Məhkəmə qərarları › İş №8(104)-150/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-150/2023

21.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-150/2023 21.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin 8(021)-495/2023 saylı 05 sentyabr 2023-cü il tarixli qərardadından iş üzrə tələbkar "xxxx" ASC-nin nümayəndəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar "xxxx" ASC məhkəməyə ərizə verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-1097/2013 saylı, 04 iyul 2013-cü il tarixli icra sənədinin yenidən icraya yöndəlilməsini xahiş etmişdir. Tələbkar "xxxx" ASC ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1097/2013 saylı, 04 iyul 2013-cü il tarixli qərarına əsasən cavabdehlər X1 və X2 cəmi 3107.99 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-yə verilməsi qət edilmişdir. Qeyd edilən icra sənədi icra olunması üçün Bərdə Rayon İcra və probasiya Şöbəsinə göndərilmiş, lakin icra sənədi icra edilmədən məhkəməyə geri qaytarılmışdır. Bərdə Rayon Məhkəməsinin 2(021)-1097/2013 saylı, 04 iyul 2013-cü il tarixli icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 8(021)-495/2023 saylı, 05 sentyabr 2023-cü il tarixli qərardadı ilə (hakim E.Əhmədov) tələbkar "xxxx" ASC-nin ərizəsi təmin edilməmişdir. Tələbkar "xxxx" ASC Bərdə Rayon Məhkəməsinin 8(021)-495/2023 saylı, 05 sentyabr 2023-cü il tarixli qərardadından elektron məhkəmə sistemi vasitəsi ilə 28 sentyabr 2023-cü tarixdə şikayət vermişdir.. Bərdə Rayon Məhkəməsinin 8(021)-495/2023 saylı iş üzrə 29 sentyabr 2023-cü il tarixli qərardadı ilə tələbkar "xxxx" ASC-nin Bərdə Rayon Məhkəməsinin 8(021)-495/2023 saylı 05 sentyabr 2023-cü il tarixli qərardadından verdiyi şikayət təmin edilməmiş və şikayətin baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi ərizəyə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxıldığı üçün tərəflər məhkəmə iclasına dəvət edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, şikayətin dəlillərini hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 8(021)-495/2023 saylı iş üzrə 05 sentyabr 2023-cü il tarixli qərardadı tam, onunla bağlı 29 sentyabr 2023-cü il tarixli qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və ərizəyə yenidən baxılması üçün iş Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. “İcra haqqqında” Qanunun 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Həmin Qanunun 23.3-cü maddəsinin mətn və məzmununa əsasən, icra sənədinin qaytarılmasından sonra bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Məhkəmə kollegiyasında işə baxılarkən müəyyən olundu ki, cavabdehlər X1 və X2 cəmi 3107.99 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-yə verilməsi barədə olan Bərdə Rayon Məhkəməsinin 2(021)-1097/2013 saylı 04 iyul 2013-cü il tarixli icra icra sənədi icraya yöndəlilmiş, lakin icra sənədi icra edilmədən məhkəməyə qaytarılmışdır. Hazırda tələbkar ərizə ilə müraciət edərək Bərdə Rayon Məhkəməsinin 2(021)-1097/2013 saylı, 04 iyul 2013-cü il tarixli icra sənədinin yenidən icraya yöndəlilməsini xahiş etmişdir. Məhkəmə həmin ərizəni təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Bərdə Rayon Məhkəməsinin 2(021)- 1097/2013 saylı, 04 iyul 2013-cü il tarixli qətnaməsi üzrə icra sənədi üzrə icra məmurunun “İcra sənədinin qaytarılması haqqında” qərar qəbul edilmiş və həmin qərarı ərizəçi mübahisələndirməmiş, birbaşa olaraq icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etdiyindən ərizə təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və bildirir ki, icra məmurunun “İcra sənədinin qaytarılması haqqında” qərarının mövcudluğu həmin icra sənədinin yenidən icraya yönəldilməsinə maneə deyildir. Belə ki, “İcra haqqqında” Qanunun yuxarıda qeyd edilmiş normalarından da görünür ki, icra sənədinin geri qaytarılmasına əsas olmuş hallar aradan qaldırıldıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bundan əlavə kollegiya qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tələbkarın icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəyə baxılması zamanı iş üçün əhəmiyyəti olan sənədləri (icra sənədi, icra sənədinin icra edilmədən məhkəməyə qaytarılması barədə icra məmurunun qərarı) tələb etməmiş, onları araşdırmamış və həmin sənədləri araşdırdıqdan sonra qiymət verməmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən ərizənin baxılmasına səthi yanaşılmış, bununla da prosessual hüquq normalarının pozulması ilə nəticələnən qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət təmin olunmalı, Bərdə Rayon Məhkəməsinin 8(021)-495/2023 saylı iş üzrə 05 sentyabr 2023-cü il tarixli qərardadı tam, onunla bağlı 29 sentyabr 2023-cü il tarixli qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və ərizəyə yenidən baxılması üçün iş Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuş. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar "xxxx" ASC -nin nümayəndəsi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 8(021)-495/2023 saylı iş üzrə 05 sentyabr 2023-cü il tarixli qərardadı tam, onunla bağlı 29 sentyabr 2023-cü il tarixli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilsin. Tələbkar "xxxx" ASC-nin nümayəndəsi tərəfindən verilmiş Bərdə Rayon Məhkəməsinin 2(021)-1097/2013 saylı, 04 iyul 2013-cü il tarixli icra sənədinin yenidən icraya yöndəlilməsi barədə ərizəyə yenidən baxılması üçün iş Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar