Məhkəmə qərarları › İş №8(104)-21/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-21/2023

17.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-21/2023 17.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Gəncə şəhər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 8(125)-652/2022 saylı qərardadından Borclu1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyənetdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Borclu1 adına qeydə alınan Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, ev 242, mənzil 32 nömrəli fərdi yaşayış evinin üzərinə həbs qoyulmasına və tələbkara məcburi saxlanca verilməklə hərraca yönəldilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 8(125)-652/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Borclu şikayət verərək qərardadın ləğv edilməsini və təqdimatın rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu tərəfindən edilmiş ödənişlər nəzərə alınmadan əmlakı üzərinə həbs qoyulmuşdur. İcra vərəqi üzrə tutma əmək haqqına yönəldilə bilərdi. Gəncə şəhər Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 8(125)-652/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməli, Gəncə şəhər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 8(125)-652/2022 saylı qərardadı ləğv edilməli, icra məmurunun təqdimatı təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İlk növbədə məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43.1.1-ci maddəsində borclunun əmlakı üzərinə həbs qoymaq və satmaq yolu ilə əmlaka yönəldilməsi məcburi icra tədbiri kimi nəzərdə tutulmuşdur. ”İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45-ci maddəsində tələbin borclunun əmlakına yönəldilməsi qaydaları müəyyən olunur. Həmin maddənin göstərişinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. İcra sənədi üzrə ilk növbədə borclunun manatla və ya xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin qanunun 50.2-ci maddəsində göstərilir ki, Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra məmurunun təqdimatının hüquqi əsasını təşkil edən “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Kollegiya hesab edir ki, borclu tərəfindən məhkəmə qətnaməsinin icrası könüllü təmin edilmədiyi üçün icra məmurunun hazırki təqdimatla məhkəməyə müraciət etməsinə zərurət yaranmışdır. Lakin təqdimatın təmin edilməsi üçün əsaslar olmamışdır. Çünki tələb olunan borc məbləği ilə üzərinə həbs qoyulması tələb edilən mənzilin məbləği mütənasiblik təşkil etmir, mənzil üzərinə həbs qoyulması barədə təqdimat həbs qoymanın məqsədlərinə adekvat deyildir. Lakin işə baxan məhkəmə tərəfindən təqdimat təmin edilərkən işin bu halı nəzərə alınmamışdır. Məhkəmə əsassız olaraq təqdimatı təmin etmişdir. Belə ki, Gəncə şəhər Məhkəməsinin 2(044)-1871/2021 06 sentyabr 2021-ci il tarixli icra vərəqəsi əsasında Borclu1 vurulmuş maddi ziyanın əvəzi kimi 5815 manat məbləğində, mənəvi ziyanın əvəzi kimi 1500 manat məbləğində, hüquqi yardıma görə ödənilmiş 210 manat məbləğində və dövlət rüsumu olaraq 30.40 manat məbləğində pulun Tələbkar1 xeyrinə ödənilməsi qərara alınmışdır. Aparılmış icra tədbirləri nəticəsində borlcu Borclu1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 242 saylı evin 32 saylı mənzili aşkar edilmiş, icra məmuru tərəfindən həmin əmlakın üzərinə həbs qoyulması barədə məhkəməyə təqdimatla müraciət edilmişdir. İş materialları ilə həmçinin müəyyən edilir ki, Borclu1 tərəfindən xx.xx.2022-ci il tarixdə 1000 (bir min) manat, xx.xx.2022-ci il tarixdə 1000 (bir min) manat, 1500 (bir min beş yüz) manat, ümumilikdə 3500 (üç min beş yüz) manat məbləğində Tələbkar1 xeyrinə bank vasitəsilə ödənişlər edilmişdir. Lakin, işə baxan məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə almadan təqdimatı təmin etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Yuxarıda sadalananlara əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli, icra məmuru tərəfindən verilmiş təqdimat təmin edilməməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 398.0.3, 399 və 402-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şikayət təmin edilsin. Gəncə şəhər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 8(125)-652/2022 saylı qərardad ləğv edilsin. Borclu1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, ev 242, mənzil 32 nömrəli fərdi yaşayış evinin üzərinə həbs qoyulması və tələbkara məcburi saxlanca verilməklə hərraca yönəldilməsi barədə icra məmuru tərəfindən verilmiş təqdimat təmin edilməsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar