Məhkəmə qərarları › İş №8(104)-165/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-165/2025

07.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-165/2025 07.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Qazax Rayon Məhkəməsinin, 8(023)-87/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-594/2023 nömrəli qətnaməsi ilə Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixlli, 2(023)-179/2020 nömrəli qətnaməsi ilə cavabdeh Borclu tutulan alimentin tutulma qaydası dəyişdirilərək və cavabdeh Borclu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 21 oktyabr 2013cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 180 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. X1 alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixlli, 2(023)-594/2023 nömrəli qətnaməsilə təyin edilmiş 21 oktyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün müəyyən edilmiş 180 manat aliment məbləğinin 2025-ci il üzrə minimum əmək haqqına (400 manat) münasibətdə indeksasiya edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) 02 iyun 2025-ci il ci il tarixli, 8(023)-87/2025 nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-594/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunması, xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. X1 həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın dəyişdirilərək, 2025-ci il üzrə uşaqlar üçün müəyyən edilmiş minimum yaşayış həddindən- 246 manatdan az olmayan həddə indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar şikayətini onunla əsaslandırmışdır ki, himayəsində 18 yaşınadək sağlamlıq imkanları məhdud əlil övladı var, həmin uşağa qulluq etdiyinə görə işləyə bilmir, adına əmək müqaviləsi yoxdur, aldığı aliment daimi müalicəyə ehtiyacı olan övladının maddi tələbatını ödəmir və bu səbəbdən alimentin 2025-ci il üçün uşaqlar üçün müəyyən edilmiş minimum yaşayış həddindən- 246 manatdan az olmayan həddə indeksasiya edilməsi təmin edilməlidir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müyyən olunur ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli tarixli qətnaməsinə əsasən isə Borclu hər ay bir uşağa görə 180 (yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq tələbkara ödənilməsi qət edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli Qərarının 1.2.1-ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.4-cü bəndinə 8.4-2-ci yarımbənd əlavə edilmiş və həmin yarımbənddə göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” müvafiq sərəncamına əsasən hər il ölkə üzrə minimum aylıq əmək haqqının miqdarında artırmalar həyata keçirilir. 2023-cü ildə ölkə üzrə minimum aylıq əmək haqqının miqdarı 345 manat müəyyən edildiyi üçün, həmin ildə qəbul edilmiş qətnamədə də uşağın saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı (180 manat) 345 manat minimum aylıq əmək haqqının 0,52 mislinə nəzərən hesablanaraq düzgün indeksasiya edilmişdir(180/345=0,52). Beləliklə də, göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsi tələbkar tərəfindən qərardaddan verilmiş şikayəti təmin etməməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir, şikayətin dəlilləri formal mülahizə xarakteri daşıyır, şikayətin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Qazax Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 iyun 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar