazıda isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən aparılan rəsmi reyestrdə, “Mersedes Benz 208” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobiliin mülkiyyətçisi Borclu olmuşdur. X2 isə faktiki sahiblik əsasında “Mersedes Benz 208” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilə sahiblik etməsi həmin avtomobilin üzərinə həbs qoyulmaması üçün əsas olmamaqla, avtomobili əhəmiyyətsiz əqd üzrə əldə etdiyini iddia etdiyi təqdirdə Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbinə müvafiq olaraq əqdin etibarsızlığının nəticəsi qismində Borclu qarşı tələblərini irəli sürmək hüququna çalikdir. “İcra haqqında” Azərbaycan Respublikası qanunun 43.1.1-ci və 44.1.1-ci maddələrinə əsasən maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi üçün əsasdır. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 8(076)-452/2023 saylı qərardadı və həmin qərardadla bağlı 17 oktyabr 2023-cü il tarixli, 8(076)-452/2023 saylı qərardadı ləğv edillməli və təqdimat təmin edilərək, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-539/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan “Mersedes Benz 208” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-266, 398, 400- 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şəmkir Rayon Məhkəməsinin 05 sentyabr 2023-cüi il tarixli, 8(076)-452/2023 saylı qərardadından Tələbkar ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 8(076)-452/2023 saylı qərardadı və həmin qərardadla bağlı 17 oktyabr 2023-cü il tarixli, 8(076)-452/2023 saylı qərardadı ləğv edilsin və iş üzrə yeni qərardad çıxarılsın. Təqdimat təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-539/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan “Mersedes Benz 208” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar