Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-204/2025 20.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - X3 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Alimentin indeksasiyasına dair Şəmkir Rayon Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 8(076)-574/2025 nömrəli qərardadından Borclu nümayəndəsi (anası) Nümayəndə tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı məhkəmə icraatında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Ərizəçi (tələbkar) Tələbkar Borclu qarşı alimentin indeksasiyası barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəçi (tələbkar) ərizəsini onunla əsaslandırmışdır ki, əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015–ci il tarixli qətnaməsi ilə 22 iyul 2014–cü il təvəllüdlü Aylin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Lakin hazırda həmin məbləğ azyaşlı uşağı saxlamaq üçün yetərli deyildir. Belə ki, onun kifayət qədər gəliri və qazancı yoxdur. Hesab edir ki, əvvəllər təyin edilmiş alimentin məbləği indeksasiya yolu ilə artırılmalıdır. Odur ki, 22 iyul 2014–cü il təvəllüdlü Aylin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015–ci il tarixli 2(076)–5074/2015 saylı qətnaməsi ilə təyin edilmiş hər ay 100 manat məbləğində alimentin indeksasiyası barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 8(076)-574/2025 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, xx.xx.2025–ci il tarixdən başlayaraq, 22 iyul 2014–cü il tarixdə doğulmuş Aylin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015–ci il tarixli 2(076)–5074/2015 saylı qətnaməsi ilə təyin edilmiş hər ay 100 manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində indeksasiya olunması qərara alınmışdır. Həmin qərardaddan Borclu nümayəndəsi (anası) Nümayəndə şikayət verərək, şikayətinin təmin olunmasını, Şəmkir Rayon Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli 8(076)-574/2025 saylı qərardadının ləğv edilməsini, işə yenidən mahiyyəti üzrə baxılıb tələbkarın ərizəsinin rədd edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 28 dekabr 2015-ci iltarixli qətnaməsi ilə 22 iyul 2014-cü il təvəllüdlü Aylin adlı uşağının saxlanması üçün tələbkara hər ay 100 (yüz) manat aliment ödəyir. O, həmin alimenti çətinliklə ödəyir. Belə ki, hazırda himayəsində yaşlı anası və ikinci evliliyindən övladı vardır. Ailədə yeganə qazanc gətirən şəxs odur. Tələbkar isə alimentin artırılması ilə bağlı Şəmkir Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə isə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.95 (380-üç yüz səksən manat) misli qədər alimenti indeksasiya etmişdir. O, həmin qərarla razı deyil və ləğv edilməsini istəyir. Belə ki ərizə verən şəxs onun həyatının yaxşıya doğruya dəyişməsi barədə heç bir mötəbər sübut təqdim etmədən qərəzli şəkildə məhkəməyə hazırkı ərizə ilə müraciət etmişdir. Məhkəmə isə heç bir sübut tələb etmədən işi hərtərəfli araşdırmadan ərizəçinin ərizəsini təmin etmişdir. Ona görə də həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, 8(076)-574/2025 nömrəli qərardadı ilə Borclu nümayəndəsi (anası) Nümayəndə Şəmkir Rayon Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 8(076)- 574/2025 saylı qərardadının ləğv edilməsinə dair verdiyi şikayətin təmin edilməməsi və qərardaddan verilmiş şikayət işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 8(076)-574/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. İş materialları ilə müəyyən olunur ki, tərəflərin birgə nikahdan 22 iyul 2014–cü il təvəllüdlü Aylin adlı bir uşaqları vardır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015–ci il tarixli 2(076)–5074/2015 saylı qətnaməsi ilə 22 iyul 2014–cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu hər ay uşağa görə 100 manat məbləğində alimentin Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən tutulan alimentin miqdarı indeksasiya olunaraq, yetkinlik yaşına çatmayan 22 iyul 2014–cü il təvəllüdlü Aylin adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu xx.xx.2025–ci il tarixindən başlayaraq Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində olmaqla aliment tutulması müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və tələbkarın şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, alimentlə bağlı Şəmkir Rayon Məhkəməsinin 28 dekabr 2015-ci il tarixdə qəbul edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2015–ci il tarixdə ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 105 manat müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Hazırki iş üzrə 2015-ci ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən alimentin indeksasiyası zamanı 2015-ci ildə 100 manat sabit pul məbləğində alimentin tutulmasını və 2025–ci ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş bir uşaq üçün alimentin miqdarının 2015-ci il üzrə müəyyən edilmiş 105 manat məbləğində minimum əmək haqqının 0,95 mislini (100:105=0,95) təşkil etdiyini nəzərə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 232-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Qanunvericilik nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası vətəndaşların pul gəlirləri və əmanətlərinin deyil, məhkəmə qətnaməsinin icra edilmədiyi və ya gec icra edildiyi dövrdə tutulmalı pul məbləğinin indeksasiyasını nəzərdə tutur. Bununla da qanunverici borclunun icradan yayınması nəticəsində tələbkara ödənilməli pul məbləğinin istehlak qiymətlərinin artımı ilə bağlı itirilmiş alıcılıq qabiliyyətinin bərpası istiqamətində bir mexanizm nəzərdə tutmuşdur ki, pul məbləğlərinin indeksasiyası barədə ərizələrə baxılarkən istehlak qiymətlərinin indeksinin artımına görə indeksləşdirmə aparılsın. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli № 15 Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli № 15 Qərardakı hüquqi mövqeyinə görə, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün Bdən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir) (Qərarın 8.4-1-ci bəndi). Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir) (Qərarın 8.4-2-ci bəndi). Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2015-ci il üçün 105 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 2015-ci ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 100 manat sabit pul məbləğində aliment müəyyən edildiyindən və bu məbləğdə aliment miqdarı həmin il ölkə üzrə müəyyən edilmiş 105 manat məbləğdə minimum əmək haqqının 0,95 mislini təşkil etdiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq 22 iyul 2014–cü il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində sabit pul məbləğində alimentin Tələbkar xeyrinə tutulması qənaətinə gəlmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 110, 232 və 402.2-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəmkir Rayon Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 8(076)-574/2025 nömrəli qərardadından Borclu nümayəndəsi (anası) Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 8(076)-574/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(104)-204/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-204/2025
20.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver