Məhkəmə qərarları › İş №8(104)-21/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-21/2025

17.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-21/2025 17.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X3 ibarət tərkibdə, X1 Qazax rayon icra və probasiya şöbəsinin 08 avqust 2024-cü il tarixli icraata başlamaq haqqında və 16 dekabr 2024-cü il tarixli tərəfin vərəsə və ya hüquqi varisi ilə əvəz edilməsi haqqında qərarların ləğv edilməsi barədə şikayətinə dair iş üzrə Qazax Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli 8(023)-02/2025 nömrəli qərardadından X4 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X4 Qazax Rayon Məhkəməsinə müraciət edərək, Qazax rayon icra və probasiya şöbəsinin 08 avqust 2024-cü il tarixli icraata başlamaq haqqında və 16 dekabr 2024-cü il tarixli tərəfin vərəsə və ya hüquqi varisi ilə əvəz edilməsi haqqında qərarların ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli 8(023)-02/2025 nömrəli (hakim E.Mansırov) qərardadı ilə Qazax rayon rayon icra və probasiya şöbəsinin icra məmuru X6 08 avqust 2024-cü il tarixli “icraata başlamaq haqqında” və 16 dekabr 2024cü il tarixli “tərəfin vərəsə və ya hüquq varisi ilə əvəz edilməsi” haqqında qərarlarından X4 tərəfindən verilən şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan X4 şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli 8(023)-02/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət əsassiz olduğundan təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Həmin Qanunun 31-ci maddəsinə əsasən, icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Qazax Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(023)-101/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, X11 ilə X14 arasında Qazax Rayon Notariat Ofisində bağlanmış 22 oktyabr 2019-cu il tarixli 4Ə-884 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin bağlandığı andan ləğv edilməsi; Qazax Rayon Notariat Ofisində bağlanmış 22 oktyabr 2019-cu il tarixli 4Ə-884 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin nəticələrinin ləğv edilməsi, Qazax Rayon Notariat Ofisində bağlanmış 22 oktyabr 2019cu il tarixli 4Ə-884 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında cavabdeh X8 adına Qazax şəhəri, Əhməd Seyidov küçəsi 4, sahə 1B-də yerləşən 0,024 hektar torpaq sahəsinə dair verilmiş 13 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdeh X5 şəhəri, Əhməd Seyidov küçəsi 4, sahə 1B-də yerləşən 0.024 hektar torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması və X7 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat tutularaq X9 verilməsi qət edilmişdir. Qətanmə qanuni qüvvəsini almış və icra olunması üçün Qazax rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Qazax rayon icra və probasiya şöbəsinin 08 avqust 2024-cü il tarixli qərarı ilə Qazax Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(023)-101/2023 nömrəli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. 25 iyun 2024-cü il tarixdə X11 vəfat etdiyindən 27 noyabr 2024-cü il tarixdə vərəsəlik işi açılmış, X12, X15, X10 vərəsə tanınmış və bu barədə onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X2 öldüyü üçün Qazax rayon icra və probasiya şöbəsinin 16 dekabr 2024-cü il tarixli qərarı ilə vərəsələri X12, X15 və X10 ilə əvəz edilmişdir. Yuxarıda da qeyd olunduğu kimi icra sənədi üzrə X4 Qazax rayon icra və probasiya şöbəsinin 08 avqust 2024-cü il tarixli icraata başlamaq haqqında və 16 dekabr 2024-cü il tarixli tərəfin vərəsə və ya hüquqi varisi ilə əvəz edilməsi haqqında qərarlarından şikayət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, icraata başlanılan anda artıq tələbkar ölmüşdür, ona görədə icra sənədi üzrə icraata xitam verilməliydi. Birinci instasniya məhkəməsi şikayəti təmin etməmişdir. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, icra saənədi üzrə icraata xitam verilməsinin əsasları “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1 maddəsində göstərilmişdir ki, məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Göründüyü kimi, hazırkı icra sənədinin icraatına xitam verilməsi üçün qanunvericilikdə göstərilən hallardan hər hansı biri mövcud deyil. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Qazax rayon icra və probasiya şöbəsinin 08 avqust 2024-cü il tarixli icraata başlamaq haqqında və 16 dekabr 2024-cü il tarixli tərəfin vərəsə və ya hüquqi varisi ilə əvəz edilməsi haqqında qərarlar “İcra haqqında” Qanunun tələblərinə uyğun qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Qazax Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli 8(023)-02/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli 8(023)-02/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar