Məhkəmə qərarları › İş №8(104)-164/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-164/2023

25.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-164/2023 25.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Xocalı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(070)-9/2023 saylı qərardadından tələbkar Maraqlı şəxs2 ASC tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Borclu Xocalı Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, onun bir azyaşlı övladının olmasını, ailə gəlirinin az olmasını və digər banklara olan borcunu nəzərə alıb, borcunun hissə-hissə, hər ay 150 manat məbləğində ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Xocalı Rayon Məhkəməsinin 2(070)-95/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə onun barəsində Maraqlı şəxs1 icraatında icra sənədi var. Həmin icra sənədi üzrə o borcunu bir dəfəyə ödəyə bilmir. Belə ki, o, ailəlidir, bir azyaşlı uşağı olmaqla, ailədə işləyən tək özüdür. Bundan başqa onun digər banklara da kredit borcu var və əmək haqqı bunların hamısının bir dəfəlik ödənilməsinə kifayət etmir. Maraqlı şəxs2 ASC-yə olan borcunu hissə-hissə ödəyə bilər . Xocalı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(070)-9/2023 saylı qərardadı ilə (hakim Kamil Əliyev) ərizə təmin edilmiş, Xocalı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(070)-95/2023 saylı qətnaməsi üzrə ödəməli olduğu 2.742,90 manat borcu hissəhissə icra edilməklə, Borclu 1 il 6 ay müddətində hər ay 150 manat və sonuncu ay 92.90 manat tutulmaqla iddiaçı Maraqlı şəxs2 ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Tələbkar Maraqlı şəxs2 ASC həmin qərardaddan şikayət verərək, Xocalı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(070)-9/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, bank borclu ilə dəfələrlə razılıq əldə etmək üçün danışıqlar aparmış, lakin borclu müəyyən bəhanələr gətirərək borc öhdəliyini yerinə yetirməmiş və qətnamənin icrasının uzadılması üçün belə bir addım atmışdır. Həmçinin, məhkəmə qərardadı qəbul edərkən tələbkar Maraqlı şəxs2 ASC-nin mövqeyini nəzərə almamışdır. Xocalı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(070)-9/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün işin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin məhkəmə kollegiyasına izahat və etiraz daxil olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Xocalı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(070)-9/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: Maraqlı şəxs1 25 oktyabr 2023-cü il tarixli, 113984/2023-80-5 saylı məktubundan görünür ki, tələbkar Maraqlı şəxs2 ASC-yə Borclu olduğu icra sənədi üzrə 2792.90 manat borcu qalmışdır. Birinci instansiya məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, Borclu maddi durumunu nəzərə alaraq Xocalı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(070)- 95/2023 saylı qətnaməsi üzrə ödəməli olduğu 2.792,90 manat borcu Borclu 1 il 6 ay müddətində hər ay 150 manat və sonuncu ay 92.90 manat tutulmaqla iddiaçı Maraqlı şəxs2 ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşır. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Həmin Qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Resublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, qanunvericiliyin tələblərinə uyğundur və qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və Xocalı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(070)-9/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilməsin. Xocalı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(070)-9/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar