Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-191/2025 26.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası – hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Gədəbəy Rayon Məhkəməsinin 8(042)-124/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: X2 ərizə ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2014-cü il tarixdə doğulmuş X9 və xx.xx.2017-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin hər ay hər uşağa görə 250 manat, iki uşağa görə 500 manat sabit pul məbləği həddində indeksasiya edilməsini xahiş etmişdir. X2 ərizəni onun əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 2013-cü ildə ailə qurmuşlar. Birgə ailə müanasibətlərindən xx.xx.2014-cü il tarixdə X9 və xx.xx.2017-ci il tarixdə X10 doğulmuşlar. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 110 manat alimentin Maraqlı şəxs alınaraq, ona verilməsi qət edilmişdir. Hazırda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunması zərurəti yaranmışdır. Ona görə də ərizəsinin təmin edilməsini xahiş edir. Gədəbəy Rayon Məhkəməsinin 8(042)-124/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, xx.xx.2012-ci il tarixdə doğulmuş X11 və xx.xx.2016ci il tarixdə doğulmuş X1 üçün Maraqlı şəxs sonrakı artırılmalar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin 0.625 misli həddində aliment alınaraq, X6 verilməsi qərara alınmışdır. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(042)-124/2025 saylı qərardadı ilə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)-124/2025 saylı qərardadında yol verilmiş yanlışlıq düzəldilmiş və qətnamənin nəticə hissəsinin ikinci abzasında qeyd edilmiş xx.xx.2012-ci il tarixdə doğulmuş X11 və xx.xx.2016-ci il tarixdə doğulmuş X7 cümləsi xx.xx.2014-ci il tarixdə doğulmuş X9 və xx.xx.2017-ci il tarixdə doğlmuş X3 oxunması qərara alınmışdır. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)-124/2025 saylı qərardadından borclu Maraqlı şəxs şikayət verərək, qərardadın ləğv edilməsi və aylıq gəlirinin 1/3 hissədə aliment kəsilməsini təmin edilməsi və ya əks təqdirdə baxılması üçün Gəncə Apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu 85 faiz orqanizmin funksiyaları pozulmaqla müddətsiz birinci qrup əlildir. Xəstəliyi ilə əlaqədar heç bir yerdə işləmir. 550 manat pensiya alır ki, həmin pul da onun müalicələrinə gedir. Başqa heç bir gəlir yeri yoxdur. Hazırda ölkə üzrə minumum əmək haqqı 400 manat olsa da, o, tələbkara minimum əmək haqqından da artıq 500 manat aliment ödəməlidir. Buna isə onun maddi imkanı yoxdur. Gədəbəy Rayon Məhkəməsinin 8(042)-124/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, tərəflər izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri ilə əlaqəli şəkildə tam və obyektiv araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2014-cü il tarixdə doğulmuş X9 və xx.xx.2017-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxılanılması üçün 110 manat, iki uşaq üçün 220 manat alimentin Maraqlı şəxs alınaraq, X6 verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyətini, uşağın böyüdükcə artan tələbatlarını, həmin tələbatların qarşılanmasında borclu şəxsin bir valideyn kimi iştirak vəzifəsini, 2025-ci il ölkə üzrə minimum əməkhaqqının 400 manat məbləğində müəyyən edilməsini və hazırda qüvvədə olan qətnamə ilə tutulan alimentin miqdarının 2017-ci il üzrə müəyyən edilməsini və onun həmin il üçün müəyyən edilmiş minimum əməkhaqqı məbləğinin 0.948 misli miqdarında təşkil etməsini nəzərə almaqla, hesab edir ki, borclu Maraqlı şəxs sonrakı artırılmalar nəzərə alınmaqla hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin 0.625 misli həddində aliment alınaraq, X6 verilməsi ədalətli və ağlabatandır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 8.4-1-ci yarımbəndinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2-ci yarımbəndinə əsasən, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarına 20 dekabr 2024-cü ildə edilmiş dəyişikliyə əsasən 8.4-cü bəndinə yuxarıda qeyd olunan 8.4-2 və 8- 4.3-cü yarımbəndləri əlavə edilmişdir. Həmin yarımbəndlərin tələbinə görə...qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi 2017-ci ildə ölkə üzrə minimum aylıq əmək haqqının 116 manat olmasını və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il tarixdə doğulmuş X9 və xx.xx.2017-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxılanılması üçün 110 manat, iki uşaq üçün 220 manat alimentin tutulmasını və Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləğinin 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edildiyini nəzərə alaraq, bir uşaq üçün minimum əmək haqqının 0.625 misli həddində müəyyən etdiyindən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Ərizəçi məhkəməyə ərizə verərək alimentin miqdarının bir uşaq üçün 250 manata artırılmasını xahiş etmişdir. Minimum aylıq əmək haqqının məbləğinin 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edildiyindən, misli həddində indeksasiya edilərkən bir uşaq üçün minimum əmək haqqının 0.625 misli müəyyən edilmişdir. Borclunun xəstə olması, əlillik dərəcəsinin olması və maddi durumunun aşağı olması barədə şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar. Hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Valideynlərin uşaqlarını saxlamağa borcludurlar. Əgər uşaqlar ananın himayəsində olarsa, onların qayğısının çəkilməsinin ananın üzərinə düşdüyündən, atanın da, aliment öhdəliyi yaranır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Gədəbəy Rayon Məhkəməsinin 8(042)-124/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı işin hallarına uyğun və hərtərəfli araşdırılmaqla qəbul edilmişdir. Qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. Ona görə də, məhkəmə kollegiyası həmin qərardadın borclu şəxsin şikayəti əsasında ləğv edilməsi üçün əsas görmür və qərardadın dəyişdirilmədən saxlanılmalı olması nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 8(042)-124/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(104)-191/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-191/2025
26.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver