Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-166/2025 12.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Tərtər Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli 8(061)-26/2025 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: X2 ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, uşaqları xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Tərtər Rayon Məhkəməsinin 2(061)- 736/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən ondan hər uşağa görə 190 manat, cəmi 570 manat məbləğində tutulan alimentin 50 faizinin uşaqların adına açılan bank hesabına ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli 8(061)-26/2025 nömrəli qərardadı ilə ərizə təmin edilərək, xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Tərtər Rayon Məhkəməsinin 2(061)- 736/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən X2ndan hər uşağa görə 190 manat, cəmi 570 manat məbləğində tutulan alimentin 50 faizi borclu tərəfindən uşaqların adına açılan bank hesabına köçürülməsi qərara alınmışdır. Həmin qərardaddan Tələbkar şikayət vermiş və Tərtər Rayon Məhkəməsinin 21 iyun 2025-ci il tarixli 8(061)-26/2025 nömrəli qərardadı ilə şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən geri qaytarılmışdır. Hazırda Tələbkar birinci instansiya məhkəməsinin qərardadından şikayət, eləcə də şikayət verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli 8(061)-26/2025 saylı qərardad “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinetinə yerləşdirilmiş və o, xx.xx.2025-ci il tarixdə baxarkən həmin qərardaddan məlumatlı olmuş və şikayət verilmişdir. Sözügedən qərardad tələbkara məhkəmə qəbzinə imzalatmaqla şəxsən verilməmişdir. Tərtər Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli 8(061)-26/2025 nömrəli qərardadı ilə (hakim Tahir Qubadov) Tərtər Rayon Məhkəməsinin 8(061)-26/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət vermə müddətinin bərpa edilməsinə dair Tələbkar tərəfindən verilmiş vəsatətin təmin edilməməsi və şikayətin geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan Tələbkar şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadı guya xx.xx.2025-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə aldığı yazılsa belə, həmin vaxtı qərardadı almamışdır. Həmin qərardadın mövcudlugundan bu yaxınlarda, daha dəqiq desə xx.xx.2025-ci il tarixdə elektron kabinetinə daxil olarkən bilmişdir və dərhal da elektron kabinet vasitəsilə şikayət göndərmişdir, lakin qeyd etdiyi kimi qərardaddan verdiyi şikayət müddətin bərpasına dair vəsatət olmadıgı üçün geri qaytarılmışdır. Ona görə də müddəti buraxmasa belə məcbur olub müddətin bərpasına dair vəsatətlə yenidən məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, mən qərardadı yazıldıgı kimi xx.xx.2025-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə aldığı yazılsa belə həmin vaxtı qərardadı almadığından və həmin qərardadın mövcudluğundan bu yaxınlarda, xx.xx.2025-ci ildə öz telefonuna «Sima rəqəmsal» proqramı yüklədikdən sonra «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinetinə daxil olduqdan sonra qərardad çıxarıldıgını bildiyindən şikayət vermə müddəti üzrlü səbəblərdən ötürülməklə buraxılmışdır. Lakin məhkəmə bu xüsusatlara, xüsusilə xx.xx.2025-ci il tarixədək onun elektron kabineti olmadığından və yalnız xx.xx.2025-ci il tarixdə öz telefonuna «Sima rəqəmsal» proqramı yüklədikdən sonra «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabineti yarandığından elektron kabinetə daxil olduqdan sonra qərardad çıxarıldığından məlumatı olmasına düzgün hüquqi qiymət verməmiş və əsassız olaraq işə baxaraq vəsatətin təmin edilməməsi barədə qərardad çıxartmışdır ki, qeyd olunan hallar qərardadın ləgv edilməsi üçün əsasdır. Texniki səbəbdən, yəni ona qəbzə imza etdirilib, amma qərar ona verilmədiyindən qərarla tanış ola bilmədiyinə görə, müddətin bərpası ədalətli hüquq müdafiəsi çərçivəsində zəruridir. Ona görə də hesab edir ki, qeyd olunan hallar qərardadın ləgv edilməsi üçün əsasdır. Tərtər Rayon Məhkəməsinin 21 iyul 2025-ci il tarixli 8(061)-26/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək 7 gün müddətində işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb aşağıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmçinin həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, Tələbkar 05 mart 2025-ci il tarixdə qəbzə imza etməklə Tərtər Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli 8(061)-26/2025 nömrəli qərardadının surətini rəsmi qaydada qəbul etmişdir. Nəzərə almaq lazımdır ki, MPM-nin 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin maddənin 5-ci bəndinə görə isə, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Beləliklə, müəyyən edilmişdir ki, Tələbkar xx.xx.2025-ci il tarixdə məhkəmə qərardadının surətini rəsmi qaydada qəbul etmişdir. O, 17 iyun 2025-ci il tarixdə, yəni qərardaddan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessul müddət bitdikdən sonra qərardaddan şikayət vermiş və müddətin buraxılması əsası ilə şikayət birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmışdır. Tələbkar 3 aydan artıq vaxt keçdikdən sonra, yəni 26 iyun 2025-ci il tarixdə qərardaddan şikayət və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən isə ərizə təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır və bununla bağlı aşağıdakıları qeyd edir. Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarı). Tələbkar şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin buraxılmasına səbəb kimi məhkəmə qərardadının surətinin ona rəsmi qaydada verilmədiyini göstərmişdir. Halbuki, yuxarıda da göstərildiyi kimi birinci instansiya məhkəməsinin qərardadı 05 mart 2025-ci il tarixdə cavabdeh Tələbkar rəsmi qaydada verilmişdir. Bununla belə, Tələbkar 04 mart 2025-ci il tarixdə keçirilmiş (qərardadın çıxarıldığı) məhkəmə iclasında da iştirak etmiş və qərardadın mövcudluğundan məlumatlı olmuşdur. Şərh edilənlərin yekunu olaraq məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, Tələbkar şikayət verilməsi üçün prosessual müddətin buraxılmasının üzrlü səbəbdən baş verməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 128-130, 133, 263-264, 398.0.1 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli 8(061)-26/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardadan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(104)-166/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-166/2025
12.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver