Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-19/2025 10.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Mustafayev Mustafa Əli oğlundan ibarət tərkibdə, İcra sənədinin hissə-hissə icra edilməsi barədə borclu Əsgərova Aysun Rahib qızının ərizəsinə dair iş üzrə Gəncə Şəhər Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli 8(125)-13/2025 nömrəli qərardadından borclu Əsgərova Aysun Rahib qızı tərəfindən vеrilmiş şikаyətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Borclu Əsgərova Aysun Rahib qızı ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-3173/2023 nömrəli mülki iş üzrə 26 iyul 2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli 8(125)-13/2025 nömrəli (hakim F.Fərhadov) qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin 2(125)-3173/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə borclu Əsgərova Aysun Rahib qızının ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan borclu Əsgərova Aysun Rahib qızı şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin olunması barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli 8(125)-13/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikəyət baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli 8(125)-13/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1. maddəsinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presidentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 05 nömrəli qərarının 6-cı bəndinin 5-ci abzasında qeyd olunur ki, “.İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi ilə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Yuxarıda da qeyd olunduğu kimi Gəncə Şəhər Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(125)-3173/2023 nömrəli qətnaməsi ilə cavabdeh Əsgərova Aysun Rahib qızından 13000 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 110 manat və ödənilmiş dövlət rüsumuna görə 129 manat alınaraq iddiaçı Tələbkar verilməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 mart 2024-cü il tarixli (104)-528/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 2(125)-3173/2023 saylı mülki iş üzrə 26 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən kassasiya şikayəti verilsədə, lakin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2024cü il tarixli 2(102)-3142/2024 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 mart 2024-cü il tarixli, 2(104)-528/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini aldığından icraya yönəldilmişdir. İcra sənədi üzrə borclu Aysun Əsgərova borcu birdəfəyə ödəməyə maddi imkanı olmadığını əsas gətirərək qətnamənin hissə-hissə icra olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsidə ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2. və 15.3. maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Qətnamənin hissə hissə icra olunması qanunvericilikdə nəzərdə tutulsada, lakin hissə-hissə icra o zaman yolverilən olardı ki, borclunun təklif etdiyi aylıq ödənişin məbləği, tələbkarın mənafelərinə zərər vurmadan qətnamənin icrasını təmin etmiş olsun. İcra sənədi üzrə borclu Aygün Yusubova ərizədə hər ay hissə-hissə ödəmək niyyətində olduğu məbləği göstərməsədə, lakin sonradan ərizə verərək göstərmişdir ki, hər ay 500 manat olmaqla qətnaməni hissə-hissə icra edə bilər. Lakin buna baxmayaraq tələbkar bununla razılaşmamışdır. Kollegiya da hesab edir ki, qətnamənin hər ay 500 manat olmaqla hissə-hissə icrası iki ildən artıq müddəti əhatə edər və bu halda məhkəmənin qətnaməsi tələbkar üçün əhəmiyyətini itirmiş olar və buda özlüyündə tələbkarın hüquqlarının səmərəsiz müdafiəsinə gətirib çıxarır. Ona görə də kollegiya hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlar əsasən məhkəmə kollegiyası hesab edir ki, şikаyət əsassız olduğundan təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli 8(125)-13/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 398 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Q Ə R А R А А L D İ: Borclu Əsgərova Aysun Rahib qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli 8(125)-13/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(104)-19/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-19/2025
10.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver