Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-152/2023 29.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(066)-189/2023 nömrəli qərardadından Borclu nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyənetdi: Ərizəçi Tələbkar ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Göygöl rayon İcra və Probasiya Şöbəsinin sözügedən qətnaməsinin icra olunmadan geri qaytarılması barədə qərarını ləğv edib, icra vərəqəsinin yenidən icra olunması üçün icraya yönəldilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(066)-189/2023 nömrəli qərardadı ilə (hakim Əyyub Kərimov) şikayətin təmin edilməsi, Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılmasına dair xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(066)-783/2023 saylı icra sənədinin yenidən icraya yönəldilməsi qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan Borclu nümayəndəsi və vəkili Nümayəndə şikayət verərək, qərardadın ləğv edilməsini və şikayətin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, hazırda borclu Həsənova (Bəxtiyarova) Ülviyyə Əhəd qızının daimi yaşayış yeri Rusiya Federasiyasının Moskva şəhəridir. O, Moskva şəhərində daimi qeydiyyatda olmaqla həmin şəhərdə də işləyir. Eyni zamanda 04 fevral 2020-ci il təvəllüdlü Həsənov (Bəxtiyarov) Ümid Elçin oğlu da Rusiyada qeydiyyatda olmaqla orada daimi yaşayır. Hesab edir ki, belə olan halda icra sənədi icra olunması üçün Rusiya Federasiyasına göndərilməli idi. Sonrakı hərəkətlərin edilməsi, yəni icra sənədinin borclu Həsənova (Bəxtiyarova) Ülviyyə Əhəd qızının və 04 fevral 2020-ci il təvəllüdlü Həsənov (Bəxtiyarov) Ümid Elçin oğlunun yaşayış yeri üzrə Rusiya Federasiyasının Moskva şəhərinə göndərilməsi üçün tədbirlərin görülməsi məqsədilə Göygöl rayon İcra və Probasiya Şöbəsi haqlı olaraq 12 sentyabr 2023-cü il tarixli qərarla icra sənədini məhkəməyə qaytarmışdır. Lakin məhkəmə heç bir araşdırma aparmadan, sübutların təqdim edilməsinə şərait yaratmadan, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini kobud surətdə pozaraq şikayətin təmin edilməsi barədə qanunsuz və əsassız qəraradad qəbul etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(066)-189/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə əsasən işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(066)-189/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə göstərir ki, Azərbaycan Respublikasının MPM-in 15.2.-ci maddəsinə görə, Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İş materialları ilə müəyyən edilir ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-783/2023 nömrəli icra vərəqəsinə əsasən, Tələbkar xx.xx.2020-ci il tarixdə doğulmuş X1 ilə - hər həftənin şənbə günü səhər saat 10:00-dan axşam saat 19:00-dək, hər il Yeni il və Novruz bayramlarında (görüş günləri həmin vaxta düşərsə həmin vaxtlar görüş günlərinə daxil edilməməklə) saat 11:00-dan saat 14:00-dək – sərbəst şəkildə (ananın iştirakı olmadan) ünsiyyətdə olmaq hüququ (görüş) verilmişdir. Daha sonra borclu və himayəsində olan azyaşlı uşaq Rusiya Federasiyasında yaşadığı üçün Göygöl Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə, icra sənədinin geri qaytarılması qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun icra sənədinin geri qaytarılması əsaslarından bəhs edən 23.1-ci maddəsində göstərilmişdir ki, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Məhkəmə kollegiyası göstərir ki, qətnamə qanuni qüvvəyə minməklə icraya yönəldildiyindən, icra məmuru tərəfindən icraata başlama qərar qəbul edildiyindən, borclu tərəfindən icra sənədi könüllü icra edilmədiyindən, icra məmuru tərəfindən İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilmədən əsassız olaraq icra vərəqəsi geri qaytarılmışdır. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarına görə Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışına olan hüquq xəyali xarakter alardı. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” xx.xx.1997-ci il tarixli qərarında qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəmə baxışına hüquq xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qaşı” xx.xx.2002-ci il tarixli qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma Konvensiyasnın 6-cı maddəsində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. Sadalanan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin borclunun şikayəti üzrə etdiyi hərəkətlər qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Qeyd olunanlara görə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1.-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 231, 263, 264, 398 və 402-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şikayət təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(066)-189/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(104)-152/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-152/2023
29.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver