Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-18/2023 14.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə Naftalan Şəhər Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 8(052)-08/2022 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Naftalan Şəhər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 8(052)-07/2021 nömrəli qərardadı ilə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(022)- 779/2016 nömrəli, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(052)- 418/2016 nömrəli və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-2676/2017 nömrəli icra sənədləri üzrə borclu xx.xx.1989-cu il tarixdə, Naftalan şəhərində anadan olmuş, Naftalan şəhəri, İ.Məmmədov məhəlləsi, ev 16da qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədləri tam icra edənədək məhdudlaşdırılmışdır. xx.xx.2022-ci il tarixdə Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Naftalan Şəhər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 8(052)-07/2021 nömrəli qərardadının ləğv olunması, onun ölkədən giriş-çıxışının üzərindən məhdudiyyətlərin götürülməsi və təqdimatın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Naftalan Şəhər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 8(052)-08/2022 nömrəli qərardadı ilə Borclu ərizəsi təmin edilməmişdir. xx.xx.2022-ci il tarixdə borclu Bayramov X6 Şəhər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 8(052)-08/2022 nömrəli qərardadından şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsini və ölkədən giriş-çıxışın məhdudlaşdırılmasına dair təqdimatın təmin olunmaması barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Naftalan Şəhər Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 8(052)-08/2022 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Naftalan Şəhər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 8(052)-08/2022 nömrəli və 17 iyun 2021-ci il tarixli, 8(052)-07/2021 nömrəli qərardadları ləğv edilmiş, Naftalan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(022)-779/2016 nömrəli, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(052)-418/2016 nömrəli və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-2676/2017 nömrəli icra sənədləri üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı təmin olunmamışdır. Tələbkar ASC-nin nümayəndəsi X4 Şəhər Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 8(052)-08/2022 nömrəli qərardadından şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsi və Borclu şikayətinin təmin edilməməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Naftalan Şəhər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 8(052)-08/2022 nömrəli qərardadı ilə Tələbkar ASC-nin nümayəndəsi X11 tərəfindən verilmiş şikayət təmin edilmiş, Naftalan Şəhər Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 8(052)-08/2022 nömrəli qərardadı ləğv edilmiş, Naftalan Şəhər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 8(052)-07/2021 nömrəli qərardadının ləğv olunması, ölkədən giriş-çıxışının üzərindən məhdudiyyətlərin götürülməsi və təqdimatın təmin olunmaması barədə Borclu ərizəsi təmin edilməmişdir. Borclu Bayramov X6 Şəhər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 8(052)-08/2022 nömrəli qərardadından şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsi, ölkədən getmək hüququ üzərindən məhdudiyyətin götürülməsi və bunun üçün verilmiş təqdimatın təmin olunmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə gəldiyi nəticəni üç məhkəmə aktı əsasında verilən icra sənədləri ilə əsaslandırsada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-2676/2017 nömrəli icra sənədinin heç bir aidiyyatı yoxdur və həmin məhkəmə qətnaməsindən xəbərsizdir. Bundan əlavə, məhkəmə təqdimatın əsaslandırılıb-əsaslandırılmamasına qiymət vermədən təmin etmişdir. İcra məmuru icra sənədləri üzrə icra hərəkətlərinə başladıqdan sonra borcun ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulan digər hərəkətləri etmədən dərhal onun ölkədən getmək hüququnu məhdudlaşdırmaqla öz vəzifəsini yerinə yetirməyə çalışmışdır. Nəticədə onun konstitusion hüquqları, eləcədə “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri pozulmuşdur Məhkəmə də bu pozuntuları araşdırmadan səthi və formal qərardad çıxarmaqla icra məmurunun xidmətindəki nöqsanlara qiymət verməmişdir. Qanunvericiliyə görə icra məmuru icra sənədinin icrası ilə bağlı ardıcıllıqla borcun ödənilməsi üçün tədbirlər görməli, bu borcun ödənilməsi üçün kifayət etmədikdə digər tədbirləri həyata keçirməlidir. İcra məmuru yalnız ən sonda şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq barədə tədbir görməlidir. Lakin buna baxmayaraq icra məmuru bunu ilk tədbir kimi etmişdir. Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması yalnız üzrsüz səbəbdən ödənişdən yayındıqda həyata keçirilən son zərurət tədbiridir. Bu tədbiri ilk başdan etmək isə yolverilməzdir. İşə əlavə edilən tibb sənədlərindən göründüyü kimi barəsində bu tədbirin həyata keçirilməsi onun həyatı üçün çox ciddi risk təşkil edir. Müalicə olunması üçün ölkədən çıxmağı mütləqdir. Əgər buna hər hansısa yolla maneə yaradılarsa bu onun sağlamlığına ciddi zərər vura bilər. İcra məmuru təqdimatı əsaslandırmaq üçün heç bir əsaslı sübut təqdim etməmişdir. Əgər həqiqətən də icra məmuru tərəfindən sübutlar məhkəməyə təqdim edilmiş olsaydı, məhkəmə öz qərardadında bunu qeyd edər və həmin sübutlara istinad edərdi. İş materiallarında olan tibb sənədlər təsdiq edir ki, səhhətində olan problem onun ölkədən müalicə məqsədilə çıxışını zəruri edir. İşə əlavə edilmiş ödəniş qəbzindən də göründüyü kimi o, müştərək qaydada olan borcunun bir hissəsini yəni, 1770 manatını ödəmişdir. Hətta Biləsuvar Rayon Məhkəməsinin 2(022 )-779/2016 nömrəli icra işi üzrə tələbkar "xxxx" ASC-nin verdiyi 11 oktyabr 2022-ci il tarixli, 001/007/6075/2022 nömrəli məktub ilə ödənişdən yayınmadığı da tam təsdiq edilir. İşdə olan C.Abdullayev adına X1 15 sentyabr 2022-ci il tarixli, 723 №-li arayışından da görünür ki, ona səyrici, arteriya, tranzistor forma “arterial hipertoniya” İİİ dərəcə diaqnozu qoyulmuşdur. Bu xəstəliyin müalicə olunması üçün isə onun ölkə hüdudlarından xaricdə müalicə və əməliyyat olunmağı vacibdir. Naftalan Şəhər Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli 8(052)-08/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cü maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2. maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 43-cü maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Həmin Qanunun 44-cü maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1-43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinə görə, hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 4 saylı Protokolun 3-cü maddəsinə görə, bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyətlər qoyula bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Xlyustov Rusiya Federasiyasına qarşı” iş üzrə 11 iyul 2013-cü il tarixli Qərarında bir daha xatırlatmışdır ki, Konvensiyanın 4 nömrəli Protokolunun 2-ci maddəsi istənilən ölkədən istənilən şəxsin seçimi ilə hər hansı ölkəyə getmək hüququ daxil olmaqla, həmin şəxsin sərbəst hərəkət etmək hüququna təminat verir. Bu hüququ məhdudlaşdıran istənilən tədbir qanunla nəzərdə tutulmalıdır, bu maddənin 3-cü bəndində göstərilən bir və ya bir neçə qanuni məqsəd olmalıdır, demokratik cəmiyyət üçün zəruri olmalıdır (Avropa Məhkəməsinin “Roymando İtaliyaya qarşı” iş üzrə 22 fevral 1994-cü il tarixli qərarı). Avropa Məhkəməsi qeyd olunan qərarında həmçinin xatırlatmışdır ki, ödənilməmiş borclarla bağlı müəyyən edilən məhdudiyyətin mütənasibliyi ilə münasibətdə, məhdudiyyət yalnız borcların qaytarılmasına təminat verən məqsədlərə çatmağa köməklik göstərdiyindən əsaslı sayılır. Bundan əlavə, əgər sərbəst hərəkət hüququnu məhdudlaşdıran tədbir əvvəldən əsaslandırılmış olsa da, avtomatik olaraq uzun müddətə uzadılarsa, həmin tədbir qeyri-mütənasib olmaqla şəxsin hüquqlarını poza bilər. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1 maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Borclunun ölkədən getmək hüququ məhkəmə qərarı əsaslnda müvəqqəti məhdudlaşdırıldığından, həmin qərardaddan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 267-269-cu maddələrində nəzərdə tutulmuş qaydada şikayət verilə bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edir. Naftalan Şəhər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 8(052)-07/2021 nömrəli qərardadından müəyyən olunur ki, Biləsuvar Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli 2(022)-779/2016 saylı icra sənədi (məhkəmə əmri) üzrə X8, X9 və Borclu müştərək qaydada 5282,84 manat alınaraq "xxxx" ASC-yə verilməli, Naftalan Şəhər Məhkəməsinin 31 oktyabr 2016-cı il tarixli 2(052)-418/2016 nömrəli icra sənədi üzrə Borclu və qeyrilərindən müştərək qaydada cəmi 10550,99 ABŞ dolları alınaraq tələbkar “Nikoyl” İKB-yə verilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 aprel 2017-ci il tarixli 2(001)-2676/2017 nömrəli icra sənədi üzrə Borclu və X2 müştərək qaydada cəmi 9582,54 ABŞ dolları tutularaq “Nikoyl” İKB-yə verilməlidir. Göründüyü kimi hər üç icra sənədlri üzrə borcun müştərək qaydada tutulması qıət olunsada, lakin icra orqanı tərəfindən müvafiq tədbirlər görülməsinə baxmayaraq icra sənədləri üzrə borc ödənilməmişdir. Ona görə də kollegiya hesab edir ki, icra sənədləri üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti, yəni icra sənədləri tam icra edilənədək məhdudlaşdırmaqda birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Şikayətin dəlili qərardadın ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Naftalan Şəhər Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 8(052)-08/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 269 357, 398, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Naftalan Şəhər Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 8(052)-08/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(104)-18/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-18/2023
14.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver