Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-158/2025 05.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Tovuz Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli 2(062)-85/2025 nömrəli qətnaməsinə izah verilməsi barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin ərizəsinə dair iş üzrə Tovuz Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli 8(062)-238/2025 nömrəli qərardadından ərizəçi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Tovuz Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli 2(062)-85/2025 nömrəli qətnaməsinə əsasən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışda göstərilən birgə mülkiyyətdə olan Tovuz rayonu, Əlibəyli kəndində yerləşən 0,20 ha torpaq sahəsindən iddiaçılar X3, X1 və X2 hər birinin payına düşən 0,05 hektar torpaq sahəsinin naturada bölünüb ayrılması qət edilmişdir. Qətnamə əsasında verilmiş icra sənədi icra olunması üçün aidiyyəti orqana göndərilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Tovuz Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli 2(062)-85/2025 nömrəli qətnaməsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin naturada bölünməsi tələbinə dair Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(062)-85/2025 saylı qətnaməsinin icrasına aidiyyəti üzrə baxılmışdır. Müvafiq məhkəmə qərarına əsasən, iddia tələbi qismən təmin edilərək, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışda göstərilən birgə mülkiyyətdə olan Tovuz rayonu, Əlibəyli kəndində yerləşən 0,20 ha torpaq sahəsindən iddiaçılar X3, X1 və X2 hər birinin payına düşən 0,05 hektar torpaq sahəsinin naturada bölünüb ayrılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə qərarı ilə 0.20 ha torpaq sahəsinin iddiaçılar X3, X1 və X2 hər birinin payına düşən 0,05 hektar torpaq sahəsi naturada bölünüb ayrılmışdır. Lakin mütəxəssis rəyinə əsasən, bölgü sxemində torpaq sahəsinə dair payların bölünməsi 2 hissədən ibarət olmaqla (0.05 və 0.15 ha kimi) göstərilmiş (bir yerə bölünür kimi), bu da qətnamənin qət etdi hissəsi ilə, bölgü sxemi arasında uyğunsuzluq deməkdir. Sözügedən məhkəmə qətnaməsi ilə payçıların hər birinə düşən 0.05 ha torpaq sahəsinin qeydiyyatının ayrıayrılıqdamı, yoxsa payçıların hər birinin payına düşən 0.05 ha torpaq sahəsinin cəmlənərək, ümumi birgə 0.15 ha olaraq qeydiyyatının aparılmasımı nəzərdə tutulur? Göstərilənlərə əsasən, məhkəmə qətnaməsi ilə mülkiyyətçilərin hər birinə 0.05 ha kimi və yaxud da bölgü sxeminə uyğun olaraq bir yerdə bölünməli olub-olmaması ilə bağlı izah verilməsi xahiş edilmişdir. Tovuz Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli 8(062)-238/2025 nömrəli qərardadı ilə (hakim Pərvanə İsaqlı) Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-85/2025 saylı qətnaməsinə izah verilməsi barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan ərizəçi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə əsassızdır. Belə ki, torpaq sahəsinin naturada bölünməsi tələbinə dair Tovuz Rayon Məhkəməsinin xx.xx.2025- ci il tarixli, 2(062)-85/2025 saylı qətnaməsinin icrasına aidiyyəti üzrə baxılmışdır. Müvafiq məhkəmə qərarına əsasən, iddia tələbi qismən təmin edilərək, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışda göstərilən birgə mülkiyyətdə olan Tovuz rayonu, Əlibəyli kəndində yerləşən 0,20 ha torpaq sahəsindən iddiaçılar X3, X1 və X2 hər birinin payına düşən 0,05 hektar torpaq sahəsinin naturada bölünüb ayrılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə qərarı ilə 0.20 ha torpaq sahəsinin iddiaçılar X3, X1 və X2 hər birinin payına düşən 0,05 hektar torpaq sahəsi naturada bölünüb ayrılmışdır. Lakin mütəxəssis rəyinə əsasən, bölgü sxemində torpaq sahəsinə dair payların bölünməsi 2 hissədən ibarət olmaqla (0.05 və 0.15 ha kimi) göstərilmiş (bir yerə bölünür kimi), bu da qətnamənin qət etdi hissəsi ilə, bölgü sxemi arasında uyğunsuzluq deməkdir. Sözügedən məhkəmə qətnaməsi ilə payçıların hər birinə düşən 0.05 ha torpaq sahəsinin qeydiyyatının ayrıayrılıqdamı, yoxsa payçıların hər birinin payına düşən 0.05 ha torpaq sahəsinin cəmlənərək, ümumi birgə 0.15 ha olaraq qeydiyyatının aparılmasımı nəzərdə tutulur? Göstərilənlərə əsasən, məhkəmə qətnaməsi ilə mülkiyyətçilərin hər birinə 0.05 ha kimi və yaxud da bölgü sxeminə uyğun olaraq bir yerdə bölünməli olub-olmaması ilə bağlı izah verilməsi xahiş edilmişdir. Məhkəmə isə qeyd edilən xüsusatları nəzərə almamışdır. Tovuz Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli 8(062)-238/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini mülki iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb aşağıdakılara əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizəyə yenidən baxılıb hüquqi qiymət verilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-nin qətnamənin və qərardadın izah edilməsinin hüquqi əsaslarını müəyyən edən 230.1-ci maddəsinə görə, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsində deyilir ki, qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. İzah verilməsi tələb olunan qətnamənin nəticə hissəsindən göründüyü kimi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışda göstərilən birgə mülkiyyətdə olan Tovuz rayonu, Əlibəyli kəndində yerləşən 0,20 ha torpaq sahəsindən iddiaçılar X3, X1 və X2 hər birinin payına düşən 0,05 hektar torpaq sahəsinin naturada bölünüb ayrılması qət edilmişdir. Qətnaməyə izah verilməsi barədə ərizəçinin başlıca tələbi isə ondan ibarətdir ki, torpaq sahəsi mülkiyyətçilərin hər birinin mülkiyyət payı nisbətində 0.05 ha olaraq dörd hissəyə və yaxud da bölgü sxeminə uyğun olaraq (0.05 və 0.15 ha kimi) bölünməlidir. Kollegiya qeyd edir ki, paylı mülkiyyətdə olan torpaq sahəsininin naturada paylara ayrılması - torpaq sahəsinin əvvəlcədən hazırlanmış bölgü sxeminə (planına) əsasən real ərazidə (naturada, yəni yerində) ölçülərək sərhədlərinin təyin edilməsi və fiziki şəkildə bölünməsi prosesini ifadə edir. Ümumiyyətlə, daşınmaz əmlakda mövcud olan payın naturada ayrılması texniki cəhətdən mümkün olmalıdır. Bunun üçün aydın bir bölgü planının da tərtiblənməsi zəruridir. Əks halda payın naturada ayrılması mümkün olmaz. Daşınmaz əmlak üzrə payın naturada ayrılma qaydası isə bölgü sxemində öz əksini tapır. Bölgü sxemində torpaq sahəsinin ümumi ölçüsü, hissələrə necə bölünəcəyi, hər hissənin ölçüləri, sərhədlər, ayrılacaq hissələrə giriş-çıxış yolları göstərilməklə bölgünün hansı qaydada aparılmali olduğu müəyyən edilir. İzah verilməsi tələb edilən qətnamədən görünür ki, birinci instansiya məhkəməsi torpaq sahəsinin naturada bölünməsi barədə nəticəyə gəlmiş olsa da, lakin həmin bölgünün (naturada ayrılmanın) mütəxəssis rəyinə əlavə olunmuş torpaq sahəsinin bölünmə planı barədə sxemə uyğun bölünməsini qətnamənin nəticə hissəsində göstərməmişdir. Bu hal isə qətnaməyə izah verilməsi üçün qanuni əsas sayılır. Göstərilən halları, qərardaddan verilən şikayətdəki tələbi, eyni zamanda müəyyən olunmalı halların birinci instansiya məhkəməsi tərəfindən araşdırılması zərurətini nəzərə alaraq və MPM-nin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və bu qərardad da göstərilən qaydada qətnaməyə izah verilməsi məsələsinə yenidən baxılıb hüquqi qiymət verilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-nin 398.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ var. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və MPM-in 36, 263-264, 267, 398 və 402.2-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Ərizəçi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli 8(062)-238/2025 nömrəli qərardadı ləğv edilsin. Ərizəyə yenidən baxılıb hüquqi qiymət verilməsi üçün iş Tovuz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(104)-158/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-158/2025
05.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver